Siyasət

Qüdrət Həsənquliyev: “Barışmaz müxalifət partiyaları eyni səhvləri təkrarlayır”

18 Aprel 2011 14:32
Baxış: 201
"Təəssüf ki, bizim bəzi barışmaz müxalifət partiyalarının sədrləri özlərinə təlqin etdikləri perspektivlərin və real vəziyyətin bütün insanlara aydın olduğunu düşünürlər". Milli.Az xəbər portalının məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Onun sözlərinə görə, İctimai Palataya daxil olan partiyaların liderləri elə hesab edirlər ki, bütün xalq kütlələri narazıdır və onların çağırışlarıyla hamı küçələrə axışacaq: "Hər dəfə belə çağırışlar edir və təbii ki, nəticələrini də görürlər. Amma buna baxmayaraq, eyni səhvləri yenidən təkrarlayırlar. Aprelin 17-də keçirilən aksiya göstərdi ki, ora yalnız vəzifə istəyən partiya funksionerlərindən başqa heç kim qatılmayıb. Hətta onlar narazı elektorat kimi ADP-nin akt zalına topladıqları və qarşılarında saatlarla çıxış etdikləri insanları da küçəyə çıxara bilmədilər".

Qüdrət Həsənquliyev diqqəti Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin aksiyalara qatılmamasına yönəldib: "Əli Kərimli və İsa Qəmbər hansı motivlərlə bu aksiyalara qatılmırlarsa, onların ətrafındakı şəxslər də elə bu motivlərdən çıxış edərək küçələrə çıxmırlar. Digər qrup isə aksiyaların vətəndaş qarşıdurmasına çevrilə biləcəyindən çəkindikləri üçün prosesə dəstək vermirlər. Ən böyük çəkindirici faktor isə Əli Kərimli və ətrafının aqressivliyidir. Ağıllı insanlar hakimiyyətin belə aqressiv adamların əlinə keçəcəyi təqdirdə, onların öz rəqiblərilə necə davranacaqlarını göz önünə alırlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.