Siyasət

Xəbəriniz varmı: 3-cü Dünya Müharibəsi başlandı - FOTO

8 Dekabr 2014 09:11
11 Şərh     Baxış: 30 028

Dünya ölkələri üzərində hakimiyyət istəkləri yenilik deyil. Bəşər övladı mağaralardan çıxaraq ibtidai icma quruluşunu yaradanda, sonra quldarlıq formalaşanda əvvəl qonşuları, sonra uzaqları, axırda da dünyanı ələ almaq arzusu ilə qovrulanların nə sayı olub, nə də hesabı.

Tarixin tozunu yenidən qaldırmağa dəyməz: yetər ki, indi baş verənlərə nəzər salaq.
 

Proseslər çox maraqlı və eyni zamanda, təhlükəlidir. ABŞ ilə Avropa Birliyi qlobal miqyasda enerji resursları ehtiyatlarına yiyələnmək üçün geosiyasəti məhz bu istiqamətə yönəltməyə can atır.
 

Üçüncü dünya hesab olunan ölkələrlə yanaşı, ABŞ və Avropa Birliyindən kənarda qalan "ikinci dünya" dövlətlərinə qarşı - Azərbaycan da bu "siyahı"da yer alır - uzun illərdən bəri tətbiq edilən siyasətə əl atılıb: "Parçala, qarşısını al və hökm et!"


 

Qədim Roma dönəmlərində patrisilərlə senatorların "barbar" ölkələri ram etmək üçün istifadə etdikləri klassik hökmranlıq taktikasından yararlanır, təbii ehtiyatlara malik ölkənin istənilən müqavimətini zəiflətmək və heçə endirmək üçün az qala blokadaya əl atır.

Amma romalıların siyasəti indi dəyişib və fərqli məcra, başqa adla həyata keçirilir.
 

Qədim Roma imperiyası dağılandan sonra Qərb dünya hökmranlığını bərpa etməyin yollarını aramağa başladı. Avropa o zaman Qərbdi və o, Amerikanın hər ikisini, Afrikanı və Avstraliyanı müstəmləkə məkanlarına çevirərək nəzarətə alırdı.
 

O zamanlar Qərbin müstəmləkəyə çevirə bilmədikləri məkanlar Asiya ilə Rusiya, bir də Tayland idi.
 

Əsrlər əvvəl avropalı tacirlər dilətutma, şirnikləndirmə ilə ələ ala bilmədikləri ölkələrin hakimiyyətlərinin inadını görəndə pul kisəsini bir tərəfə ataraq "vicdanlı və ədalətli tacir" maskasını yırtır, quldura, quldara çevrilirdilər.


 

Yetər ki, buna imkan olaydı.
 

Qlobal siyasətdəki durum indi də əsla dəyişməyib. Çünki zəngin təbii ehtiyatlara malik ölkələrin nə etmələrindən, necə davranmalarından, hansı siyasət yeritmələrindən asılı olmayaraq coğrafiya - taledir.
 

Və yenə də Qərb Şərqə qarşıdır.
 

ABŞ və Avropa Birliyinin "kollektiv Qərb" halında hərəkət etdikləri belə qarşıdurmada əsas hədəflər Rusiya, İran, Çin və Hindistandırsa, neftlə zəngin dövlətlər aralıq məqsəd rolunu oynayır.
 

Makkinder-Spaykmen-Mehem blokadası doktrinasına uyğun olaraq ABŞ göstərişlər verir, amerikanın satellitləri olan Avropa Birliyi və Yaponiya çinliləri dünya miqyasında neft-qaz yataqlarından kənarlaşdırmağa çalışırlar.
 

Eyni zamanda, Afrika, Avstraliya və Cənubi Amerikanın da tam kontrol altına keçirilməsi istiqamətində addımlar atılır.
 

