Siyasət

Şirvan və Qubadlı ictimaiyyətinin nümayəndələri “Gorus-2010: absurd teatrı mövsümü” kitabını müzakirə ediblər

26 Aprel 2011 12:02
Baxış: 232
Şirvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. AzərTAc dövlət agentliyinin məlumatına görə, toplantıda şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov məruzə ilə çıxış edib.
O, bildirib ki, son vaxtlar Azərbaycana qarşı psixoloji-siyasi həmlələrin artması bizdən ayıq-sayıq olmağı, bir ideya ətrafında sıx birləşməyi, təbliğat imkanlarımızı səfərbər edib ideoloji işimizi zəngin faktlar və çevik manevrlər əsasında qurmağı tələb edir: "Çünki tarixi həqiqətləri təhrif edən erməni ideoloqları uzun illərdir ki, törətdikləri dəhşətli cinayətləri pərdələmək üçün dünya ictimaiyyətini qondarma "erməni soyqırımı" iddiaları ilə çaşdırmağa çalışırlar. Bu iddianı daim gündəmdə saxlamaqla ermənilər başqa dövlətlərin hesabına daha geniş əraziyə yiyələnməyə, diqqəti özlərinin işğalçılıq siyasətlərindən yayındırmağa cəhd göstərirlər. Ermənilər bu gün də müxtəlif ölkələrdə yalan və iftira kampaniyalarını davam etdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdürlər. İftira kampaniyasının önündə isə Ermənistanın rəhbər vəzifəli şəxsləri, ilk növbədə əli azərbaycanlıların qanına batmış, Azərbaycan torpağında ağır müharibə cinayətləri törətmək sayəsində hakimiyyətə yiyələnən prezident Serj Sarkisyan dayanır. Ermənistan prezidenti Serj Sarkisyan 2010-cu il oktyabrın 16-da qədim Azərbaycan torpağı olan Gorus şəhərində erməni diasporunu təmsil edən jurnalistlərlə görüşdə tarixi faktları təhrif edərək absurd tezislər irəli sürüb.

Konfransda qeyd edilib ki, akademik Ramiz Mehdiyevin kitabında göstərildiyi kimi, Serj Sarkisyanın Gorusda "erməni dilinin ən qədim dillərdən biri olması", "ermənilərin ali irqə mənsub olması", "Azərbaycan xalqının XX əsrdə yaranması", "Dağlıq Qarabağ xalqının milli özünü təyinetmə hüququna malik olması" kimi absurd bəyanatlar səsləndirməsi Ermənistan rəhbərliyinin diplomatik cəbhədə çıxılmaz vəziyyətə düşdüyünü göstərir.

Danışıqları süni şəkildə uzatmaq imkanları tükənən, işğalçılıq siyasətinə görə beynəlxalq təzyiqlə üzləşən S. Sarkisyan Gorusda verdiyi bəyanatlarla faktiki olaraq Azərbaycanın diplomatik üstünlüyünü etiraf edib.

Məruzəçi qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının cəmiyyətdə böyük əks-səda doğurması və maraqla qarşılanması təsadüfi deyil.

Kitabda ermənilərin Cənubi Qafqaz və Dağlıq Qarabağda yerləşdirilməsi, son iki əsrdə terror, soyqırımı və deportasiya siyasəti yürütdükləri konkret faktlarla göstərilib.

Əsərin girişində Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda jurnalistlər qarşısında verdiyi dırnaqarası "açıqlamalar"ın elmilikdən uzaq olduğu, tarixi həqiqətlərin təhrif edildiyi, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güddüyü xüsusi vurğulanır. Ermənilərin guya "daha üstün xalq olması"na, "qondarma soyqırımı" iddialarına, Türkiyə və Azərbaycana təzyiq göstərmək cəhdlərinə tutarlı cavab verilir. 1915-ci ilin aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər tərəfindən qətlə yetirilməsi barədə faktların cəfəngiyat olduğu faktlarla təsdiqlənir.

Kitabda təkzibedilməz tarixi faktlar əsasında qeyd olunur ki, XV əsrin sonlarınadək Cənubi Qafqazda erməni adlı xalq yaşamayıb. Onların Dağlıq Qarabağda yerləşdirilməsi məhz XIX əsrə təsadüf edir. 1813-cü və 1828-ci illərdə Rusiya və İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə Azərbaycanın parçalanmasının əsası qoyulub, 1828-ci il martın 21-də "Erməni vilayəti" yaradılıb.

Gərgin araşdırma və zəhmət bahasına ərsəyə gəlmiş əsərdə ermənilərin 1918-ci il martın 30-dan aprelin 2-dək azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, milli-mənəvi sərvətlərimizə sahib çıxmaları, Azərbaycanın maddi mədəniyyət abidələrini musiqi alətlərini, öz adlarına çıxmaları, azərbaycanlılara məxsus yer adlarını dəyişdirmələri real faktlarla əksini tapıb.

