Siyasət
Prezident İlham Əliyev: “Müstəqillik illərində Ukrayna və Azərbaycan tərəfdaşlar, dostlar, bütün sahələrdə strateji tərəfdaşlar kimi fəaliyyət göstərir” - YENİLƏNİB - FOTO
29 Aprel 2011 07:17
Baxış: 451
29.IV.2011
07:17
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviçin şərəfinə rəsmi ziyafət verilmişdir.
Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Çox hörmətli Viktor Fyodoroviç!
Əziz qonaqlar, əziz dostlar!
Bütün qonaqlarımızı Azərbaycanda bir daha salamlamağa şadam. Bu gün münasibətlərimizin tarixində çox əlamətdar gündür. Ukrayna Prezidenti Viktor Fyodoroviç Yanukoviç Prezident kimi ilk dəfə Azərbaycana rəsmi səfər edir.
Biz Viktor Fyodoroviçi çoxdan tanıyırıq. Azərbaycan xalqı onu dostumuz kimi tanıyır, o, əvvəlki illərdə də ölkəmizdə olmuşdur, lakin Prezident kimi ilk dəfə gəlir.
Təbii ki, biz Viktor Fyodoroviçi çox böyük ümidlərlə və səbirsizliklə gözləyirdik. Bildiyiniz kimi, keçən ilin axırlarında mən Ukraynaya səfər etmişəm. Bu səfər çox uğurlu olmuşdur. Bu gün Viktor Fyodoroviç bizim qonağımızdır. Bu, münasibətlərimizə xas olan və münasibətlərimizin gündəliyindəki mühüm məsələləri operativ və konkret həll etməyə imkan verən dinamizm göstəricisidir. Xalqlarımızı uzun illər boyu, onilliklər, yüzilliklər boyu dostluq, əməkdaşlıq münasibətləri bağlayır. Çox vacibdir ki, bu il 20 illiyini qeyd edəcəyimiz müstəqillik illərində də xalqlarımızı əlaqələndirən və birləşdirən yaxşı nə varsa hamısını qoruyub saxlaya bilmişik. Müstəqillik illərində Ukrayna və Azərbaycan tərəfdaşlar, dostlar, bütün sahələrdə strateji tərəfdaşlar kimi fəaliyyət göstərir. Bu gün biz münasibətlərimizin geniş gündəliyini nəzərdən keçirdik. Bir daha razılıq hissi ilə qeyd edirik ki, siyasi münasibətlərimiz, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və fəal əməkdaşlıq yüksək səviyyədədir.
Bizim nəzərdə tutduğumuz səmərəli iqtisadi əməkdaşlıq gələcəkdə daha ciddi hiss olunacaqdır. Əmtəə dövriyyəsinin artımı, xüsusən keçən il münasibətlərimizin tarixində ən yüksək səviyyədə olmuşdur. Humanitar sahədə, energetika sahəsində əməkdaşlıq, çox geniş əhatəli məsələlər üzrə əməkdaşlıq da qarşılıqlı maraq doğurur. Bütün istiqamətlərdə aramızda tam qarşılıqlı anlaşma, fəal işləməyə, əməkdaşlıq etməyə və irəliləməyə qarşılıqlı səy vardır.
Bu gün biz energetika sahəsində əməkdaşlıq məsələlərini çox müfəssəl müzakirə etdik. Çox şadıq ki, bu istiqamətdə konkret addımlar atılır. Biz niyyətlərdən, bəyanatlardan konkret işlərə keçmişik və bunun nəticəsini ilk növbədə əmtəə dövriyyəsinin artmasında görürük. Azərbaycan nefti Ukraynaya daxil olur və ümidvarıq ki, bu müsbət meyillər davam edəcəkdir. Bizim neft şirkəti Ukrayna bazarında fəal iş aparır, sərmayələr qoyur və investisiya layihələri üzrə böyük planlarımız vardır. Əminəm ki, həmin layihələr qarşılıqlı faydalı olacaqdır.
Biz nəqliyyat sahəsində əməkdaşlığa böyük ümid bəsləyirik, müvafiq olaraq Xəzər dənizi və Qara dəniz regionlarında həyata keçirdiyimiz nəqliyyat, infrastruktur layihələri ölkələrimizi təkcə etibarlı nəqliyyat yolları ilə birləşdirməyəcək, həm də Xəzər-Qara dəniz hövzəsində, gələcəkdə isə Xəzər dənizi-Qara dəniz-Baltik dənizi regional əməkdaşlığı üçün yaxşı zəmin yaradacaqdır. Bunun üçün bütün əsaslar, yetərincə siyasi iradə vardır. Energetika, nəqliyyat sahələrində, digər sahələrdə bu təşəbbüslər ölkələrimizi yaxınlaşdırır. Biz neft sahəsində əməkdaşlıqdan qaz sahəsində əməkdaşlığa keçməyi planlaşdırırıq. Cari ilin əvvəlində müvafiq sənəd imzalanmışdır, o, ikitərəfli əməkdaşlığın əvvəlki illər heç vaxt olmayan prinsipcə yeni elementidir. Bu gün Azərbaycanın öz qaz potensialını genişləndirdiyi və iri qaz istehsalçısı və ixracçısına çevrildiyi vaxtda bu sahədə əməkdaşlıq ölkələrimiz arasında xüsusi əhəmiyyət, mahiyyət kəsb edir. Burada qarşılıqlı səylər və siyasi iradə bu prosesləri irəli aparır, əlbəttə, həlledici rol oynayır.
