Siyasət

Azərbaycan elminin dönüş nöqtəsi: Prezidentdən açıq mesajlar

4 Noyabr 2025 13:30
Baxış: 797

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin çıxışı həm elmin keçdiyi tarixi yolun dəyərləndirilməsi, həm də gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentin çıxışında səslənən fikirlər bir tərəfdən Ulu Öndər Heydər Əliyevin elmin inkişafına verdiyi töhfələrin dərin təhlili, digər tərəfdən isə müasir dövrdə Azərbaycan elminin qarşısında duran strateji vəzifələrin aydın təsviridir.

Ölkə başçısının da qeyd etdiyi kimi, Heydər Əliyev dövrü həm də Azərbaycanın elmi mühitində keyfiyyətcə yeni mərhələ yaratmışdı. O, elmi dövlət siyasətinin ayrılmaz hissəsinə çevirmiş, elmi institutların fəaliyyətini müasirləşdirmiş, alimlərə sosial təminat və mənəvi dəyər baxımından xüsusi diqqət göstərmişdi. O illərin şahidləri yaxşı xatırlayırlar ki, 70-ci illərdə elmi-tədqiqat institutlarının sayı artmış, gənclər kütləvi şəkildə ittifaqın qabaqcıl ali məktəblərinə göndərilmişdi. Bu siyasətin nəticəsində formalaşan intellektual nəsil bu gün də Azərbaycanın elm sütunlarını təşkil edir. Prezident İlham Əliyev çıxışında bu ənənənin davamlılığını xüsusi vurğulayıb, Ulu Öndərin siyasətinin bu gün yeni məzmunla zənginləşdiyini bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə elmin inkişafı dövlət prioritetlərindən birinə çevrilib. "Elm haqqında" Qanunun qəbul edilməsi, Elmin İnkişafı üzrə Dövlət Proqramının təsdiqi, Elm Fondunun yaradılması, Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi bu istiqamətdə atılmış sistemli addımların nəticəsidir. Prezidentin sözləri ilə desək, elmin maddi dayaqları gücləndirilməklə yanaşı, onun praktiki nəticələr verməsi, iqtisadiyyatla və sənaye ilə sıx inteqrasiyası təmin olunmalıdır. Bu, yeni dövrün əsas çağırışıdır.

Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri texnoloji inkişafın, süni intellektin və rəqəmsallaşmanın strateji əhəmiyyətinin vurğulanması oldu. Prezident açıq şəkildə bildirdi ki, gələcəyin gücü təbii sərvətlərdə deyil, intellektual potensialda, elmin və texnologiyanın gücündədir. Azərbaycanın texnoloji tərəqqidə geridə qalmaması üçün alimlərin, mühəndislərin, gənc tədqiqatçıların bu sahələrdə fəal iştirakı həyati əhəmiyyət daşıyır. Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və yeni sənaye modelləri elmi düşüncənin rəhbər rol oynayacağı istiqamətlər kimi göstərildi.

Prezident İlham Əliyevin çıxışı həm də elmin milli təhlükəsizlik, hərbi sənaye və iqtisadi dayanıqlılıq sahələrindəki rolunu aydın şəkildə ortaya qoydu. Azərbaycanın son illərdə formalaşan hərbi-sənaye kompleksi artıq tədricən özəl sektorun da iştirakına açılır. Bu isə elmi biliklərin tətbiqi üçün geniş meydan yaradır. Alimlər yalnız laboratoriyalarda deyil, real istehsal proseslərində, yeni texnologiyaların sınağında, məhsul dizaynında, strateji layihələrin elmi əsaslandırılmasında birbaşa iştirak etməlidirlər.

Dövlət başçısının çıxışında xüsusi yer tutan digər məsələ bərpa olunan enerji və geoloji kəşfiyyatla bağlı idi. Qarabağ və Şərqi Zəngəzurda aparılan enerji və geoloji layihələr təkcə iqtisadi məqsədlər daşımır, həm də elmi-tədqiqat potensialının tətbiqi üçün böyük imkanlar açır. Yeni texnologiyalarla aparılan geoloji tədqiqatların nəticəsində ölkənin mineral resurs bazasının genişlənməsi gözlənilir. Bu isə həm regional inkişaf, həm də elmin tətbiqi yönümünün güclənməsi deməkdir.

