Siyasət

"Azərbaycanla Gürcüstanın münasibətləri nümunəvidir"

23 Oktyabr 2020 15:37
Baxış: 762

Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində regional əməkdaşlığın inkişaf etdirilməsi kontekstində Azərbaycanla Gürcüstan arasında əlaqələri yüksək qiymətləndirməsi iki dövlət arasındakı strateji münasibətlərin, qarşılıqlı faydalı əməkdaşlığın yaxın qonşu olan xalqlarının firavan həyatı, xoşbəxt gələcəyi üçün nə mühüm əhəmiyyətə malik olduğunun göstəricisidir.

Bunu Milli.Az-a siyasi ekspert Elçin Mirzəbəyli deyib.

"Azərbaycanla Gürcüstanın münasibətləri, qənaətimə görə müasir dövrün reallıqları müstəvisindən dəyərləndirildikdə, nümunəvi, bəlkə də həsəd aparılası münasibətlərdir. Hətta Avropa İttifaqı kimi vahid bir iqtisadi-siyasi məkanda təmsil olunan qonşu ölkələrin arasında belə Azərbaycan-Gürcüstan münasibətlərinin analoqu ilə qarşılaşmaq mümkün deyil. Doğrudur, Azərbaycan və Gürcü xalqlarını birləşdirən tarixi amillər, ortaq dəyərlər, xüsusiyyətlər var. Amma daha öncə də qeyd etdiyim kimi, çağdaş dünyanın sərt, bəzən isə amansız reallıqları çərçivəsindən yanaşdıqda, bir-birinin strateji seçimlərinə bu qədər həssas yanaşan, bütün mübahisəli məsələləri diaoloq yolu ilə həll eyməyi bacaran, həm də əsasən fərqli milli və dini dəyərlərin daşıyıcısı olan xalqların yaşadığı dövlətlərdə qarşılaşmaq çox çətindir, bəlkə də mümkün deyil", - o vurğulayıb.

"Azərbaycan-Gürcüstan əməkdaşlığı həm də regionun, subregionun və daha geniş ərazilərin inkişafını üçün strateji önəm daşıyan enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa (Qərb İxrac Boru Kəməri), TANAP kimi enerji layihələri, Şərq-Qərb nəqliyyat dəhlizinuin əsas elementlərindən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın Gürcüstan və təbii ki, Türkiyə ilə birgə əməkdaşlığının qlobal geoiqtisadi nəticələr doğuran, enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyasında mühüm rol oynayan nümunələridir

Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri - ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairi əhatə edir.

Gürcüstan Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan Gürcüstanda iki ən böyük investordan və vergi ödəyicisindən biridir", - ekspert deyib.

E.Mirzəbəyli qeyd edib ki, indiyədək Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 mln. dollar, Azərbaycan isə Gürcüstana 3.2 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 700-dən çox Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət də Azərbaycan Dövlət Neft Şirkətidir.

"2017-ci ildə "SOCAR Energy Georgia" şirkətinin Gürcüstan büdcəsinə 120 milyon, 2018-ci ildə 144 milyon, 2019-cu ildə 150 milyon vergi ödəyib, 2020-ci ildə bu rəqəm ən azı ötənilki ilə eyni olacaq. Ümumi hesablamalara görə, "SOCAR Group"a daxil olan şirkətlərin fəaliyyətə başladığı gündən Gürcüstan büdcəsinə ödəyəcəyi vergilərin həcmi bu ilin sonuna 1,5 milyard dolları ötəcək.

Azərbaycan Gürcüstanda bir çox humanitar və sosial layihələr reallaşdırır. Təkcə SOCAR Gürcüstanda sosial layihələrin reallaşdırılmasına 100 milyon dollara yaxın sərmayə yatırıb. Bu müddət ərzində Gürcüstanda xeyli sayda yeni məktəblər tikilib, bəziləri əsaslı təmir olunub, mədəniyyət ocaqları, uşaq bağçaları, idman kompleksləri inşa olunaraq insanların istifadəsinə verilib. Bu işlər təkcə azərbaycanlılar yaşayan bölgələrdə deyil, Gürcüstanın bütün bölgələrində həyata keçirilib.

Ötən illər arasında iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən 100-dən artıq hüquqi-normativ sənəd imzalanıb.  

Gürcüstanın hazırkı hakimiyyəti də öz növbəsində Azərbaycana qarşı strateji tərəfdaşlıq, qonşuluq və dostluq münasibətlərinə sadiqlik nümayiş etdirir və bu münasibətlərin inkişafına əməli töhfələr verir", - ekspert vurğulayıb.

Aslan Məmmədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.