Bu gün mən Viktor Fyodoroviçə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin vəziyyəti barədə məlumat verdim. Bildiyiniz kimi, bu münaqişə onilliklərlə davam edir və Azərbaycan xalqına böyük ağrı-acılar, iztirablar gətirmişdir. Bir milyon azərbaycanlı doğma yurd-yuvasından qovulmuşdur. Xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş, ərazimizin 20 faizi işğal olunmuş və BMT kimi beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, - BMT Təhlükəsizlik Şurası işğalla əlaqədar 4 qətnamə qəbul etmişdir, - münaqişə indiyədək nizama salınmamışdır. Bu isə regional sülhə, sabitliyə böyük təhlükə törədir, regional əməkdaşlıq proqramlarını tam miqyasda həyata keçirməyə imkan vermir. Bu münaqişənin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyat artır, iri sərmayə layihələri həyata keçirilir. Təkcə ötən il ölkəmizin iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Bunun da əksər hissəsi daxili sərmayədir. Biz Ukraynada sərmayə layihələri məsələlərini fəal nəzərdən keçiririk və bunun üçün maliyyə ehtiyatları, ən başlıcası isə siyasi iradə vardır. Başqa sözlə, əməkdaşlıq sahələrini uzun-uzadı sadalamaq olar və Azərbaycanda yaşayan ukraynalıların, Ukraynada yaşayan azərbaycanlıların münasibətlərimizin möhkəmlənməsi işində rolunu qeyd etməyə bilmərəm. Diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Mənə çox xoşdur ki, həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini rahat, inamlı, öz evlərindəki kimi hiss edir, öz dövlətlərində bir ailə kimi yaşayır, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin, indi olduğu kimi, fəal inkişaf etməsinə çalışırlar.
Bu badəni Ukrayna Prezidenti, Azərbaycanın böyük dostu Viktor Fyodoroviç Yanukoviçin sağlığına, Ukraynanın çiçəklənməsi, Ukrayna və Azərbaycan xalqları arasında dostluğun şərəfinə qaldırmaq istəyirəm.
X X X
Ukrayna Prezidenti Viktor Yanukoviçin nitqi
- Çox hörmətli İlham Heydər oğlu!
Hörmətli həmkarlar, dostlar!
Mən bu gün artıq demişəm, Bakını görmədiyim beş il çox sürətlə keçmişdir. Əgər bu sürəti nəzərə almasaq biz sanki sehirli çubuğun təsiri ilə Bakının nə qədər dəyişdiyini, çox gözəlləşdiyini, deyərdim ki, Avropa şəhərinə çevrildiyini gördük.
İlham Heydər oğlu, bu gün Sizin adamlar mənə söylədilər ki, Siz 17 kilometrlik sahil zonasını parka çevirməyi, bütün sənaye müəssisələrini Bakının hüdudlarından kənara çıxarmağı planlaşdırırsınız. Mən belə başa düşürəm ki, Sizin hələ çox möhtəşəm planlarınız vardır.
Viktor Yanukoviç Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə bir daha ehtiramını bildirdi və qeyd etdi ki, dostluğa yüksək qiymət verməyi bacaran Heydər Əliyev Ukraynaya və Ukrayna xalqına da böyük məhəbbət bəsləyirdi:
- Mən Heydər Əliyevi tanıyırdım, əlbəttə onunla İlham Heydər oğlu ilə olduğu qədər yaxın deyildik. Heydər Əliyevin Azərbaycanı necə görmək arzusunda olması, ölkəni necə görmək istəməsi barədə bəzi söhbətlərimiz yadımdadır. Əgər o sağ olsaydı, əlbəttə, çox sevinərdi. Lakin, necə deyərlər, belə bir inanc vardır ki, onlar yuxarıdan hər şeyi görürlər, onlar hər şeyi görür və əlbəttə ki, ölkədə baş verənlərə görə sevinirlər. Mən əminəm ki, o, bizim münasibətlərimizə də sevinir. Ona görə ki, Heydər Əliyevin dostluqda necə sadiq olduğunu, dostluq etməyi çox xoşladığını, Ukraynaya, Ukrayna xalqına çox böyük sevgi ilə yanaşdığını bilirəm. Mən bilirəm ki, o heç vaxt bu dostluğa kimin daha çox töhfə verə biləcəyini fikirləşmirdi və həmişə bacardığı qədər bu işə töhfə verirdi. Biz bunu xatırlayırıq. Ukrayna xalqı bunu xatırlayır. Kiyev şəhərində Heydər Əliyevin abidəsi qoyulmuş, onun adını daşıyan bağ salınmışdır. Bu anda mən bunu xatırlamaya bilməzdim. Çünki Sizin bu cür səmimi qəbulunuz və Sizinlə birlikdə hələ çox işlər görməli olduğumuz barədə Sizin sözləriniz, əlbəttə, inanıram ki, bütün bunlar əməli məna kəsb edəcəkdir. Mən buna da əminəm ki, bütün bu qərarlara müvafiq dinamika veriləcəkdir, yəni, sürət optimal olacaqdır. Deyə bilərəm ki, bunlar şəxsən mənim üçün çox xoşdur və əminəm ki, Ukraynanın böyük komandasına sizinlə işləmək rahatdır. Ona görə ki, biz çox işləməyi və tərəfdaşlarımızla birlikdə görülən işlərə yaxşı yekun vurmağı xoşlayırıq.
Ukrayna dövlətinin başçısı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin son illər daha sürətlə inkişaf etdiyini diqqətə çatdıraraq dedi:
- Artıq keçən il üçün yekun vurulmalı nəticələrimiz vardır. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi həddən artıq azalandan sonra keçən il biz bunu çox sürətlə nəinki bərpa etməyə, həm də demək olar ki, bütün əvvəlki illərin göstəricilərini xeyli qabaqlamağa nail olduq. Müstəqillik illərində, 20 ildə heç vaxt əmtəə dövriyyəsi keçən ildəki qədər olmamışdır.
