Şirvan və Qubadlı ictimaiyyətinin nümayəndələri “Gorus-2010: absurd teatrı mövsümü” kitabını müzakirə ediblər
26 Aprel 2011 12:02
Şirvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010:
absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri
konfrans keçirilib. AzərTAc dövlət agentliyinin məlumatına görə,
toplantıda şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov məruzə ilə
çıxış edib.
O, bildirib ki, son vaxtlar Azərbaycana qarşı
psixoloji-siyasi həmlələrin artması bizdən ayıq-sayıq olmağı, bir ideya
ətrafında sıx birləşməyi, təbliğat imkanlarımızı səfərbər edib ideoloji
işimizi zəngin faktlar və çevik manevrlər əsasında qurmağı tələb edir:
"Çünki tarixi həqiqətləri təhrif edən erməni ideoloqları uzun illərdir
ki, törətdikləri dəhşətli cinayətləri pərdələmək üçün dünya
ictimaiyyətini qondarma "erməni soyqırımı" iddiaları ilə çaşdırmağa
çalışırlar. Bu iddianı daim gündəmdə saxlamaqla ermənilər başqa
dövlətlərin hesabına daha geniş əraziyə yiyələnməyə, diqqəti özlərinin
işğalçılıq siyasətlərindən yayındırmağa cəhd göstərirlər. Ermənilər bu
gün də müxtəlif ölkələrdə yalan və iftira kampaniyalarını davam
etdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdürlər. İftira
kampaniyasının önündə isə Ermənistanın rəhbər vəzifəli şəxsləri, ilk
növbədə əli azərbaycanlıların qanına batmış, Azərbaycan torpağında ağır
müharibə cinayətləri törətmək sayəsində hakimiyyətə yiyələnən prezident
Serj Sarkisyan dayanır. Ermənistan prezidenti Serj Sarkisyan 2010-cu il
oktyabrın 16-da qədim Azərbaycan torpağı olan Gorus şəhərində erməni
diasporunu təmsil edən jurnalistlərlə görüşdə tarixi faktları təhrif
edərək absurd tezislər irəli sürüb.
Konfransda qeyd edilib ki,
akademik Ramiz Mehdiyevin kitabında göstərildiyi kimi, Serj Sarkisyanın
Gorusda "erməni dilinin ən qədim dillərdən biri olması", "ermənilərin
ali irqə mənsub olması", "Azərbaycan xalqının XX əsrdə yaranması",
"Dağlıq Qarabağ xalqının milli özünü təyinetmə hüququna malik olması"
kimi absurd bəyanatlar səsləndirməsi Ermənistan rəhbərliyinin diplomatik
cəbhədə çıxılmaz vəziyyətə düşdüyünü göstərir.
Danışıqları süni
şəkildə uzatmaq imkanları tükənən, işğalçılıq siyasətinə görə beynəlxalq
təzyiqlə üzləşən S. Sarkisyan Gorusda verdiyi bəyanatlarla faktiki
olaraq Azərbaycanın diplomatik üstünlüyünü etiraf edib.
Məruzəçi
qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü"
kitabının cəmiyyətdə böyük əks-səda doğurması və maraqla qarşılanması
təsadüfi deyil.
Kitabda ermənilərin Cənubi Qafqaz və Dağlıq
Qarabağda yerləşdirilməsi, son iki əsrdə terror, soyqırımı və
deportasiya siyasəti yürütdükləri konkret faktlarla göstərilib.
Əsərin
girişində Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda jurnalistlər
qarşısında verdiyi dırnaqarası "açıqlamalar"ın elmilikdən uzaq olduğu,
tarixi həqiqətlərin təhrif edildiyi, beynəlxalq ictimaiyyəti çaşdırmaq
məqsədi güddüyü xüsusi vurğulanır. Ermənilərin guya "daha üstün xalq
olması"na, "qondarma soyqırımı" iddialarına, Türkiyə və Azərbaycana
təzyiq göstərmək cəhdlərinə tutarlı cavab verilir. 1915-ci ilin
aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər
tərəfindən qətlə yetirilməsi barədə faktların cəfəngiyat olduğu
faktlarla təsdiqlənir.
Kitabda təkzibedilməz tarixi faktlar
əsasında qeyd olunur ki, XV əsrin sonlarınadək Cənubi Qafqazda erməni
adlı xalq yaşamayıb. Onların Dağlıq Qarabağda yerləşdirilməsi məhz XIX
əsrə təsadüf edir. 1813-cü və 1828-ci illərdə Rusiya və İran arasında
imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə Azərbaycanın
parçalanmasının əsası qoyulub, 1828-ci il martın 21-də "Erməni vilayəti"
yaradılıb.
Gərgin araşdırma və zəhmət bahasına ərsəyə gəlmiş
əsərdə ermənilərin 1918-ci il martın 30-dan aprelin 2-dək
azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, milli-mənəvi
sərvətlərimizə sahib çıxmaları, Azərbaycanın maddi mədəniyyət
abidələrini musiqi alətlərini, öz adlarına çıxmaları, azərbaycanlılara
məxsus yer adlarını dəyişdirmələri real faktlarla əksini tapıb.
