Siyasət

İstanbul görüşündən gözləntilər: Tamam, ya davam? - AÇIQLAMA

14 May 2025 17:33
Baxış: 569

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə keçiriləcək mümkün görüşdən nəticə gözləyir. O, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, əsas nəticə müharibənin başa çatması və buna doğru ilk addım atəşkəsin əldə olunmasıdır. 

"Gəlin bunu edək. Mən Türkiyədə olacağam. Prezident Ərdoğan (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) olacaq. Hamı Rusiya lideri ilə görüşə hazırdır - istər Ankarada, istər İstanbulda. Üstəlik, bu, onun təşəbbüsü olub", - Zelenski qeyd edib.

O bildirib ki, Rusiyadan birbaşa danışıqlarla bağlı siqnal daxil olub. Eyni zamanda, ABŞ Rusiya və Ukrayna liderləri arasında dialoqun başlanmasını dəstəkləyib. V.Zelenski Vaşinqtonun ideyasını dəstəklədiyini qeyd edib. 

Milli.Az xəbər verir ki, siyasi şərhçi Kənan Novruzov təhlil edib:

"Ukrayna Prezidenti vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu ifadə etsə, bu müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsi üçün yol açacaq. Zelenski vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu bildirsə, bu, müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsinə yol açacaq.
Məlum olduğu kimi, sabah İstanbulda Türkiyə, Rusiya və Ukrayna arasında ən ali səviyyədə görüş keçirilməsi nəzərdə tutulur. Həmçinin ABŞ Prezidenti Donald Trampın da İstanbula gedəcəyi ehtimal edilir. 

Əslində  müzakirələrdə ciddi nəticələrin əldə olunması ehtimalı heç də az deyil. Çünki burada yalnız tərəflər deyil, eyni zamanda münaqişənin gedişatına yön verə biləcək dörd əsas güc - Rusiya, Ukrayna, Türkiyə və ABŞ liderləri bir araya gələcəklər. Bu, indiyə qədərki diplomatik cəhdlər arasında ən genişmiqyaslı və potensial baxımından əhəmiyyətli olanıdır".

Amma əsas sual hələ də açıq qalır: atəşkəs əldə olunacaqmı?

"Bu suala birmənalı cavab vermək çətindir. Problem ondadır ki, bütün beynəlxalq sistem Rusiya-Ukrayna münaqişəsinin həllinə eyni prizmadan yanaşmır. Xüsusilə də Avropa paytaxtları ilə Vaşinqton arasında ciddi baxış fərqləri mövcuddur. ABŞ müharibənin müəyyən mərhələdə dayandırılması və diplomatik tənzimləmə yoluna keçilməsində maraqlıdır. Çünki qarşıdan gələn seçkilər, daxili təzyiqlər və qlobal güc balansındakı dəyişikliklər buna zərurət yaradır. Avropa fərqli düşünür, Brüsseldə və digər paytaxtlarda narahatlıq var:
Onlar müharibənin tezliklə dayanacağı halda Rusiyanın özünü qalib kimi hiss edəcəyindən narahatdırlar. Bu isə psixoloji üstünlüyün bərpası, Kreml üçün yeni strateji ambisiyaların yaranması deməkdir. Avropanın bəzi dairələrinin bu ssenaridən ehtiyat edərək Ukraynaya dəstəyi artırmaqla və Rusiyaya qarşı sanksiyaları dərinləşdirməklə müharibənin mümkün qədər uzanmasına cəhd göstərməsi gözləniləndir.

Bu isə əslində, Kreml ilə Kiyev arasında yaranmaqda olan tarazlığı poza bilər. İndiki məqamda tərəflər müəyyən diplomatik güzəştlərə getməyə daha açıq görünürlər. Savaş uzandıqca tərəflər yalnız hərbi resurslarını deyil, siyasi manevr imkanlarını da itirirlər. Bu baxımdan İstanbul görüşü onlar üçün nadir tarazlıq nöqtəsi yarada bilər. Əgər bu fürsət qaçırılarsa, növbəti diplomatik kanalın nə zaman və harada açılacağı sual altına düşür".

Ekspert qeyd edir ki, ən təhlükəli məqamlardan biri kənardan gələn təzyiqlər nəticəsində Ukrayna və Rusiya üçün hazırda açıq olan real danışıqlar pəncərəsinin bağlanmasıdır. Həm Vaşinqton, həm də Ankara bu mənada kritik vasitəçilik rolu oynayır. Türkiyə artıq uzun müddətdir regionda balanslaşdırıcı güc kimi çıxış edir. ABŞ isə Prezident Donald Tramp administrasiyasının rəhbərliyi ilə bu prosesi daha konkret və praqmatik nəticələrə yönəltmək niyyətində görünür:

"Əgər Moskva və Kiyev bu reallığı düzgün dəyərləndirməsələr, onlar üçün yaranmış çox nadir bir fürsət əldən gedə bilər. O halda müharibənin yeni, daha sərt fazaya keçməsi ehtimalı da istisna olunmur.
İstanbul masası sadəcə bir görüş nöqtəsi deyil, böyük geosiyasi sualların cavablandırılacağı yer ola bilər. Amma bu, yalnız o halda baş verər ki, tərəflər oyunun qaydalarını yazmaq istəyənlərin deyil, öz xalqlarının və regionun gələcəyinin diktəsi ilə hərəkət etsinlər. 

Onu da deyək ki, anda Trampın və ya Putinin görüşdən imtina etməsi mümkündür". 

Asya
Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.