Siyasət

Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinə şahidlik edəcəklər - Hikmət Babaoğlu

26 Fevral 2020 15:52
Baxış: 1 029

Xocalı soyqırımı 28 il əvvəl baş versə də bu gün törədilmiş kimi təzədir, acıdır və hər bir azərbaycanlının qəlbini sızıldadır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilən soyqırımıdır, amma eyni zamanda insanlığa qarşı bir cinayətdir: "Bu hadisə bir neçə dövlətin silahlı birləşmələri və terror təşkilatları tərəfindən əvvəlcədən planlaşdırılmışdı və əsas məqsəd həm soyqırımı törətmək, həm də Azərbaycan xalqının ərazi bütövlüyünü qorumaq kimi haqlı davasında onu mənəvi qırılma nöqtəsinə gətirmək idi. Ancaq ermənilər buna nail ola bilmədilər".

Deputat vurğulayıb ki, hər bir millətin milli gücü iki komponentdə dəyərləndirilir. Bunlar milli gücün kəmiyyət və keyfiyyət ünsürləridir. Əgər bir millət öz mübarizəsində milli-mənəvi qırılma nöqtəsinə çatmayıbsa, o millət yaşayır: "Azərbaycan xalqının 5 min illik dövlətçilik tarixi var və bu dövrdə heç bir qüvvə milli əzmimizi, milli mənəviyyatımızı qıra bilməyib. Ona görə də bu gün varıq. Ermənilər məqsədlərinə nail olmayıblar və olmayacaqlar da. Əgər ermənilər öz məqsədlərinə nail olsaydılar, Azərbaycan xalqı Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov kimi qəhrəmanlar yetişdirə bilməzdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində biz Xocalıya dönəcəyik və Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinin şahidləri olacaqlar. Cocuq Mərcanlıya qayıdışla başlayan yol Xocalıda, o cümlədən, Qarabağda sona çatacaq. Azərbaycan xalqı bu faciəni unutmadı, unutmayacaq və unutdurmayacaq".

H.Babaoğlu əlavə edib ki, diplomatik kanallarla, qeyri-hökumət təşkilatları və Heydər Əliyev Fondu vasitəsilə çox böyük işlər görülür ki, Xocalı soyqırımı dünya tərəfindən tanınsın: "Nəticə olaraq, bu gün artıq xeyli sayda ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Bir neçə beynəlxalq təşkilat, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı hadisəsini soyqırımı kimi qəbul edib. Bütün bunlar istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunmasında, istərsə də Xocalı soyqırımının dünyaya çatdırılmasında atılan mühüm addımlardır. Bu gün hər bir Azərbaycan vətəndaşı 28 il bundan əvvəl olmuş bu hadisəni 28 il əvvəlki ürək yanğısı ilə yaşayır. Bu yara soyumayıb, bu yara qaysaq bağlamayıb. Ona görə ki, bu, bizim ümummilli yaramızdır. Eyni zamanda, Xocalıya ədalətin bərpa olunması üçün bu cinayəti törədənlərlə bağlı hüquqi prosedur aparılır. Cinayətdə əli olan, soyqırımı törədənlərədən 39 nəfərin adı müəyyənləşdirilərək, ilkin istintaq materialları yekunlaşdırılaraq İnterpola təqdim edilib.

Doğrudur, bu gün müxtəlif səbəblərdən, dünyada olan ikili standartlar siyasəti ucbatından biz hələ həmin cinayətkarların cəzalandırılmasına nail ola bilməmişik. Amma Azərbaycan xalqının nümayiş etdirdiyi yüksək iradə, əzm və bu hadisəni unutmaması, ölkə başçısının həyata keçirdiyi siyasət mütləq öz nəticəsini verəcək və Azərbaycan xalqı Xocalıya, işğal edilmiş bütün torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüz bərpa olunacaq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.