Siyasət

Düşmənimiz bu zərbəni heç gözləmirdi

31 Mart 2015 00:20
3 Şərh     Baxış: 8 868
Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Rusiya və Belarusun dövlət başçıları Vladimir Putin ilə Aleksandr Lukaşenkonu Astanada qəbul edərək, üçtərəfli görüş keçirməzdən əvvəl bu toplantının ciddi nəticələr verəcəyindən danışırdı. Hər halda ümidlər vardı və planlar da üçtərəfli müzakirələrin effektiv sonuclanacağı ilə bağlı idi.

Üç ölkənin mediası da Astana müzakirələrinin genişmiqyaslı olacağını ehtimal edirdi. Ən azı Rusiya, Belarus və Qazaxıstan arasında yeni danışıqlar aparılaraq bu dövlətlər arasındakı ticari əməliyyatlar zamanı hesablaşmaların ABŞ dolları ilə yox, milli valyutalarla reallaşdırılmasına doğru konkret addımlar atılmasına imkan verəcək qərarlar qəbul olunmalıydı.


 

Astana sammitində isə Rusiyanın təşəbbüsü ilə postsovet məkanında yaradılmış Avrasiya İqtisadi Birliyinin (AİB) çətin taleyindən bəhs olundu.

Moskva bu qurumu MDB ölkələrinə təsir imkanlarını artırmaq, müttəfiq və tərəfdaş saydığı ölkələri geosiyasi orbitinə daxil etmək, həmin dövlətlərin bazarlarına çıxış yollarını sabitləşdirmək və ən başlıcası, siyasi təşəbbüslərinin Avropa Birliyi ilə ABŞ-ın sərt pressinqindən qorumağı düşünürdü.
 

Rusiya layihəsini reallaşdırmaq üçün külli miqdarda maliyyə vəsaitini sərf etməkdən də çəkinməyəcəyini vurğulamışdı.

Ötən ilin əvvəllərində gündəmə gətirilmiş Gömrük İttifaqı ideyasını sonradan Rusiya, Belarus və Qazaxıstan arasında azad iqtisadi zona formatının yeni təzahürü kimi reallaşdırmağa can atan Moskva tərəfdaşlarını özünə sadiq müttəfiqə çevirmək üçün inadla çalışırdı.

Fəqət, planlar pozuldu.
 

Ukraynadakı olaylar, sonra Qərbin sərt sanksiyaları, axırda da dünya bazarlarında xam neft və təbii qazın sürətlə ucuzlaşması Moskvanın maliyyə imkanları ilə yanaşı, siyasi manevrlərini məhdudlaşdırdı.

Buna rəğmən, Rusiya başladığı işi yarımçıq qoymaq niyyətində deyildi və məhz bu səbəbdən də Ermənistanın da AİB-ə qatılmasına qərar verilmişdi.
 

AİB isə indi çətin günlərini yaşayır. Xam neft və təbii qazın ucuzlaşması büdcə gəlirlərinin əhəmiyyətli hissəsinin "qara qızıl" satışlarından əldə olunan pullar hesabına formalaşdığı Rusiya ilə Qazaxıstanın geosiyasi layihələr üçün pulları azalıb. Üstəlik, Rusiya rublunun ABŞ dolları ilə müqayisədə ucuzlaşması Qazaxıstanı çətin vəziyyətə salıb. Qazaxların milli valyutası olan tenqenin kursunu nisbətən sabit saxlamaq üçün rəsmi Astana ölkənin Mərkəzi Bankının ehtiyatları hesabına bazara "intervensiya"lar edir, dollarları satın alır və bu minvalla tenqenin kəskin ucuzlaşmasına mane olmağa çalışır. Belədə, təbii ki, Rusiyadan idxal olunan, rublun ucuzlaşması nəticəsində Qazaxıstanda daha ucuz satılan mallarla müqayisədə yerli istehsalın rəqabət qabiliyyəti zəifləyir.


 

Sammit əsnasında Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun dedikləri yetərincə maraqlı idi: "Vaxt o qədər gərgin və azdır ki, sürəkli olaraq yeni çağırışlara cavab vermək məcburiyyətindəyik. Lakin zaman göstərir ki, Avrasiya İqtisadi Birliyini vaxtında yaratdıq. Yəni, sadəcə, yaratmaqla kifayətlənmədik. Çox böyük sayda sənədlər qəbul etmişik. Birliyin nüvəsi buradadır. Qələbənin 70-ci ildönümü ərəfəsində də bir yerdə olmalıyıq".
 

Sammit, əslində, rəvan keçə də bilməzdi. Rusiya və Qazaxıstan, Qazaxıstan və Belarus, Belarusla Rusiya arasındakı münasibətlərdə çoxsaylı problemlər olduğundan Astanadakı görüşdə məhz onlar müzakirə olunub.

Müzakirələr çox çəkməyib. Üç ölkənin dövlət başçıları bilirdilər ki, qarşılıqlı münasibətlərdəki ciddi problemləri Astanada qısamüddətli samitdə, sadəcə, həll etmək mümkün deyil.
 