"Gorus-2010: absurd teatrı mövsümü" əsərində müəllif son illərdə Ermənistanın ciddi diplomatik geriləməyə məruz qaldığını, ölkəmizin danışıqlar prosesində üstünlüyü və təşəbbüsü ələ almasını, haqlı mövqeyini qətiyyətlə ortaya qoyaraq müdafiə etməsini real faktlarla göstərib.
Əsərin sonunda Ermənistanın hazırkı qeyri-konstruktiv mövqeyinin erməni xalqını daha böyük müsibətlərə sürüklədiyi diqqətə çatdırılıb.

Bildirilib ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, istərsə də bədnam erməni ideoloqlarının apardıqları çirkin təbliğat kampaniyasının ifşa olunması baxımından son dərəcə əhəmiyyətli, aktual bir əsərdir.

Elmi-nəzəri konfransda çıxış edən Şirvan şəhər prokuroru Həsən Hənifəyev, Türk Liseyinin direktor müavini Saleh Məmmədli, tarix müəllimləri Tamam Ağamalıyeva və Mərziyyə Xudiyeva akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını bədnam qonşularımızın əsl xislətinin açılması, tariximizin öyrənilməsi, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini xüsusi vurğulayıblar.

Tədbirin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, deportasiya və terror aktlarından bəhs edən "Sözün bitdiyi zaman" sənədli filmi nümayiş etdirilib.

*****

Qubadlı rayonu ictimaiyyətinin nümayəndələri də "dəyirmi masa" arxasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını müzakirə ediblər. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tədbiri açaraq deyib: "Bu qiymətli kitabın başlıca məziyyəti odur ki, kitabda gətirilən tarixi reallıqların monitorinqinə əsaslanmış təkzibedilməz faktlara həm siyasətçi və həm də tarixçi mövqeyindən yanaşmaq mümkündür". Nəşrdə Ermənistan prezidenti Serj Sarkisyanın 2010-cu il oktyabrın 16-da Gorus şəhərində təşkil etdiyi növbəti tamaşa elmi dəlillər əsasında ifşa edilib. Öz iftiraları ilə tarixi saxtalaşdırmağa, beynəlxalq ictimaiyyəti aldatmağa çalışan erməni ideoloqlarının yeni cəhdlərindən bəhs edən müəllif, Ermənistan siyasi isteblişmentinin məkrli niyyətlərini ustalıqla ifşa edir. Müəllif S.Sarkisyanın Azərbaycanın qədim Zəngəzur torpağında jurnalistlərlə keçirdiyi görüş barədə ətraflı məlumat verir, Xocalı soyqırımının, habelə Dağlıq Qarabağda və onun ətrafındakı yeddi rayonda Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparılmasının əsas təşkilatçılarından birinin elmi və siyasi səbatsızlığını bacarıqla sübut edir. S.Sakisyanın özünü "akademik" kimi qələmə vermək, elm aləmini "yeni kəşflərlə" heyrətləndirmək cəhdi uğursuzluğa düçar olub. Ermənistan sülh şansını əldən verib. Akademik Ramiz Mehdiyev öz kitabında qeyd edir ki, bunu dərk etmək üçün Azərbaycanı Ermənistanla müqayisə etmək, iki ölkə arasında bugünkü fərqin illər ötdükcə artacağını dəyərləndirmək kifayətdir.

Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov kitabı akademik və ideoloji müstəvidə yüksək qiymətləndirib, əsərin siyasi əhəmiyyətini xüsusi vurğulayıb. O, həmçinin kitabın öyrənilməsi və təbliği sahəsində qarşıda duran vəzifələrdən söz açıb.

Sonra məruzələr dinlənilib. Bildirilib ki, akademik Ramiz Mehdiyevin kitabı ermənilərin növbəti iftiralarına qarşı tutarlı cavab olmaqla yanaşı, çoxsaylı tarixi faktların əks olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərinin açılması baxımından da xüsusi əhəmiyyət kəsb edir, son 200 ildə regionda baş vermiş ictimai-siyasi proseslərə aydınlıq gətirir. Kitabda, habelə bugünkü Ermənistanın siyasi ab-havasının mənzərəsi öz əksini tapıb.

Natiqlər müəllifin gəldiyi haqlı nəticəni xüsusi vurğulayıblar: Bütün bu illər ərzində Ermənistanda hələ də dərk etməyiblər ki, qonşu dövlətin ərazisini işğal etməklə, etnik təmizləmə aparmaqla, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla, günahsız insanları məhv etməklə bu ölkə sözün həqiqi mənasında uduzub. "Dəyirmi masa"da çıxış edənlər, həmçinin qeyd ediblər ki, akademik Ramiz Mehdiyevin təkzibedilməz faktlara əsaslanan dəyərli elmi əsəri təkcə tarixçilər, siyasətçilər, qafqazşünaslar üçün deyil, həm də konfliktoloqlar və geniş oxucu auditoriyası üçün faydalı və qiymətli mənbədir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.