Çini tam enerji blokadasına salmağa yönəlik "anakonda həlqələri" cənub və şərqdə güclüdür. Cənubi Koreya, Yaponiya amerikalıların strateji müttəfiqləridir. Okinava, Quam, Dieqo-Qarsiya adalarında ABŞ-ın hərbi bazaları var. Vaşinqtona sadiq müttəfiq Avstraliya və çinlilərin ağrılı yarası Tayvan "Səmaaltı imperiya"nı Şərqi Asiyadakı "qəfəs"ə salmaq üçün "Coker" rolunu ifa edirlər.


 

Bu blokadanı Birma və Pakistan istiqamətlərindən yarmağa çalışan Çinin səyləri yetərli deyil. Çünki həmin cəhdlər Pekinə strateji üstünlüklər verməyərək sırf operativ məsələlərin həllinə yönəlib.
 

Ukraynadakı olaylardan sonra bəlli olur ki, Çinin ABŞ və ümumiyyətlə, Qərblə qlobal miqyasda qarşıdurmasında Rusiya da bufer zonasına çevrilməkdədir.
 

Avrasiyanın şərqində son 70 ildə Rusiya, Çin, Hindistan və Pakistan kimi 4 nüvə dövləti formalaşandan sonra Qərb ehtiyatla davranmaq məcburiyyətindədir. Hindistan və Pakistan, Hindistanla Çin bir-birlərinə nifrət etsələr də, onların arasında aşkar müharibə variantları 1950-ci illərdən fərqli olaraq mövcud deyil.
 

O sənələrdə qüvvələr müvazinəti, güc bərabərliyi müşahidə edilmədiyindən hadisələr istənilən məcrada inkişaf edə bilərdi.
 

ABŞ və Rusiya arasında da aşkar müharibə mümkün deyil. Belə savaş mütləq şəkildə qarşılıqlı nüvə zərbələri "mübadiləsi"nə çevriləcək.
 

Üstəlik, amerikalılar rusiyalılarla vuruşan deyil. Vaşinqtonun məqsədi Çin, çinlilərin dünya liderliyinə olan ambisiyalarıdır.
 

3-cü Dünya Müharibəsi iki əvvəlki savaş kimi yenə də resurslar uğrunda savaşdır. Birinci Dünya Müharibəsi daş kömür və buxar didişməsi idisə, İkinci Dünya Müharibəsi neft uğrunda savaşdı.
 

3-cü Dünya Müharibəsinin ilkin, "soyuq müharibə" formatı nüvə başlıqlı raketlərin sayı ilə bəhsəbəhsdisə, "qaynar müharibə" təbii qaz və "mavi yanacağın" nəqli marşrutları üçündür.

"Asiya əjdahası" adlandırılan Çinin təbii qaza ehtiyacı çox böyük olduğundan, Pekin ən cüzi imkanlardan yararlanıb "mavi yanacaq" almağa çalışır. Hazırda ölkənin sürətlə tükənməkdə olan daş kömür ehtiyatlarına hesablanmış iqtisadiyyatının dayanmaması üçün hər nəsnədən istifadə olunacaq.
 

Avstraliyanın daş kömür laylarının metanı, Qətər və İranın maye qazı, hətta ABŞ-ın ixrac etdiyi şist nefti.


 

Çin yanacağı asanlıqla daşıya bilməyəcək. Nədən ki, təbii qaz və neftin idxal marşrutlarının hamısı "Səmaaltı İmperiya" ətrafında Qərbin yaratdığı "anakonda həlqələri"nin yanından keçir və ABŞ ilə Avropa Birliyi o həlqələr vasitəsilə faktiki şəkildə bütün dünya ticarətinə nəzarət edir.
 

Çinin yürütdüyü daxili və xarici siyasət ABŞ-da kəskin qıcıq yaradarsa, amerikalılar bu ölkəyə yanacaq daşımalarını ciddi şəkildə əngəlləyə bilərlər.
 

Honkonqda bu yaxınlarda "çətirlər inqilabı" yaratmaq cəhdlərinin olduğunu da xatırlasaq, Pekin üzləşdiyi təhlükələrin sürətlə artdığının fərqindədir.
 

