Siyasət

"Azərbaycan Gorusda aeroport açacağını bildirsə və Ermənistanı danışıqlara dəvət etsə, dünya bunu necə qəbul edəcək?”

2 Aprel 2011 12:44
Baxış: 173
Rəsmi Bakı Ermənistan prezidenti Serj Sarkisyanın İrəvan-Xankəndi aviareyinin ilk sərnişini olacağı ilə bağlı bəyanatına münasibət bildirib. Milli.Az xəbər portalı bildirir ki, Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov 1news.az-a açıqlamasında bildirib ki, Serj Sarkisyanın bu bəyanatı Ermənistanın iç üzünü, mahiyyətini göstərir, ikbaşlı oyun oynadığını ortaya qoyur. "Təəssüflər olsun ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı bəyanatlar verməklərinə, mövqelərini bildirdiklərinə baxmayaraq, beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri, beynəlxalq hüquqi formalaşdıran, keşiyində dayanan dövlətlər, bu hadisəyə konkret münasibət bildirmirlər. Baxın görün nə baş verir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, 20 ildən artıq bu ərazi işğal altındadır, münaqişə, müharibə baş verib, bu gün həmin münaqişənin həlli ilə bağlı danışıqlar gedir. Danışıqları dünyanın üç ən mühüm dövlətləri aparır: ABŞ, Rusiya Federasiyası və Fransa. Lakin münaqişə hələ həll olunmayıb. Belə çıxır ki, Ermənistan öz işğalçı siyasətini davam etdirir və beynəlxalq birlik, beynəlxalq təşkilatlar da buna göz yumur. Necə olur ki, biz bir gün tutaq ki, Gorusda aeroportun açılışı və istifadəsi ilə  bağlı mövqe bildirək və Ermənistan tərəfini danışıqlara dəvət edək. Bunu dünya necə qəbul edə bilər axı? Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, amma orada Ermənistan tərəfi heç bir beynəlxalq hüquqa, aparılan danışıqlara məhəl qoymayaraq  aeroport tikir və onun açılışını elan edir və indi də prezident özü deyir ki, mən birinci uçuşda təyyarənin sərnişini olacam. Bu heç vaxt qəbul edilə bilməz, Azərbaycan tərəfi bununla bağlı öz mövqeyini bildirib və mən bir daha deyirəm ki, Ermənistan tərəfi xülyaya uymasın. Ermənistanın rəhbərləri və xalqı bilməlidir ki, Azərbaycan gec-tez öz torpaqlarını neyin bahasına olursa olsun, qaytaracaq. Onların bu niyyətləri heç vaxt baş tutmayacaq", deyə Novruz Məmmədov bildirib.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, beynəlxalq təşkilatların mövqeyi təəccüb doğurur. Onun sözlərinə görə, beynəlxalq ictisaiyyət Ermənistanın hərəkətlərini pisləmək əvəzinə məsələni az qala iki ölkənin mülki aviasiya strukturları arasında problem kimi təqdim etməyə çalışır. Halbuki, müstəqil dövlətinin suverenliyinin, BMT-nin və digər beynəlxalq təşkilatların nizamlanməsinin pozulması ortadadır. Novruz Məmmədovun fikrincə, bu, ikili standartların tətbiqidir.

Prezident Administrasiyasının rəsmisi hesab edir ki, erməni tərəfi Azərbaycanı təxribata çəkməyə çalışır.

Milli.Az

Sarkisyan növbəti özbaşınalığa hazırlaşır

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.