Bu, əlbəttə, iki böyük komandanın çox əhəmiyyətli işidir. Ötən il Azərbaycan iqtisadiyyatının artımı təxminən Ukrayna iqtisadiyyatındakı səviyyəyə qalxmışdır. Mən təvazökarlıqla deyirəm, çünki bir azca geri qalmışıq. Ancaq bizim üçün bu da xoşbəxtlikdir. Çünki Azərbaycan dünya böhranının çox mürəkkəb illərində - 2008-2009-cu illərdə sənaye istehsalı həcminin və iqtisadiyyatın artımını qoruyub saxlaya bilmişdir. Bu, çox yaxşıdır. Mən demişəm və bir daha demək istəyirəm ki, sizdə işlərin niyə yaxşı getdiyini gözəl anlayırıq. Çünki İlham Heydər oğlu, Sizin ölkədə başçılıq etdiyiniz komanda Azərbaycan xalqı qarşısında məsuliyyətini dərindən anlayır. Bunun sayəsində, sabitlik və peşəkarların fəaliyyəti sayəsində uğur qazanılmışdır. Möcüzə elə belə baş vermir. Biz də peşəkarlarıq. Biz bilirik ki, yalnız gərgin, böyük əmək və çox böyük istək, doğma torpağa məhəbbət həmişə müsbət nəticələr və gözəl bəhrələr verir.
Sizin münasibətlərimizə verdiyiniz yüksək qiymətdən sonra belə düşünürəm ki, vəd etdiklərimizin hamısını yerinə yetirməməyə haqqımız yoxdur. Biz bunu hamının qarşısında dedik. Mən təkrar etməyəcəyəm. Əlbəttə, planlarımız böyükdür. Özü də biz yalnız 10-15 faizi səsləndirdik. Qalanını İlham Heydər oğlu ilə hələlik səsləndirməmişik. Ümidvaram ki, vaxt gələcək onların zamanı yetişəcək və biz bu barədə danışacağıq.
Bakıya gəldiyimiz bu gözəl gündə, - bizi günəşli, isti hava qarşıladı, külək dayandı, hava sakitləşdi, - bu badəni qaldırmaq istəyirəm. Bu gün İlham Heydər oğlunun anasının doğum günüdür. Biz onun məzarı önünə ayrıca güllər qoyduq. Təəssüf ki, mən yalnız orada, abidənin önündə bunu bildim. Mən bu badəni Sizin ananızın nurlu xatirəsi şərəfinə qaldırmaq istəyirəm. Ona böyük təşəkkürümü bildirmək istəyirəm ki, belə bir insan olmuş, Azərbaycan torpağı üçün belə gözəl oğul dünyaya gətirmişdir. Onun nurlu xatirəsi şərəfinə və əminəm ki, əgər o, sağ olsaydı, bir ana kimi Sizin uğurlarınıza çox sevinərdi. Mən bu badəni bu nurlu və müqəddəs xatirənin şərəfinə qaldırmaq istəyirəm.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev:
- Viktor Fyodoroviç, çox sağ olun!
Sizin dedikləriniz çox təsirlidir və bir qədər gözlənilməz oldu. Çünki Sizin dediklərinizi yalnız əsl dost deyə bilər. Rəsmi nahar zamanı, necə deyərlər, bugünkü səfərin sonuncu mərhələsində belə xeyirxah, xoş sözlər dediniz. Bu, əslində Sizin ürəyinizin genişliyindən, nə qədər səmimi, incə qəlbli adam olmağınızdan, ölkəmizə, xalqımıza xoş hisslər bəsləməyinizdən xəbər verir. Məni mütəəssir etdiniz, bu sözlərə görə təşəkkür edirəm. Bu gün bizimlə olmayan yaxınlarımıza Allah rəhmət etsin və mən əminəm ki, onlar burada baş verənləri görürlər və onların ruhu şad olur.
Çox sağ olun, Viktor Fyodoroviç.
X X X
Aprelin 28-də Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin birgə mətbuat konfransı olmuşdur.
Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Çox hörmətli Viktor Fyodoroviç!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Viktor Fyodoroviç, Sizi Azərbaycanda ürəkdən salamlayıram. Bu, Sizin Ukrayna Prezidenti kimi ölkəmizə ilk səfərinizdir. Mən şadam ki, səfər çox uğurlu keçir, bu gün aparılan danışıqlar, fikir mübadiləsi bir daha ölkələrimizin və xalqlarımızın, dövlətlərimizin mövqelərinin nə qədər yaxın olduğunu göstərir.
Ölkələrimiz arasında ənənəvi çox mehriban dostluq münasibətləri mövcud olmuşdur. Hazırda bu münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoymuş, konkret məzmun kəsb etmişdir. Münasibətlərimiz dinamizmi və əlaqələrimizi bütün istiqamətlərdə inkişaf etdirmək üçün qarşılıqlı əzmlə fərqlənir.
Siyasi baxımdan çox fəal dialoq aparırıq. Biz daim əlaqədəyik və rəsmi səfərlər mübadiləsi ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyəsindən xəbər verir. Mən ötən ilin sonlarında Ukraynaya rəsmi səfərimi böyük səmimiyyətlə xatırlayıram. Təbii ki, qarşılıqlı səfərlər ölkələrimizin yaxınlaşmasına kömək edir. Biz, həmçinin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, ATƏT, Avropa Şurası, MDB və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir.
