Siyasət

Prezident İlham Əliyev: Kənd təsərrüfatının intensiv yollarla inkişafı bizim üçün prioritet məsələ olmalıdır

16 İyul 2020 07:05
Baxış: 725

Kənd təsərrüfatının intensiv yollarla inkişafı bizim üçün prioritet məsələ olmalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib:

"Mən qeyd etdim, bir daha demək istəyirəm ki, ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində olmalıdır. Eyni zamanda, bizim ixrac imkanlarımız da genişləndirilməlidir. Biz heç vaxt unutmamalıyıq ki, ölkəmizin əhalisi artır, ölkəmizə gələn xarici qonaqların sayı 2020-ci il istisna olmaq şərti ilə artır. Belə olan halda daxili tələbat da artacaq. Daxili tələbat nə qədər artacaqsa, əgər kənd təsərrüfatı istehsalı indiki yerində qalarsa, ixrac imkanlarımız bir o qədər azalacaq. Ona görə kənd təsərrüfatının intensiv yollarla inkişafı bizim üçün prioritet məsələ olmalıdır.

Bütün digər tədbirlərlə yanaşı, əlbəttə ki, su mənbələrinin düzgün müəyyən edilməsi, su itkilərinin azaldılması və suyun əkin sahəsi başına çatdırılması ön planda olan məsələlərdir. Bilirəm ki, İqtisadiyyat Nazirliyi komissiyada Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti qurumlarla birlikdə fəal işləyir ki, bu məsələlər kompleks şəkildə öz həllini tapsın və müasir suvarma sistemlərinin Azərbaycanda tətbiq edilməsi üçün əlavə tədbirlər görülsün. Lazım olarsa, bu, infrastruktur layihə olduğu üçün əlbəttə ki, dövlət dəstəyi göstərilə bilər.

Eyni zamanda, sahibkarlara bu məqsədlər üçün güzəştli şərtlərlə kreditlərin verilməsinə də baxılmalıdır. Hesab edirəm ki, təkrar əkinlə bağlı ilkin təcrübə müsbətdir. Təkrar əkini stimullaşdırmaq, fermerləri maraqlandırmaq üçün dövlət əlavə maliyyə vəsaiti ayırıb. Əlbəttə ki, 50 min hektarda qarğıdalının əkilməsi bizim yem bazamızı böyük dərəcədə formalaşdıracaq və idxaldan asılılıq buna uyğun şəkildə azalacaqdır. Bu ilkin təcrübəni siz çox düzgün təhlil edin və əgər bu il, - əgər belə demək mümkündürsə, - son anda siz bu təklifi verdiniz.

Biz gələn ilə artıq bəri başdan hazırlaşmalıyıq və yerlər düzgün müəyyən edilməlidir. Bunu pilot layihə də adlandırmaq olar və əminəm ki, 50 min hektarda əkilən qarğıdalı və bunun nəticələri digər fermerlər üçün də maraqlı ola bilər. Eyni zamanda, bizim bəzi iri fermer təsərrüfatlarında çox gözəl nəticələr əldə edilib - siz də qeyd etdiyiniz kimi, kənd təsərrüfatının pilot sahələrində bəzi hallarda 60 sentner. Eyni zamanda, mən bu yaxınlarda bölgələrdə səfərdə olarkən mənə məlumat verildi ki, Tovuz, Samux rayonlarında fəaliyyət göstərən aqropark Samux ərazisində bir hektardan haradasa 60, Tovuz rayonu ərazisində 70 sentnerdən çox buğda məhsulu götürülür. Ona görə hesab edirəm ki, bu qabaqcıl təsərrüfatların təcrübəsi öyrənilməlidir.

Digər fermerləri bu təcrübə ilə tanış etmək lazımdır. Ola bilsin ki, təkcə bir aqropark deyil, bir neçə bizim böyük fermer təsərrüfatımız gözəl nəticələr əldə edir. Bu təsərrüfatların nümayəndələri regional mərkəzlərdə təlim kurslarında iştirak edə bilərlər. Eyni zamanda, maraqlı olan fermerləri bu təsərrüfatlara dəvət etmək olar. Onların gəlişini təşkil etmək olar ki, təcrübə mübadiləsi mütləq olsun.

Əlbəttə ki, kiçik fermer təsərrüfatlarında belə böyük nəticələr gözləmək bəlkə də düzgün olmaz. Ancaq biz əgər bütövlükdə məhsuldarlığı daha da yüksək səviyyəyə qaldırsaq, onda elə mövcud əkin sahələrini nəzərə alaraq biz özümüzü daha böyük məhsulla təmin edə bilərik. Kənd təsərrüfatı üzrə peşə məktəblərinin yaradılması məsələsinə İqtisadiyyat Nazirliyi ilə birlikdə baxın.

Ola bilər ki, Gəncə Dövlət Aqrar Universitetinin bazasında, bu yaxınlarda yeni korpus açılıbdır. Belə peşə məktəbləri müxtəlif bölgələrdə, müxtəlif kənd təsərrüfatı məhsulları üzrə mütləq yaradılmalıdır. Lazım olarsa, qabaqcıl xarici mütəxəssisləri də bu işlərə cəlb edin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.