Siyasət

Türk millət vəkili: "Ermənistan problemlər məngənəsindən qurtula bilməyəcək"

14 Aprel 2011 10:49
Baxış: 213
Milliyyətçi Hərəkat Partiyasının genel başqan müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü, professor Tunca Oksayın Milli.Az xəbər portalına müsahibəsi


- Bu yaxınlarda Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı maraqlı bəyanat verərək, seçimlərdə qələbə qazanacaqları təqdirdə Qarabağda Azərbaycan bayrağının dalğalanacağını bildirdi. Milliyyətçi Hərəkat Partiyası seçkidə qələbə qazanarsa, Qarabağla bağlı hansı addımları atacaq?

- İlk öncə onu qeyd edim ki, Milliyyətçi Hərəkat Partiyası qardaş Azərbaycana hər zaman iki dövlət, bir millət gözü ilə yanaşıb və bu, sonsuza qədər də belə də olacaq. Zaman-zaman yaradılan hansısa süni problemlər, iki qardaş ölkə arasında olan dərin əlaqələrə təsir edə bilməz.  Yəni, bu əlaqələr dərin qatlara söykənir. Çünki minillərdir ki, eyni cografiyyada yaşayan və eyni kökə malik olan türk xalqını bir-birinə formalaşmış milli mənəvi dəyərləri, ortaq tarix, dil sıx sürətdə bağlayır. Ona görə, bu dəyərlər iki qardaş dövlətin arasında problemlərin yaşanmasına imkan verməz. Türkiyə-Azərbaycan qardaşlığına hansısa qüvvələrin problem yaratması və bu əlaqələrə kölgə salması mümkünsüzdür.
Bu gün əsassız olaraq, Qarabağda Ermənistanın işğalçılıq siyasətinin sona çatması, Qafqazda sülhün bərqərar olub və möhkəmləndirilməsi Milliyyətçi Hərəkat Partiyası üçün son dərəcə önəmlidir. Bu, Milliyyətçi Hərəkat Partiyasının iqtidar olduğu zamanda da əsas prioritet mövzulardan olacaq. Qarabağın azad olunması və bölgədə barışın yaranması istiqamətində fəaliyyətlərimizi gücləndirəcəyik.

- İki qardaş ölkə arasında hərbi və siyasi-iqtisadi əlaqələrin inkişafı sizi qane edirmi?

- İki dövlət, bir millət şüarı daxil olmaqla, hərbi əlaqələrin inkişafından tutmuş, siyasi-iqtisadi və dostluq münasibətlərinin daha da üst səviyyə gətirmək, hər iki dövlətin üzərinə düşən işdir. Burada önəmli olan insanların rifahının yaxşılaşdırıması, müasir texnologiyaya malik ordunun formalaşdırılaşdırılmasına nail olmaq və insanların özlərini güvənli yerdə yaşamalarını təmin etməkdir. Düşünürəm ki, iki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək olar və  buna tam şəkildə malik olduğumuz potensialımızda imkan verir. Azərbaycan və Türkiyə xalqı buna ən yaxşı səviyyədə layiqdir.

- Bir neçə gün öncə Türkiyə prezidenti Abdullah Gül tərəfindən Serj Sarkisiyanı may ayında Türkiyədə keçiriləcək beynəlxalq tədbirə dəvət etməsi ilə bağlı xəbər yayıldı. Bu səfərə münasibətinizi bilmək istərdik.

- Bizim üçün prezident Abdullah Gülün Ermənistan prezidentini dəvət etməsindən daha çox, onunla görüşündə əsasən, hansı mözvuların müzakirə olunacağı məsələlər daha önəmlidir. Bu nöqtədə əsas məsələ Yuxarı Qarabağdan Ermənistanın bir an öncə çəkilməsi tələbi Ermənistan prezidentinin qarşısına qoyulmalıdır. Həmçinin, hər iki tərəfin malik olduğu təbii sərhədlərinin çəkilməsi və bölgədə sülhün yaranması Türkiyənin üzərinə düşən əsas vəzifələrdən biridir. Nəzərə almaq lazımdır ki, bölgədə barışın, sülhün mövcudluğu Türkiyə üçün də mühüm əhəmiyyət kəsb edir.

- Ancaq buna baxmayaraq, bu gün Ermənistan işğal etdiyi torpaqları azad etmək istəmir. Ermənistanın bu addımı bölgədə müharibə riskini artırırmı?

- Hazırda Ermənistanın haqsız olaraq işğal etdiyi Qarabağı işğalda saxlaması qəbul edilə bilməz.  Ortada BMT-nin qəbul etdiyi dörd qətnamə var. Bu dörd sənəd təsdiqləyir ki, Ermənistan işğal etdiyi torpaqları tərk etməlidir. Bu işğal mövcud olduğu müddətdə Azərbaycan-Ermənistan xalqları arasında normal münasibətlərin qurulması haqqında hansısa düşüncələr və layihələri həyata keçirmək fiaskoya uğrayacaq. Üstəlik, Qafqaza barışın gəlməsi mümkünsüzdür. Bunlar bir-birinə bağlı olan amillərdir. Amma, Ermənistanda da onu nəzərə almalıdırlar ki, Qafqazda barışın yaranması bölgədə yaşayan xalqlar üçün nə qədər vacibdirsə, erməni xalqı üçün də önəmlidir. Məhz, hər iki dövlət savaş öncəsi sərhədlərinə çəkilməli və münaqişəyə son qoyulmalıdır.  Bu gün Ermənistan işğaldan ən çox əziyyət çəkən tərəfdir və ölkənin sosial-iqtisadi səviyyəsi getdikcə pisləşməyə doğru gedir. Belə olan halda, Ermənistan münaqişənin həllində maraqlı tərəf kimi çıxış etməlidir. Yoxsa, ölkə problemlər məngənəsindən qurtula bilməyəcək.

Elnur Eltürk
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.