Bu gün biz iqtisadi, siyasi sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı çox geniş müzakirələr apardıq. Mən Ukrayna Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə məlumat verdim. Münaqişənin həllində prinsipial mövqeyinə görə Ukraynaya təşəkkürümü bildirmək istəyirəm. Bu mövqe bu gün imzalanan Birgə Bəyanatda da öz əksini tapmışdır. Bəyanatda deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ərazi bütövlüyü, suverenlik və dövlətlərin sərhədlərinin pozulmazlığı prinsipləri nəzərə alınmaqla nizama salınmalıdır.
Bu gün biz Prezidentlər Şurasının iclasında münasibətlərimizin iqtisadi hissəsini də müzakirə etdik, yaxşı rəqəmlər, nəticələr, əmtəə dövriyyəsinin artmasını gördük. Əlbəttə, əmtəə dövriyyəsinin sürətlə artması böyük nikbinlik və ümid doğurur.
Bizim şirkətlər tərəfindən artıq həyata keçirilən investisiya layihələri də vardır. Əminəm ki, yaxın vaxtlarda onların həcmi artacaqdır.
Hərbi-texniki sahədə əməkdaşlıq da ənənəvi formata malikdir. Bu gün biz iqtisadiyyatın bu mühüm seqmentində yeni keyfiyyət səviyyəsinə çıxırıq, əməkdaşlığın istiqamətlərini genişləndiririk. Əminəm ki, bu gün mövcud olan təcrübə qarşılıqlı faydalı hərbi-texniki əməkdaşlığı çox fəal inkişaf etdirməyə imkan verəcəkdir. Bu əməkdaşlıq həm də birgə tədqiqatları və müştərək istehsalı nəzərdə tutur.
Energetika sahəsində əməkdaşlıq münasibətlərimizin mühüm tərkib hissəsidir. Burada işlərimiz çox uğurla gedir. Bu artımın nə qədər sürətli olmasını görmək üçün Azərbaycandan Ukraynaya neft və neft məhsulları satışının həcminə dair keçən ilin statistikasına nəzər salmaq kifayətdir. Təkcə keçən il Ukraynaya təqribən 1,5 milyon ton Azərbaycan nefti nəql edilmişdir. Bu, ölkələrimiz arasında fəal və çox səmərəli əməkdaşlığın nəticəsi olan yeni layihədir. Bu məsələ uzun illər boyu diskussiya mərhələsində olmuşdur. Bu gün o, artıq özünün konkret həllini tapmışdır.
Bu ilin yanvar ayında biz, iki prezident Azərbaycanın maye qazının Ukrayna ərazisinə nəql edilməsi haqqında sənəd də imzalamışıq. Biz bu layihəyə böyük əhəmiyyət veririk və bu gün həmin mövzuda məsləhətləşmələr aparılır. Bizim çox zəngin qaz ehtiyatlarımız vardır və biz qaz satışının coğrafiyasını şaxələndirməyə çalışırıq. Zənnimcə, bu da ukraynalı tərəfdaşlarımız üçün maraq doğurur.
Başqa sözlə desək, bugünkü müzakirələrin və Prezidentlər Şurasının iclasının yekunları çox sanballıdır. Bir daha deyirəm, bu nəticələr konkret, praqmatik, realist olmaqla möhkəm siyasi və humanitar əlaqələrə əsaslanır.
Dostumuz Viktor Fyodoroviç Yanukoviçi ölkəmizdə qəbul etmək mənə çox xoşdur. Ölkəmizə Sizin sonuncu səfərinizi xatırlayıram, o vaxt Siz Baş nazir idiniz. O vaxtdan beş il keçmişdir. Lakin bütün bu illər ərzində əlaqələrimiz, münasibətlərimiz davam etmişdir. Bu gün bu münasibətlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə çox cəhətdən kömək edir.
Bir daha xoş gəlmisiniz, Viktor Fyodoroviç.
Ukrayna Prezidenti Viktor Yanukoviçin bəyanatı
- Hörmətli İlham Heydər oğlu!
Ukraynanın və Azərbaycan Respublikasının nümayəndə heyətlərinin hörmətli üzvləri!
Azərbaycan Respublikasının və Ukraynanın Prezidentləri Şurasının növbəti, üçüncü iclası indicə başa çatmışdır. Bundan əvvəl İlham Heydər oğlu ilə təkbətək formatda bir sıra məsələləri müzakirə etmişik. Biz indicə İlham Heydər oğlunun dediyi məsələlərin praktiki olaraq bütün spektrini, birgə planlarımızın həyata keçirilməsi mexanizmlərini çox ətraflı müzakirə etməyə müvəffəq olduq. Hörmətli İlham Heydər oğlu, demək istəyirəm ki, Bakının yeniləşmiş görkəmi məni ürəkdən sevindirir. Biz Bakıya gələn kimi imkan tapib həmkarlarımızla fikir mübadiləsi apardıq. Çünki mənim kimi, burada iştirak edənlərin əksəriyyəti son beş ildə Bakıda olmamışdır. Biz gördük ki, müxtəlif informasiya məlumatlarında, statistik nəşrlərdə deyilən tərəqqi göz qabağındadır. Bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı ilbəil çox yüksək sürətlə inkişaf edir. Bizim üçün bu, hər hansı kəskin daxili və xarici siyasi dəyişiklikləri qəbul etməyən dövlət idarəçiliyi sisteminin necə səmərəli işləyə bilməsini göstərən əyani nümunədir. Yəni, sabitlik dövlətin inkişafının əsasıdır.
