Siyasət

"Türk ittifaqı dünyaya, regiona, bölgəyə çox böyük töhfə verən güc mərkəzi olacaq"

15 Sentyabr 2020 14:08
Baxış: 468

Ümumiyyətlə, Türk ittifaqı ideyası həm Azərbaycanda, həm də Türkiyədə cəmiyyətlərin bir-birinə bağlılığı fonunda mövcud olub. Türk ittifaqını biz daha böyük formatda, çərçivədə təsəvvür edirik. Hətta biz bu ittifaqın təkcə Türkiyə və Azərbaycandan ibarət olmaması barədə düşünürük və çağırışlar edirik.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) adlı bir qurum mövcuddur və Azərbaycan da həmin bu quruma sədrlik edir: "TDƏŞ həm Azərbaycan dövlətinin milli maraqları baxımından çox böyük önəmə malikdir, həm də perspektivinə inandığımız bir formatdır. TDƏŞ adından da göründüyü kimi əməkdaşlıq üçün bir formatdır. Hazırda bu Şurada Azərbaycan, Türkiyə, Orta Asiya dövlətləri təmsil olunur, müşahidəçi qismində isə Macarıstan iştirak edir. Bu qurumun yaranması ətrafında ilk ideya 2006-cı ildən səsləndirilsə də amma 2009-cu ildə Naxçıvanda Türkiyə, Azərbaycan və Qazaxıstanın iştirakı ilə "Naxçıvan" sazişi imzalanıb və orada bu Şuranın yaradılması elan edilib. Hazırda həmin Şurada 8 dövlət müşahidəçi qismində və Şuranın üzvü kimi təmsil olunur. Maraqlı məqam odur ki, biz o Şurada Avropa dövləti və qeyri müsəlman bir dövlət olan Macarıstanı görürük. Bunun özü də TDƏŞ-nin perspektivindən və əməkdaşlığın yeni formatından xəbər verir. Bu gün əməkdaşlığı, tərəfdaşlığı bütün dövlətlər edə bilər. Türk ittifaqı isə müttəfiqlik demək deyil. Müttəfiq olub bir ittifaqda birləşmək konkret öhdəliklər verir. Bir çox dövlətlər bəzi məsələlərdə tərəfdaşlıq və əməkdaşlıq edə bilər. Məsələn, biz Rusiya ilə bir çox məsələlərdə (siyasi, iqtisadi, hümanitar, miqrasiya və s.) əməkdaşıq və tərəfdaşıq. Ancaq biz bu dövlətlə bir ittifaqda deyilik və strateji müttəfiq deyilik. Çünki bir çox məsələlərdə bizim milli maraqlarımız Rusiyanın istəklərinə cavab vermir. Bu məsələlərdə Azərbaycan öz milli dövlət maraqlarından çıxış edərək müstəqil siyasət yürüdür.

Qeyd edim ki, bu gün texnoloji inkişaf prosesləri daha da sürətləndirir. Bu baxımdan növbəti 10 ildən sonra yəni, 2030-2040-cı illərdə Türk Şurası daha çevik əməkdaşlıq şurası olacaq və Rusiya o zaman həmin Şuraya müraciət edəcək. Düşünürük ki, Türk ittifaqı isə 2030-2040-cı illərdə dünyada sabitliyə töhfə verə biləcək bir güc mərkəzi olacaq. Məsələn, bu gün Avropa dövlətlərinin ittifaqı bir yerə yığışıblar ancaq onlar xristian klubu, islamafobiya psixologiyasından irəli gedə bilmirlər və bilmədilər də. Konkret olaraq bəzi dövlətlərə və Türkiyəyə olan münasibətdə göründü ki, Avropa ittifaqı islamafobiya psixologiyasından qurtula bilmədi və xristian klubu olaraq qaldı. Ona görə də bu gün Avropa ittifaqı tənəzzülə uğrayır. Bizim regionda Rusiyanın yaratdığı ikinci bir ittifaq isə Avrasiya ittifaqıdır. Hətta mən buna bufet ittifaqı deyərdim. Bu mənada həmin ittifaqın da uzun müddət yaşaması mümkün deyil. Çünki yarandığı gündən heç bir perspektiv vəd etmir. O baxımdan düşünürəm ki, Türk ittifaqı deyilən bir ittifaq dünyaya, regiona, bölgəyə çox böyük töhfə verən güc mərkəzi olacaq. Onu da qeyd edim ki, Azərbaycanın iştirakı olmadan nə TDƏŞ, nə də Türk ittifaqı mümkünsüzdür. Azərbaycanın geosiyasi mövqeyi, dünyadakı nüfuzu, apardığı siyasət onu deməyə əsas verir ki, Azərbaycansız bu ittifaqların heç biri mümkün deyil. Bu gün heç də təsadüfi deyil ki, bütün bu ideyaların hamısının mərkəzində Azərbaycan dayanır. Onu da qeyd edim ki, bu gün artıq dünyada Türkiyə ilə Azərbaycanın bir çox məsələlərdə baxışlarımız, milli maraqlarımız, milli mənafeyimiz üst-üstə düşür. Həmçinin Pakistanla Azərbaycanın və Türkiyənin də bir çox məsələlərdə milli maraqları üst-üstə düşür. Pakistan dövləti dəfələrlə Azərbaycanı açıq şəkildə müdafiə edib və mövqe sərgiləyib. Hətta Qazaxıstan da bu ittifaqda maraqlı ola bilər. Hesab edirəm ki, bütün bunlar sonrakı proseslərin gedişatında mümkün olacaq.

Türkiyə-Azərbaycan media platformasının yaranmasına gəlincə isə deyə bilərəm ki, bu gün hər iki dövlət dünyada müəyyən məqsədli dairələr tərəfindən haqsız olaraq əks təbliğatın, antitəbliğatın və yaxud da təbliğat, mətbuat terrorunun zərərini çəkir. Əlbəttə ki, bu baxımdan biz Türkiyənin, Azərbaycanın bir platformada birləşməsini alqışlayırıq və yüksək dəyərləndiririk. Yəni cəmiyyət, sosium olaraq bu əlaqələr, düşüncələr, psixologiyalar çox yaxındır. Ona görə də həm təbliğat, əks təbliğat baxımından, həm də cəmiyyətimizin inkişafı və yaxınlaşması baxımından sözügedən platforma böyük önəmə malikdir. Düşünürəm ki, bu media platforması da gələcək Türk ittifaqının elementlərindən biridir".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.