Siyasət

ATƏT PA-nın prezidenti Mehman Hüseynovla bağlı qərarı alqışlayıb

22 Yanvar 2019 21:14
Baxış: 1 511

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli yanvarın 22-də Azərbaycan Respublikası Baş Prokurorluğunun blogger və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynovla bağlı cinayət işinə xitam verdiyi barədə xəbəri müsbət qarşıladığını bildirib

Milli.Az Trend-ə istinadən bildirir ki, prezident Tsereteli qeyd edib: "Mən, M.Hüseynovun işinə xitam verilməsi və onun mart ayının əvvəlində azadlığa çıxacağını gözləyə bilməsinə görə çox şadam. Bir il əvvəl Mehman Hüseynovu ziyarət edərkən, onun həbsxana şəraitini müşahidə etmiş və onun tezliklə azad ediləcəyinə ümid etdiyimi qeyd etmişdim. Dekabr ayında ona qarşı yeni ittihamların irəli sürülməsi mənim dərin narahatlığıma səbəb oldu və mən bu cinayət işinə xitam verilməsinə çox şad oldum. Mən onun işini yaxından izləyirdim və bu məsələni müntəzəm olaraq parlamentdəki həmkarlarımla və Azərbaycanın bir sıra hakimiyyət orqanları, o cümlədən Prezident İlham Əliyevlə müzakirələrimdə də qaldırmışdım və bu işə ölkə başçısının şəxsən diqqət yetirməsi məni çox sevindirdi".

G.Tsereteli əlavə edib ki, Azərbaycanda demokratik islahatlar, xüsusən KİV azadlığı və vətəndaş cəmiyyətinin töhfəsini artırmaq üçün şərait yaradılmasına davama etdirilməlidir.

ATƏT PA-nın yaydığı məlumatda qeyd edilir ki, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev Mehman Hüseynovla bağlı yanvarın 12-də açıqlama verərək bildirib ki, bu məsələni Azərbaycanın müvafiq dövlət qurumları ilə müzakirə edib və cavab alıb ki, məsələ obyektiv şəkildə araşdırılacaq.

Qeyd edək ki, bundan əvvəl bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokurora tövsiyə edib.

Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.