Təbii ki, belə şəraitdən yararlanmağa çalışan Rusiya təbii qaz savaşında mövqelərini möhkəmlətmək istəyir.
 

Moskva çinlilərə təbii qaz satmaq üçün "Altay", "Sibirin gücü" və "Yamal" boru kəmərlərini təklif edib.
 

Hazırda inşa olunan "Sibirin gücü" ilə bağıl Çinə ilə 38 milyard kubmetr təbii qaz ixracı təklif olunub. Halbuki, marşrutun ötürmə gücü ildə 61 milyard kubmetrdir və bu da Moskvaya Pekini şirnikləndirmək üçün yeni imkanlar yaradır.
 

Layihələndirmə mərhələsindəki "Altay"ın göstəriciləri açıqlanmasa da, Rusiya prezidenti Vladimir Putin "bu kəmər Rusiyanın Çinə təbii qaz ixracını ən azı iki dəfə artırmağa şərait yaradır" demişdi. Deməli, Moskva Çinə əlavə olaraq ildə 38-40 milyard kubmetr təbii qaz sata biləcək.
 

Özü də "Sibirin gücü" marşrurutundan fərqli olaraq "Altay" Qərbi Sibirdəki yataqlardan təbii qazın nəqlini nəzərdə tutur.
 

O yataqlardakı qaz hazırda Belarus, Ukrayna, Türkiyə və Avropa Birliyi ölkələrinə satılır.
 

Maye qaz üçün hesablanmış "Yamal" isə Cənubi Tambey yatağından yararlanacaq. 907 milyard kubmetrlik ehtiyata malik bu yataqdan faydalanacaq "Yamal" ildə 16,5 milyon ton maye qaz istehsal edəcək. Həmin qazın 3 milyon tonunun Çinə satılacağı deyilsə də, Moskva kvotanı mütləq artırasıdır.
 

Çinin CNODC şirkətinin "Yamal"da 20 faizlik paya malik olduğunu xatırlasaq, əlavə həcmlərin paylaşdırılmasında Pekinin öndə duracağı şübhəsizdir.
 

"Yamal"ın maye qazı ya Avropadakı Zebrügge limanına daşınacaq, ya da Rusiya Uzaq Şərqdəki terminallarından istifadə edəcək.
 

Beləcə, Rusiyanın Çinə təbii qaz icracının illik həcmi 100 milyard kubmetrə çata bilər.


 

Çinin bunca təbii qaza nə ehtiyacı var?
 

Yaxın 5 il ərzində Çində təbii qaz hasilatının 3 dəfə artaraq 147 milyard kubmetrdən ildə təqribən 500 milyard kubmetrə çatacağı təxminlənir.
 

Sözügedən artımı ildə 90 milyard kubmetrə çatacaq maye qaz daşımaları, habelə Çinin özündə təbii qaz hasilatının həcminin yüksəldilməsi təmin etməlidir.
 

Çinin yanacağa çox ciddi ehtiyacı var. Əhalisi sürətlə urbanlaşan ölkədə daş kömür istehlakı artıq indi təqribən 4 milyard tondur. 2008-ci ildən bəri Çin daş kömür idxalını ilbəbil artırır, amma yenə də tələbatla bağlı problem həllini tapmır.
 

4 milyard ton daş kömürsə hazırda Çinin ilkin enerji istehsalının 70 faizini təşkil edir.
 

ABŞ ilə qarşıdurmada Çinin təbii qaza çox ciddi ehtiyacı var. Axı Çinin ən adi, trivial və inersion inkişafındakı enerji stavkaları mövcud səviyyədən minimum 2 dəfə çoxdur.
 

Yaxın vaxtlarda Bakıda Çinin yeni nümayəndə heyəti təbii qazımızın nəqli və alışı ilə bağlı yeni, genişmiqyaslı danışıqlara başlamaq istəsələr, təəccüblənməməliyik.
 

Üçüncü Dünya Müharibəsi çoxdan başlanıb.
 

Qaz savaşı gedir, cənablar...
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.