Əlbəttə, mənə çox xoşdur ki, Azərbaycanın Ukraynaya münasibətdə siyasəti də bu sabitliyin tərkib hissəsidir. Bu ənənələr hələ Heydər Əliyevlə başlanmışdır. Ukrayna üçün çox ağır illərdə Heydər Əliyev bizə kömək əlini uzatmışdır. O vaxt, 1990-cı illərdə Ukraynada yanacaq-sürtkü materialları yox idi. Azərbaycan həmin məhsulların əldə olunmasında Ukraynaya kömək etdi və biz ölkəmizdə kənd təsərrüfatı işlərini yanacaqla təmin etdik və bütövlükdə ölkəyə necə deyərlər, bir udum oksigen verdik. Ukrayna xalqı bunu unutmur, Heydər Əliyevin ruhu şad olsun.
Ölkələrimiz arasında münasibətlərin əsasını təşkil edən ənənələr davam edir. Lakin əgər bu gün ölkələrimizin bu qədər böyük potensiala malik olduğu bir şəraitdə xalqlarımızın həyatını yaxşılaşdırmağın əsası olan iqtisadiyyatın səviyyəsini xeyli artırmaq vəzifəsini qarşıya qoymasaq, yəqin ki, haqlı olmarıq.
Ötənilki əmtəə dövriyyəsi ölkələrimizin müstəqillik qazandığı bütün illər içərisində görünməmiş səviyyədir. Bu il Ukrayna da, Azərbaycan da müstəqilliklərinin 20-ci ildönümünü qeyd edəcəkdir. Biz ötən il parlaq nümunə göstərdik, əmtəə dövriyyəsi elə səviyyəyə qalxdı ki, Ukrayna hazırda Azərbaycanla bu göstərici üzrə ikinci yeri tutur. Mən bu gün bunu artıq ikinci dəfədir deyirəm. Bu, bizim üçün xoşdur. Əlbəttə, razılaşmalarımızı yerinə yetirməyimiz, onlara əməl etməyimiz çox vacibdir. Nəhayət, Odessa-Brodı neft kəməri işə düşdü. Əlbəttə, onun Baltik dənizinə qədər uzadılması vacibdir. Yəqin ki, biz bu məsələni yaxın gələcəkdə necə həll etmək barədə düşünməliyik. Biz bu məsələni İlham Heydər oğlu ilə müzakirə etmişik. Biz neft kəmərinin Baltik dənizinədək çatması üzərində işləyəcəyik. Mən planlarımızın təfsilatları barədə danışmayacağam. Lakin biz gözəl başa düşürük ki, mövcud imkanları mütləq birlikdə həyata keçirməliyik.
İlham Heydər oğlu məni, demək olar ki, bir çox digər məsələlər barədə danışmaq imkanından məhrum etdi. Çünki o, çox şey barədə danışdı. Təkcə onu əlavə edə bilərəm ki, birgə həyata keçirmək barədə razılığa gəldiyimiz müştərək sərmayə layihələri əlli-əlliyə gerçəkləşdiriləcəkdir. Bu layihələri birlikdə maliyyələşdirmək nəzərdə tutulmuşdur. Bu isə o, deməkdir ki, inşa edəcəyimiz obyektlər, hansı ərazidə tikilməsindən asılı olmayaraq, dövlətlərimizin - Azərbaycan Respublikasının və Ukraynanın birgə mülkiyyəti olacaqdır. Bu, etimadın ən yüksək səviyyəsidir və əlbəttə, düşünürəm ki, biz əvvəlcə birlikdə layihələşdirib, sonra həyata keçirsək səmərəlilik daha da artar.
Bizim artıq indi nəzərdən keçirdiyimiz bir sıra layihələr təkcə layihələşdirməyə deyil, həm də müxtəlif elmi tədqiqatlara, yeni texnologiyaların inkişafı sahəsinə, elmi-təcrübə bazalarımızın, elmi-tədqiqat təşkilatlarının fəaliyyətinə aiddir. Bunlar ən yaxın gələcəkdə həyata keçirəcəyimiz planlardır. Bu gün biz belə müqavilələr imzaladıq. Başqa sözlə, birgə qərarlarımızın səmərəliliyi bu gün imzaladığımız 2014-2015-ci illərədək olan dövr üçün planların əsasını təşkil edir. Orada müxtəlif sənədlər vardır.
Mən həm də Azərbaycan torpağında bizə göstərdiyiniz çox böyük qonaqpərvərliyə, əlbəttə, qərarların qəbul edilməsində və həyata keçirilməsində operativliyə görə nümayəndə heyətimiz adından təşəkkürümü bildirmək istəyirəm. Bu, ikitərəfli münasibətlərimiz üçün səciyyəvidir.
Əlbəttə, qarşıda bizi müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizin əlaqələndirilməsinə dair böyük iş gözləyir. Bu, iqtisadiyyatın qloballaşdırılması, müxtəlif texnogen qəzaların nəticələrinin aradan qaldırılması şəraitində çox vacibdir. Bununla əlaqədar, Çernobıl Atom Elektrik Stansiyasında "Örtük" layihəsinin həyata keçirilməsi üçün Çernobıl Fonduna bir milyon dollar köçürülməsi barədə qərara görə, İlham Heydər oğlu, Sizə, Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm. Bu da xalqlarımız arasında qırılmaz əlaqələrin dar gündə də, Ukrayna sakinlərinin təhlükəsizliyi, 25 il əvvəl baş vermiş faciə ilə bilavasitə bağlı qərar qəbul etmək vaxtı çatanda da özünü büruzə verməsinin parlaq nümunəsidir. Bu faciə indi də Ukrayna xalqını böyük gərginlikdə saxlayır. Çünki biz o faciənin nəticələrinə görə təkcə qonşu ölkələr qarşısında deyil, həm də Avropa qarşısında, bütün dünya qarşısında məsuliyyət hiss edirik. Biz bilirik ki, bu layihə artıq 2015-ci ildən sonra Çernobıl qəzasının nəticələrini birdəfəlik aradan qaldırmağa, başqa sözlə, qəzalı bloku söküb nüvə yanacağının qalıqlarını oradan çıxarmağa imkan verəcəkdir. Buna görə də Sizə çox böyük təşəkkürümü bildirir, Azərbaycan xalqı qarşısında baş əyirəm. Çox sağ olun.
