Siyasət

ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi tərəflərini əlavə humanitar tədbirlər görməyə çağırır

5 Dekabr 2019 22:56
0 Şərh     Baxış: 798

ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi tərəflərini əlavə humanitar tədbirlər görməyə çağırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Bratislavada (Slovakiya) ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası münasibətilə biz, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər nazirinin yanında dövlət katibi Jan-Batist Lemuan və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker) biz əvvəlki kimi qətiyyətlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçi kimi çıxış edirik".

Həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri təmas xəttində və beynəlxalq sərhəddə zorakılığın nisbətən aşağı səviyyəsini müsbət qiymətləndirirlər və xarici işlər nazirlərinin iyun ayında Vaşinqtonda keçirdiyi məsləhətləşmələrdə razılığa gəldikləri kimi, tərəflərə münaqişənin kəskinləşmə riskini azaltmaq üçün aralarındakı birbaşa rabitə əlaqələrindən tam istifadə etdiklərinə görə təşəkkür edirlər:

"Nazirlərin Parisdə razılaşdırdıqları və həmsədr ölkələrin 2018-ci ilin dekabrında Milan bəyanatlarında çağırdıqları kimi, gərginliyi azaltmaq və əhalini sülhə hazırlamaq üçün keçən il atılan konkret addımları alqışlayırıq. Liderlərin mart ayında Vyanadakı görüşü zamanı müzakirə etdikləri və aprel ayında Moskvada xarici işlər nazirləri tərəfindən hazırlanan humanitar tədbirlərin həyata keçirilməsini, xüsusən də bu yaxınlarda jurnalistlərin qarşılıqlı səfərləri və iyunun 28-i məhbusların eyni zamanda sərbəst buraxılması səylərini yüksək qiymətləndiririk".

Bu cür səylərin münaqişənin sülh yolu ilə nizamlanması üzrə əsaslı danışıqların aparılması üçün şərait yaradılmasında vacib rol oynadığını bildirən nümayəndə heyətlərininin rəhbərləri əlavə konkret humanitar və təhlükəsizlik tədbirləri görməyə çağırıblar.

Həmçinin həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri tərəfləri humanitar və təhlükəsizlik tədbirləri ilə bağlı daha əvvəl əldə edilmiş razılaşmaları həyata keçirmək üçün təxirəsalınmaz konkret addımlar atmağa çağırıblar:

"Liderlərin 2014-cü ilin oktyabr ayında Paris sammitində bildirdikləri kimi, biz tərəfləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə itkin düşmüş şəxslər barədə məlumatların mübadiləsində səylərini ikiqat artırmağa çağırırıq. Atəşkəsin dəstəklənməsində fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin əhəmiyyətli töhfəsini qəbul edərək, biz tərəflərin 2016-cı ildə razılaşdırdığı kimi, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin monitorinq missiyasının genişləndirilməsi ilə bağlı müzakirələrə yenidən başlamaq lazım olduğunu qeyd edirik.

Münaqişənin sülh yolu ilə nizamlanmasının əsas məsələləri üzrə danışıqları aktivləşdirmək və sonrakı ən yüksək səviyyədə danışıqlara kömək etmək məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərin himayəsi altında yenidən görüşmək niyyətini alqışlayırıq".

Həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri münaqişənin ədalətli və davamlı nizamlanması xüsusən Helsinki Yekun Aktının güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanmalı olduğunu bir daha qeyd edir və həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2009-cu ildə Afinada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında verdikləri və sonra ATƏT Nazirlər Şurası tərəfindən təsdiqlənən birgə bəyanatı xatırladırlar.

Qeyd edilir ki, buraya həmçinin həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdiyi əlavə elementlər də daxil edilməlidir.

Həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri bir daha vurğulayırlar ki, status-kvo qəbuledilməzdir və münaqişənin hərbi yolla həlli ola bilməz:

"Buna görə tərəfləri süni gecikmələr və şərtlər olmadan əsaslı danışıqlar aparmağa çağırırıq. Həmsədrlər-nümayəndə heyətlərinin rəhbərləri ATƏT-in Minsk Qrupu formatının davamlı nizamlanmaya nail olmaq üçün səylərin əvəzedilməz mərkəzi olaraq qaldığından əminliklərini ifadə edirlər. Tərəfləri bir-biri ilə və vasitəçilik səylərini davam etdirməyi tapşıracağımız Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa çağırırıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.