Siyasət

Rusiyanın Qarabağ planı nədir? – Putinin çıxışındakı mesajlar

23 Oktyabr 2020 11:14
Baxış: 10 035

Rusiya Federasiyasının prezidenti Vladimir Putin sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayan gündən bəri ilk dəfə proseslər barədə konseptual çıxış etdi.

V.Putinin bəyanatları Cənubi Qafqazda güc nisbətinin dəyişdiyinə, Rusiyanın da yeni geosiyasi reallıqlar müstəvisində kənar oyunçu statusu ilə əsla kifayətlənməyərək Azərbaycanla Ermənistana təsir imkanlarını əldən verməməyə çalışacağını göstərdi.

"Valday" Diskussiya Klubunun toplantısında V.Putin bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın fəal iştirakına bel bağlayır.

"Azərbaycan və Ermənistanın xarici işlər nazirləri növbəti dəfə yanımıza, Moskvaya gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmahəng davranacaqlar, nizamlanmaya yardım edəcəklər. Yaxşıya ümid edək",  - V.Putin deyib.

RF prezidenti deyib: "Bizim üçün bu, xüsusi vəziyyətdir. 1992-ci ildə yaradılmış qrupun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür. Mən 100 faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi heç kim bunda maraqlı deyil", - Vladimir Putin vurğulayıb.

O, daha sonra bildirib: "Bu münaqişə, sadəcə, bir dövlətlərarası münaqişə və ya ərazilər uğrunda mübarizə kimi yox, etnik zəmində qarşıdurma ilə başladı. Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirildiyi şərait əbədi davam edə bilməzdi".

Rusiya prezidenti daha sonra deyib: "Elə mövqe tutmuşuq ki, həm Azərbaycanın, həm Ermənistanın etimadından yararlana bilək.

Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya qədər kimsə maraqlı deyil. Bizdə olan məlumatlara görə, indiki gərginləşmənin başlanmasından bəri hər iki tərəfdən təqribən 5 min nəfər həlak olub.

Bizim üçün Ermənistan da, Azərbaycan da bərabər tərəfdaşlardır, hər ikisi ilə tammənalı münasibətlər qurmaq istəyirik.

Yalnız Ermənistan yox, Azərbaycanla da daim xüsusi əlaqələrimiz olub. Qarabağlı bağlı kompromis həll tapmağı çox istərdik. Gündə bir neçə dəfə Paşinyanla danışıram".

RF prezidenti, sadəcə, region yox, dünya miqyasında geosiyasi proseslərə birbaşa müdaxilə edən, bəzi proseslərin məcrasını dəyişən, bəzilərinin isə qarşısını alan siyasətçi, dövlət başçısıdır.

Vladimir Putinin Qarabağ münaqişəsi ilə bağlı dediklərini heç bir halda Azərbaycana və ya Ermənistana dəstək qismində qəbul etmək olmaz.

O, həmişəki kimi, eyhamlarla, qapalı messiclərlə danışıb və sözlərini ünvanlara çatdırmağı bacarıb.

Rusiyanın dövlət başçısının erməniləri dəstəkləməsi, hətta Ermənistana hərbi-siyasi və texniki-iqtisadi yardımlar göstərəcəyi ilə bağlı Ermənistan mediasında, habelə Rusiyada ermənilərin kontrolundakı mediaresurslarda "Putin beləcə, Qarabağ münaqişəsinin kontekstini anladığını nümayiş etdirdi və Azərbaycana yerini göstərdi" tipli şərhlər yayılır.

Ermənilər həmişə olduğu kimi, obyektlə subyekti qarışdırırlar, məsələnin kontekstini tam yanlış, daha doğrusu baş-ayaq təqdim edirlər.

Putin əslində nə dedi?

1. Azərbaycan Ordusunun Qarabağda apardığı döyüşlərə Rusiya heç bir halda aşkar müdaxilə etməyəcək. Ermənistana dəstək, təbii ki, olacaq. Çünki Rusiya Azərbaycanın Ermənistanı fəlakətli şəkildə məğlub etməsini istəmir.

Məsələn, son günlər Dağlıq Qarabağdakı separatçılara və Qarabağdakı Ermənistan hərbi hissələrinə hava hədəfləri ilə mübarizə aparmaq üçün zenit-raket komplekslərinin "hədiyyə" olunduğu iddia edilir.

2. Azərbaycan Ordusunun əməliyyatlarının qarabağlı ermənilər üçün fəlakətli sonuclarını görən Rusiya aktivləşmək niyyətində deyil. Qarabağlı ermənilər Putin üçün oyun kartıdır və o, asanlıqla "karabaxtsi"ləri Rusiyanın geosiyasi maraqlarına, habelə bölgədəki strateji hədəflərinə qurban verə bilər.

3. ATƏT-in Minsk Qrupunun mövcud formatını olduğu kimi saxlamağa çalışan Putin bu minvalla Türkiyənin aktivləşməsini qıcıqla qarşıladığını gizlətmir. O, 28 ildə Rusiyanın etmədiyini guya indi edəcəyini vəd edir.

Tamam, gözləyək, görək. Amma istənilən halda Bakı müstəqil və suveren xarici siyasət yürütməklə yanaşı, bölgədə strateji aktor rolunu oynayan İran və Rusiya ilə münasibətlərini gərginləşdirməməyə çalışacaq. Tam əksinə, həmin münasibətlər daha da inkişaf etdirilməlidir.

4. Putinin ABŞ-a ünvanladığı çağırış və "ümid izharı", əslində, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlarda ABŞ-ın indiyədək nümayiş etdirdiyi ətalətli mövqenin konstatasiyasıdır.

Vaşinqton münaqişənin həllini istəsə də, çözüm variantlarını reallaşdıra bilməyib.

İndisə Birləşmiş Ştatlarda prezident seçkiləri yaxınlaşdığından Kapitoli təpəsindəki siyasətçilərin başı ölkədaxili siyasi proseslərə qarışıb. Bu səbəbdən ABŞ-ın nizamlanma prosesindəki iştirakı nəzarət və vasitəçilik səviyyəsindən keçməyəcək.

5. Qarabağ savaşının Azərbaycanın qələbəsi ilə bitməsi Rusiyanın maraqları baxımından dualistikadır.

Belə ki, ərazilərimizdən son erməni işğalçı qovulandan sonra Rusiya aktiv davranarsa, İran və Türkiyənin pressinqini dezavuasiya edə bilər.

Bunun üçün Moskva-Bakı əlaqələri strateji tərəfdaşlığın real təzahürü olmalıdır, Kreml Ermənistana reverenslarına son qoymalıdır. Çünki Cənubi Qafqazda siyasi, geosiyasi, hərbi, iqtisadi və s. baxımdan real lider mövqe Azərbaycan məxsusdur. Ölkəmiz Rusiya ilə münasibətlərə çox yüksək dəyər verir və əlaqələrin hərtərəfli, ən geniş miqyasda inkişafında maraqlıdır.

Ermənistanla sıx əlaqələrin Rusiya üçün yaxın perspektivdə heç bir uğuru yoxdur, çünki İrəvandakı hakim rejim aqressiv, isterik və işğalçı siyasət yürüdür.

Moskva bunu anlayır, görür.

Ümid edirik ki, lazımi nəticələr çıxarır və strateji planlarını da bunun əsasında qurur.

Elçin Alıoğlu
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.