X X X
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.
- Hörmətli prezidentlər, maye qaz barədə razılaşmanı bir qədər konkretləşdirə bilərdinizmi? Məsələn, Ukraynada terminalın necə inşa ediləcəyi məsələsində artıq indi aydınlıq vardırmı? Bu işə sərmayə qoyulacaq, yoxsa dövlətlərin hesabına tikiləcəkdir? Azərbaycan bu terminalı qazla təmin edə bilərmi və o, rəqabətə davamlı olacaqdırmı?
Prezident İlham Əliyev: Bu barədə sənəd bu ilin yanvar ayında Davosda Viktor Fyodoroviçlə görüşümüz zamanı imzalanmışdır. O qədər də çox vaxt keçməmişdir və indi biz bu mövzuda ciddi məsləhətləşmələrə başlayırıq. Əlbəttə, sizin dediyiniz məsələlər bu layihənin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Çünki bu layihəni həyata keçirmək üçün bütün texniki, kommersiya, hüquq məsələləri həll edilməlidir. Bizim diskussiyalar zamanı gördük ki, ukraynalı tərəfdaşlarımız bu layihəni həyata keçirməyə çox səy edirlər. Bu layihə Ukrayna tərəfinin təşəbbüsü ilə başlanmışdır. Bu onu göstərir ki, Ukrayna bu layihənin həyata keçirilməsində, eləcə də təchizat mənbələrinin şaxələndirilməsində maraqlıdır. Buna görə bu gün biz ölkələrimizin nazirlikləri, həmçinin şirkətlər səviyyəsində bu mövzuda fəal məsləhətləşmələr aparırıq və düşünürəm ki, bu məsləhətləşmələrin nəticəsi artıq konkret təkliflər və texniki-iqtisadi əsaslandırmalar olacaqdır. Bu sənədlərdə məhz mənim dediyim məqam - layihənin kommersiya tərəfi, təchizatın həcmi, nəqliyyat amili, bu qazın çatdırılması üçün zəruri vasitələr öz əksini tapacaqdır. Bildiyiniz kimi, burada da müxtəlif variantlar vardır. Ona görə də biz bunu perspektivli layihə hesab edirik və biz onun həyata keçirilməsi ilə əlaqədar proseslərdə fəal iştirak edəcəyik.
Təchizatın həcmi məsələsinə gəldikdə, burada yəqin ki, bizim malik olduğumuz rəqəmləri göstərmək kifayətdir, mən həcm göstəricilərini nəzərdə tuturam. Azərbaycanda təbii qazın təsdiqlənmiş ehtiyatlarının həcmi 2,2 trilyon kubmetrə bərabərdir. Yaxın gələcəkdə planlaşdırılan investisiyaların məbləği milyardlarla, bəlkə də 10 milyardlarla dollar ilə ölçülür. Bu, hasilatı artırmağımıza imkan verəcəkdir və təbii ki, biz təchizatın şaxələndirilməsində maraqlıyıq. Bu gün biz qaz ehtiyatlarımızı qonşu ölkələrə nəql edirik. Əlbəttə biz bu ənənəvi bazarlara təchizatın artırılmasında, eləcə də yeni bazarlara çıxmaqda maraqlıyıq. İstehlakçı ölkələr yeni mənbələrdə maraqlı olduğu kimi, istehsalçı ölkələr də yeni bazarlarda maraqlıdırlar. Burada istehlakçıların və istehsalçıların maraqları üst-üstə düşür. Bizim halda bu maraqlar tamamilə üst-üstə düşür. Buna görə də düşünürəm ki, biz lap yaxın vaxtlarda bu mövzuda fəal silsilə məsləhətləşmələr aparacağıq və onda artıq bu məsələdə daha çox aydınlıq olacaqdır.
- Mənim sualım hər iki prezidentədir. Energetika sahəsində Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq uğurla inkişaf edir. Qeyri-neft sektorunda da ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün böyük imkanlar vardır. Siz bu sahədə əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
Prezident İlham Əliyev: Bu gün biz bu məsələləri çox fəal müzakirə etmişik və Prezidentlər Şurasının iclasında bu məsələ diskussiyalarımızın bir hissəsi olmuşdur. Əlbəttə, energetika sahəsində əməkdaşlıqla əlaqədar məsələlər xüsusi maraq doğurur. Lakin biz iqtisadiyyatlarımızı da şaxələndirməli, əmtəə dövriyyəsinin strukturuna da nəzər salmalıyıq. Hökumətlərarası komissiyanın həmsədrləri bizə bu gün məruzə etdilər ki, bizim Ukraynaya ixracın mütləq əksəriyyəti neft və neft məhsullarıdır. Bu, özlüyündə yaxşı amildir. Lakin biz əlbəttə, istərdik ki, ixracın nomenklaturu daha çox şaxələnsin. Xüsusən ona görə ki, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir. Emal sənayesi inkişaf edir, sənaye istehsalı artır. Buna görə də mən düşünürəm ki, hökumətlərarası komissiyanın bu yaxınlarda Bakıda keçirilmiş iclası çərçivəsində bu məsələ müzakirə olunmuşdur və bizim necə əməkdaşlıq edə biləcəyimizin konkret yolları müəyyən ediləcəkdir.
