Siyasət

Romada 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib – FOTO

2 İyun 2011 16:22
Baxış: 222
Roma şəhərində "Roma Cavalieri Hilton" mehmanxanasında Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən 28 May-Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib. Ziyafətdə İtaliyanın dövlət qurumlarının, elm-təhsil və mədəniyyət mərkəzlərinin, yerli mətbuatın və Romadakı diplomatik korpusun nümayəndələri, eləcə də İtaliyada yaşayan azərbaycanlılar iştirak ediblər. Bu barədə məlumat Milli.Az xəbər portalına İtaliyadakı səfirlikdən verilib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, Azərbaycanın qədim dövlətçilik ənənələrindən, 28 May - Respublika Gününün tarixindən danışıb. Səfir bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinin təntənəli surətdə qeyd edildiyi barədə məlumat verib, ölkəmizin öz müstəqilliyinin bərpa etdikdən sonra üzləşdiyi çətinliklərdən söhbət açıb.

Səfir Azərbaycanın ötən 20 il ərzində qeyri-sabit siyasi vəziyyət, iqtisadi və sosial problemlərdən, qonşu Ermənistanın təcavüzü nəticəsində müharibə və bu müharibənin agır nəticələri ilə üz-üzə qaldığı barədə məlumat verib.

Vaqif Sadixov, bütün maneələrə baxmayaraq, qədim dövlətçilik ənənələrinə əsaslanaraq, 1993-cü ildən bəri Azərbaycan hökumətinin ölkə daxilində sabit siyasi vəziyyətə nail olduğunu və ölkənin inkişafı üçün mühüm islahatlar həyata keçirdiyini qeyd edib. Bu islahatların 90-cı illərin ikinci yarısından etibarən öz müsbət nəticələrini verdiyini vurğulayan səfir, bu gün Azərbaycanın güclü və sürətlə inkişaf edən iqtisadiyyatı ilə Cənubi Qafqazda lider ölkə, eləcə də cənubi-şərqi Avropada möhkəm demokratiyaya çevrildiyini qeyd edib.

Səfir çıxışında həmçinin Azərbaycan-İtaliya əlaqələrinə toxunaraq, iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib. İki ölkə arasında iqtisadi sahədə də əlaqələrin son dərəcə inkişaf etdiyini qeyd edən səfir, İtaliyanın son 5 ildə ölkəmizin ən iri ticarət tərəfdaşına çevrildiyini vurğulayıb.

Tədbirdə Azərbaycan musiqisi səsləndirilmiş və qonaqlara ölkəmiz haqqında müxtəlif məlumatları əks etdirən kitab və broşürlər təqdim edilib.

Milli.Az












 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.