Bu səbəbdən də A.Lukaşenko söyləyib: "Bəli, münasibətlərimizdə bəzi ziddiyyətli məqamlar var. Lakin onları hökumətlər həll edəcək. Biz isə mayın 8-də Moskvada bir daha görüşəcəyik".
 

Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin münasibətlərinin təhlili barədə danışarkən Astanadakı sammit iştirakçılarının heç biri qurumun 4-cü üzvünün - Ermənistanın adını çəkməyiblər.
 

Sanki, Ermənistan bu strukturun üzvü deyil və ya Yerevana, ümumiyyətlə, önəm verməyə dəyməz.

Belarus prezidenti Aleksandr Lukaşenkonun daha bir çıxışında maraqlı məqamı xatırlatmaq istərdim: "Qırğızıstanın da birliyimizə qoşulması məsələsini müzakirə etdik. Sadəcə, ümumi qaydada. Çünki məsələ növbəti danışıqlarda nəzərdən keçiriləcək. Biz birmənalı olaraq bir daha vurğulayırıq ki, birliyimizə yeni qoşulan ölkələr üçümüzün hazırladığımız klassik prinsiplərə riayət etməlidirlər. Birliyin maliyyələşdirilməsi baha başa gəldiyindən yeni üzvlər mütləq həmin prinsiplər əsasında davranmalıdır".


 

Avrasiya İqtisadi Birliyi 2014-cü ilin mayında Rusiya, Belarus və Qazaxıstanın birgə bəyənnamə imzalamalarından sonra yaradılıb. Bu ilin yanvarın 2-də Ermənistan AİB-ə qoşulub. Qırğızıstanın isə may ayında AİB-ə üzv olacağı gözlənilir.

Ermənistanın AİB-ə üzv qəbulu zamanı Yerevan qarşısında qoyulmuş şərtlərdən biri də Ermənistanın dövlət sərhədləri ilə bağlı idi. AİB çox açıq və konkret şəkildə tələb etmişdi ki, rəsmi Yerevan Ermənsitanla Azərbaycanın erməni işğalında olan əraziləri arasındakı sərhəddə gömrük məntəqələri yaratmalıdır.
 

Yəni AİB Ermənistanı işğalçı dövlət kimi tanımaqla yanaşı, qurumun təsir müstəvisinin Ermənistan sərhədləri ilə məhdudlaşdığını bəyan etmişdi.

Belarus prezidenti Aleksandr Lukaşenko bu barədə açıqlamalarla çıxış edərək Yerevana AİB prinsipləri ilə bağlı faktiki xəbərdarlıq etmişdi. Yəni bu prinsiplərə qarşı çıxmaq ermənilərə məsləhət görülmürdü - yasaqlanırdı.
 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bir qədər sonra bəyanatında Dağlıq Qarabağ və Azərbaycanın erməni işğalında olan digər rayonlarının da heç bir vəchlə AİB-in təsir dairəsində olmayacağını demiş, Ermənistanın indiki sərhədlərində tanındığını vurğulamışdı.

Rusiya prezidenti Vladimir Putin belarus və qazax həmkarlarının bəyanatları ilə bağlı fikir bildirmədiyindən onun sükutu deyilənlə razılıq qismində qəbul olunmuşdu.
 

AİB-in bəhs olunan prinsipləri Ermənistandan Azərbaycanın Kəlbəcər, Laçın və Zəngilan rayonları ilə sərhədlərində gömrük postlarının yaradılmasını tələb edir.

Bu isə Yerevandakı hakimiyyətin yürütdüyü siyasətin faktiki fiaskosu deməkdir.
 

Ermənistan artıq üç aydır ki, Avrasiya İqtisadi Birliyinin üzvüdür. Bu müddət ərzində Ermənistan prezidenti Serj Sarkisyan AİB toplantılarına və sammitlərinə həmişə ikinci dərəcəli şəxs kimi çağırılıb, aparılan müzakirələr və danışıqlarda ona ən sonda söz verilib və danışdıqları da ciddi sayılmayıb.


 

Sarkisyan rejiminin AİB-lə bahəm, MDB-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü olan dövləti idarə etdiyini nəzərə alsaq, Rusiyanın göstəriş və əmrlərinin şərtsiz yerinə yetirilməsi müqabilində Yerevanın payına düşənlər o qədər də əhəmiyyətli təsir bağışlamır.

Tam əksinə, ermənilər çox narazıdır. Onlar hesab edirlər ki, Rusiyanın Cənubi Qafqazda forpostu və əslində, buyruq qulu rolunu oynamağın müqabilində Moskva onlara daha çox "nə isə" verməlidir.
 

Gözləntilər indiyədək doğrulmayıb və bundan sonra da çətin ki, gerçəkləşə.

Avrasiya İqtisadi Birliyinin prinsipləri isə Ermənistandan sərhəddə gömrük postlarının yaradılmasını, yəni işğalın etirafını və Dağlıq Qarabağla bağlı illüziyalarla vidalaşmağı tələb edir.
 

Kölələrin gözləntilərinin puç olması nə qədər də rutin hadisə imiş...
 

Orxan Hun

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.