Bu gün müzakirə etdiyimiz məsələlərdən, qeyri-neft sektorunda əlaqələrin konkret istiqamətlərindən hərbi-texniki sahədə əməkdaşlığın adını çəkmək istərdim. Bu barədə mən artıq danışdım. Burada da bizim bir neçə komponentimiz vardır - alışlar, birgə istehsal, habelə müştərək araşdırmalar. Bundan əlavə, biz bu gün aerokosmik sahədə əməkdaşlığın perspektivlərini də müzakirə etdik. Burada Ukraynanın da çox böyük potensialı və bu sahədə ənənələri vardır, Azərbaycan da bu sahəni inkişaf etdirməyi çox arzulayır. Bizim kosmik məsələlər üzrə agentlik yaratdığımızı, kosmik sənaye yaratmaqda olduğumuzu və gələn ilin sonuna qədər ilk telekommunikasiya peyki buraxacağımızı nəzərə alsaq, bu sahə bizim üçün prioritet sahələrdən birinə çevrilir.
Zənnimcə, qeyri-neft sektorunda bu iki istiqamət üstünlük təşkil edəcəkdir. Əlbəttə, kənd təsərrüfatı malları, kənd təsərrüfatı məhsulları istehsalı, emal məhsulları istehsalı sahəsində də böyük perspektivlər vardır. Biz müştərək istehsalatlar yaratmaq, həm ixracın, həm də idxalın nomenklaturunu genişləndirmək barədə fikirləşirik.
Prezident Viktor Yanukoviç: Mən vurğulamaq istərdim ki, Ukraynada Azərbaycana ixracın strukturunda məhsulların spektri çox genişdir və bunlar əsasən əlavə dəyər səviyyəsi yüksək olan məhsullardır. Buraya maşınqayırma, elektrotexnika məhsulları, Ukrayna ilə Azərbaycan arasında onilliklər boyu əlaqələri olan iqtisadiyyatın ənənəvi sahələrinin məhsulları daxildir. Lakin bu gün biz artıq o barədə danışırıq ki, bu məhsulun bir qismini Azərbaycanda buraxmaq olar. Biz bu məsələləri müzakirə etmişik və gələcəkdə bu strategiyaya riayət edəcəyik. Yəni, Azərbaycan ərazisində müştərək müəssisələr yaradacağıq ki, gələcəkdə bu texnikaya xidmət etmək, servis xidmətləri göstərmək, Ukraynada istehsal edilən, Azərbaycanda istehsal etməyin mənası olmayan dəstləşdirmə məmulatlarından qismən istifadə etməklə məhsul istehsal etmək mümkün olsun. Dəstləşdirici məmulatların müəyyən hissəsi isə Azərbaycanda istehsal ediləcəkdir.
Bir daha təkrar edirəm, bu məhsulların spektri çox genişdir. İlham Heydər oğlu çox məsələlər haqqında danışdı, mən isə əlbəttə əlavə edə bilərəm ki, Azərbaycanda işləyə biləcək kənd təsərrüfatı texnikasının, Ukraynada istehsal edilən müxtəlif markalı avtomobillərin buraxılışı məsələlərini də müzakirə etməyə dəyər və bu gün həmin avtomobillər Azərbaycanda istismar edilir. Lakin biz onları burada yığa bilərik və bu, təkcə Azərbaycan üçün deyil, bizim həmin texnika ilə təmin etdiyimiz bütün Xəzər regionu üçün maraqlı olacaqdır.
Əlbəttə, bütövlükdə əməkdaşlığımız bizim iqtisadiyyatların bir-birini qarşılıqlı tamamlamasına və ölkələrimizdə mövcud olan ənənəvi istiqamətlərin rəqabət qabiliyyətini təmin etməyə yönəlmişdir. Bundan əlavə, əlbəttə bu gün biz düşünürük ki, Ukraynada olan potensialımız azərbaycanlı həmkarlarımız, tərəfdaşlarımız üçün tam həcmdə istifadə edilə bilsin. Təbii ki, İlham Heydər oğlu ilə biz Azərbaycan məhsullarının Ukraynaya göndərilməsi barədə də danışdıq. Hazırda biz yanacaqdoldurma stansiyaları tikirik. Bu, bizim marağımıza uyğundur. Biz, həmçinin Ukrayna ərazisində neft emalı zavodunun tikilməsi, ola bilsin ki, alınması, modernləşdirilməsi məsələlərini də müzakirə edirik. Perspektiv baxımından bu, tamamilə real və maraqlıdır. Əlbəttə, xammal satışından əlavə, onu bizdə, Ukrayna ərazisində emal etmək də maraqlıdır. Buna görə də münasibətlərimizin əsasını təşkil edən etimad, dostcasına qarşılıqlı anlaşma qərarlar qəbul edilməsini və yaxın müddət üçün nəzərdə tutduğumuz işlərin yerinə yetirilməsini müəyyən dərəcədə sürətləndirəcəkdir. Hesab edirəm ki, bizim bu işlərin sürətini yalnız artırmaq perspektivi vardır. Bu gün həmin sürət optimaldır, münasibətlərimiz üçün əlverişlidir və güman edirəm ki, biz münasibətlərdə bu vəziyyəti uzun müddət qoruyub saxlayacağıq.
---------------
28.IV.2011
20:40

------------
20:38

17:24
Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin mətbuat konfransı olub.