"Gorus-2010:
absurd teatrı mövsümü" əsərində müəllif son illərdə Ermənistanın ciddi
diplomatik geriləməyə məruz qaldığını, ölkəmizin danışıqlar prosesində
üstünlüyü və təşəbbüsü ələ almasını, haqlı mövqeyini qətiyyətlə ortaya
qoyaraq müdafiə etməsini real faktlarla göstərib.
Əsərin sonunda
Ermənistanın hazırkı qeyri-konstruktiv mövqeyinin erməni xalqını daha
böyük müsibətlərə sürüklədiyi diqqətə çatdırılıb.
Bildirilib ki,
akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı
istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması,
istərsə də bədnam erməni ideoloqlarının apardıqları çirkin təbliğat
kampaniyasının ifşa olunması baxımından son dərəcə əhəmiyyətli, aktual
bir əsərdir.
Elmi-nəzəri konfransda çıxış edən Şirvan şəhər
prokuroru Həsən Hənifəyev, Türk Liseyinin direktor müavini Saleh
Məmmədli, tarix müəllimləri Tamam Ağamalıyeva və Mərziyyə Xudiyeva
akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını
bədnam qonşularımızın əsl xislətinin açılması, tariximizin öyrənilməsi,
tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini
xüsusi vurğulayıblar.
Tədbirin sonunda ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, deportasiya və
terror aktlarından bəhs edən "Sözün bitdiyi zaman" sənədli filmi nümayiş
etdirilib.
*****
Qubadlı rayonu ictimaiyyətinin nümayəndələri də "dəyirmi masa" arxasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını müzakirə ediblər. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tədbiri açaraq deyib: "Bu qiymətli kitabın başlıca məziyyəti odur ki, kitabda gətirilən tarixi reallıqların monitorinqinə əsaslanmış təkzibedilməz faktlara həm siyasətçi və həm də tarixçi mövqeyindən yanaşmaq mümkündür". Nəşrdə Ermənistan prezidenti Serj Sarkisyanın 2010-cu il oktyabrın 16-da Gorus şəhərində təşkil etdiyi növbəti tamaşa elmi dəlillər əsasında ifşa edilib. Öz iftiraları ilə tarixi saxtalaşdırmağa, beynəlxalq ictimaiyyəti aldatmağa çalışan erməni ideoloqlarının yeni cəhdlərindən bəhs edən müəllif, Ermənistan siyasi isteblişmentinin məkrli niyyətlərini ustalıqla ifşa edir. Müəllif S.Sarkisyanın Azərbaycanın qədim Zəngəzur torpağında jurnalistlərlə keçirdiyi görüş barədə ətraflı məlumat verir, Xocalı soyqırımının, habelə Dağlıq Qarabağda və onun ətrafındakı yeddi rayonda Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparılmasının əsas təşkilatçılarından birinin elmi və siyasi səbatsızlığını bacarıqla sübut edir. S.Sakisyanın özünü "akademik" kimi qələmə vermək, elm aləmini "yeni kəşflərlə" heyrətləndirmək cəhdi uğursuzluğa düçar olub. Ermənistan sülh şansını əldən verib. Akademik Ramiz Mehdiyev öz kitabında qeyd edir ki, bunu dərk etmək üçün Azərbaycanı Ermənistanla müqayisə etmək, iki ölkə arasında bugünkü fərqin illər ötdükcə artacağını dəyərləndirmək kifayətdir.
Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov kitabı akademik və ideoloji müstəvidə yüksək qiymətləndirib, əsərin siyasi əhəmiyyətini xüsusi vurğulayıb. O, həmçinin kitabın öyrənilməsi və təbliği sahəsində qarşıda duran vəzifələrdən söz açıb.
Sonra məruzələr dinlənilib. Bildirilib ki, akademik Ramiz Mehdiyevin kitabı ermənilərin növbəti iftiralarına qarşı tutarlı cavab olmaqla yanaşı, çoxsaylı tarixi faktların əks olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərinin açılması baxımından da xüsusi əhəmiyyət kəsb edir, son 200 ildə regionda baş vermiş ictimai-siyasi proseslərə aydınlıq gətirir. Kitabda, habelə bugünkü Ermənistanın siyasi ab-havasının mənzərəsi öz əksini tapıb.
Natiqlər müəllifin gəldiyi haqlı nəticəni xüsusi vurğulayıblar: Bütün bu illər ərzində Ermənistanda hələ də dərk etməyiblər ki, qonşu dövlətin ərazisini işğal etməklə, etnik təmizləmə aparmaqla, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla, günahsız insanları məhv etməklə bu ölkə sözün həqiqi mənasında uduzub. "Dəyirmi masa"da çıxış edənlər, həmçinin qeyd ediblər ki, akademik Ramiz Mehdiyevin təkzibedilməz faktlara əsaslanan dəyərli elmi əsəri təkcə tarixçilər, siyasətçilər, qafqazşünaslar üçün deyil, həm də konfliktoloqlar və geniş oxucu auditoriyası üçün faydalı və qiymətli mənbədir.
Milli.Az