Prezidentin nitqində elmi ictimaiyyət qarşısında qoyulan mühüm vəzifələrdən biri də tarix elminin yenidən qurulması, Azərbaycan həqiqətlərinin dünya elmi ictimaiyyətinə çatdırılmasıdır. Ermənistanın uzun illər apardığı saxtalaşdırma siyasəti, toponimlərin dəyişdirilməsi və tarixi reallıqların təhrifinə qarşı elmi əsaslı cavab verilməlidir. Qərbi Azərbaycandakı türk mənşəli yer adlarının, mənbələrin, xəritələrin, sənədlərin tədqiqi və nəşri elmi və milli borc kimi qarşıya qoyulmalıdır. Bu istiqamətdə aparılacaq tədqiqatlar yalnız tarixçilərin deyil, həm də dilçilərin, coğrafiyaşünasların və arxiv mütəxəssislərinin birgə əməkdaşlığını tələb edir.

Prezident İlham Əliyevin dil haqqında fikirləri də elmi və ictimai çevrələr üçün ciddi siqnal idi. Ana dilinin saflığının qorunması təkcə dilçi alimlərin işi deyil, həm də cəmiyyətin mənəvi məsuliyyətidir. Dövlət başçısının "əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən gətirmək nə məqsəd daşıyır" sualı həm elm adamlarına, həm də mediaya ünvanlanmış ciddi xəbərdarlıq idi. Xaricdə yaşayan azərbaycanlıların ədəbi dili qoruyub saxlaması məsələsi də bu baxımdan milli təhlükəsizlik səviyyəsində önəm daşıyır.
Prezidentin bu çıxışı bir növ çağırış xarakteri daşıyır: elm özünə qapanmış, yalnız məqalə və monoqrafiya hüdudlarında yaşayan sistem deyil, dövlətin inkişafına yön verən strateji qüvvə olmalıdır. Elm iqtisadiyyatla, sənayeylə, texnologiya ilə və milli kimliklə sıx bağlı şəkildə fəaliyyət göstərməlidir.

Təəssüf ki, bu gün akademik dairələrin bir hissəsi hələ də sovet dövrünün inzibati təfəkküründən qurtula bilmir. Halbuki Prezidentin çıxışında dəfələrlə vurğulanan "praktik nəticə", "tətbiqi yön" kimi anlayışlar elmin idarəetmə modelinin dəyişməsini tələb edir. Alim yalnız bilik istehsalçısı deyil, həm də sosial transformasiyanın aparıcı qüvvəsidir.

Bu baxımdan Prezident İlham Əliyevin AMEA-nın 80 illiyindəki çıxışı həm hesabat, həm də yeni mərhələnin proqram sənədi kimi qiymətləndirilməlidir. O, elmi dövlət strategiyasının mərkəzinə çevirdi və alimlərə açıq mesaj verdi: elm yalnız keçmişin dəyərlərini qorumaqla deyil, gələcəyin texnoloji və mənəvi xəritəsini cızmaqla da məsuliyyət daşıyır.

Bu çıxışdan sonra AMEA və elmi ictimaiyyət qarşısında duran əsas vəzifə dövlət başçısının müəyyən etdiyi istiqamətləri konkret layihələrə çevirmək, elmi siyasəti real iqtisadi və texnoloji proseslərə inteqrasiya etməkdir. Elm yalnız nəzəri düşüncənin deyil, milli gücün ən vacib dayağı kimi fəaliyyət göstərməlidir. Elm yalnız ağlın deyil, həm də məsuliyyətin sınaq meydanıdır və bu sınaqdan Azərbaycan elmi ləyaqətlə çıxmalıdır.

İslam
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.