***
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü başa çatandan sonra iki ölkənin Prezidentləri Şurasının üçüncü iclası olub. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev iclası açaraq deyib:
- Hörmətli Viktor Fyodoroviç! Hörmətli qonaqlar!
Sizi Azərbaycanda ürəkdən salamlayıram. Sizi ölkəmizdə görməyə çox şadam. Bu, Sizin Ukrayna Prezidenti kimi Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu olacaq, yaxşı nəticələr əldə ediləcək, biz irəliyə doğru fəal hərəkət edəcəyik. Mən, həmçinin keçən il Sizin ölkənizə səfərim zamanı mənə göstərilmiş qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Biz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmişik. Bütün istiqamətlər üzrə fəal irəliləyirik. Hökumətlərarası Komissiya səmərəli işləyir, siyasi dialoq inkişaf edir. Bu gün Sizinlə təkbətək görüşdə biz münasibətlərimizin geniş gündəliyini müzakirə etdik. Lakin bu gün razılaşdırılmış gündəliyi Prezidentlər Şurasının iclasında da müzakirə edəcəyik. Gündəlik geniş, çox müfəssəl və konkretdir. Əminəm ki, Prezidentlər Şurasının iclasının yekunlarına əsasən biz öz münasibətlərimizin inkişafının sonrakı addımlarını müəyyən edəcəyik. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk, onların qədrini bilirik və əminik ki, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi regional kooperasiyanın da genişlənməsinə kömək edəcəkdir.
Sizi bir daha ürəkdən salamlayıram və ümid edirəm ki, səfər uğurlu və xoş olacaqdır.
Xoş gəlmisiniz!
Sonra Ukrayna Prezidenti Viktor Yanukoviç çıxış edərək deyib:
- Sağ olun, möhtərəm İlham Heydər oğlu!
Hörmətli iclas iştirakçıları!
İlham Heydər oğlu, mən ilk növbədə Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edildiyimə və buraya gəlmək imkanıma görə Sizə minnətdarlığımı bildirmək istərdim. Bizim ölkələr artıq çoxdandır ki, strateji tərəfdaşlardır. Mən deyərdim, bu, bir-biri ilə çox yaxın olan iki ölkə arasnda münasibətləri necə qurmaq lazım olduğunu göstərən parlaq nümunədir.
Biz ikitərəfli səviyyədə münasibətlərimizi çox uğurla inkişaf etdiririk. Bizim Hökumətlərarası Komissiya və altkomissiyalar gözəl işləyirlər. Onlar bütün istiqamətlər üzrə iş aparırlar. Keçən ilin yekunları bu işin nəticəsi olmuşdur. Bu səmərəli işin əyani nümunəsi belədir: ölkələrimiz arasında əmtəə dövriyyəsi artımı rekord səviyyəyə çatmışdır. Lakin bu, hələ son hədd deyildir. Əminəm ki, imkanlarımız bundan qat-qat genişdir. Bunu görmək mənə xoş oldu ki, Ukrayna Rusiyadan sonra Azərbaycanın ikinci ticarət tərəfdaşına çevrilmişdir. Bu, çox gözəl nəticədir.
---------
16:35
Azərbaycan və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasından sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı barədə Birgə Bəyannaməsi"ni, "Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasının Protokolu"nu, "Azərbaycan Respublikası ilə Ukrayna arasında 2011-2015-ci illərdə Hərtərəfli Əməkdaşlığa dair Tədbirlər Planı"nı Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç imzalayıblar.
-------------
14:41
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Prezidentlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
----------
14:17
Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AzərTAc dövlət agentliyinin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ukrayna Prezidenti Viktor Yanukoviçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli uşaqlar Ukrayna Prezidentinə gül dəstələri təqdim ediblər.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Viktor Yanukoviç və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
***
Ukrayna Prezidenti Viktor Yanukoviçin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.
Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Viktor Yanukoviçə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Milli.Az
------------------
23:50
Ali qonağın şərəfinə

Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı olmuşdur

Azərbaycan-Ukrayna sənədləri imzalanmışdır

---------------
18:51
Azərbaycan və Ukrayna Prezidentləri Şurasının üçüncü iclası

---------
15:22
Ukrayna Prezidenti Viktor Yanukoviçin rəsmi qarşılanma mərasimi

Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü

Foto: AzərTAc

DİGƏR XƏBƏRLƏR
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Türkmənistan Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
-
Ərdoğan ABŞ-İran razılaşmasından yazdı
-
İlham Əliyev: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
XƏBƏR LENTİ
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Acunun komandası millimizin üzvünü istəyir
-
Ağ Evdə UFC gecəsi: Yeni çempion bəlli oldu - VİDEO
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
-
Aygün Kazımova Röyaya ad günü hədiyyəsi göndərdi - FOTO
-
Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO
-
Bakının 6 rayonunda yolların təmirinə başlanılır - SİYAHI
-
Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü
-
Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib - Səfirlik
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı
-
İllər öncə Röya ilə alınmayan duetdən danışdı: "Saçlarımı yolmaq istədim..." - VİDEO
-
"Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş anı oldu" - Kamaləddin Qafarov
-
Şüvəlanda it 2 nəfərə hücum etdi
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndəriləcək
-
Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO
-
“Şamaxı”nın futbolçusu Ermənistan klubuna keçdi - FOTO
-
Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər
-
Tanınmış xanəndə ilk dəfə oğlu ilə görüntüsünü paylaşdı
-
Nərmin Əliyevanın bacısı faciəvi şəkildə öldü - FOTO
-
Dünyanın ilk heyvansız "ferma"sı açıldı - Təbii ətdən seçilməyəcək - VİDEO
-
Amerikalı müğənni helikopter qəzasında öldü - FOTO