Siyasət

Nüfuzlu Malayziya qəzeti: Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanlarıdır

18 Oktyabr 2020 10:44
Baxış: 587

Təkcə Malayziyada deyil, Cənub-Şərqi Asiya regionunda ən tanınmış nəşrlərdən olan "New Straits Times" qəzeti oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə qarşı törətdiyi ballistik raket hücumu ilə əlaqədar məqalə dərc edib.

Azərbaycanın Malayziyadakı Səfirliyindən Milli.Az-a verilən məlumata görə, "Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanlarıdır" başlıqlı məqalədə hücum nəticəsində meydana gəlmiş dağıntılardan fotoşəkilin müşayiətilə Azərbaycan Xarici İşlər Nazirliyinin 17 oktyabr tarixli bəyanatına yer verilib.

Həmçinin, bu ilin sentyabr ayının 27-dən başlayaraq Ermənistanın ölkəmizə qarşı davam etdirdiyi hərbi təcavüzkarlığa işarə edilərək, qısa müddət ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum aktı həyata keçirdiyi, hücum aktının böyük sayda mülki insanların itkisinə, 40-dan çox insanın ciddi yaralanmasına səbəb olduğu nəzərə çatdırılıb.

Qeyd edilib ki, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququn, eləcə də elan olunmuş humanitar atəşkəsin tələblərini kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Bu səpkidə Ermənistan rəhbərliyinin bu cinayətə görə tam məsuliyyət daşıdığı vurğulanıb.

Məqalənin sonunda bildirilib: "Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin ediləcəkdir".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.