Siyasət

Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)

27 Oktyabr 2026 18:26
Baxış: 272

Azərbaycan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında təhsil, elm, mədəniyyət və mədəni irsin qorunması sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Milli.Az xəbər verir ki, bu barədə oktyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ICESCO-nun ölkəmizdə səfərdə olan baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşünə dair Xarici İşlər Nazirliyinin mətbuat məlumatında bildirilib.

Görüşdə Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

C.Bayramov Azərbaycanın ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, multikulturalizm və tolerantlıq dəyərlərinin yayılması istiqamətində beynəlxalq səylərə fəal töhfə verdiyini vurğulayıb.

ICESCO-nun regional ofisinin Bakıda yerləşməsinin təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal çağırışlara beynəlxalq ictimaiyyətin diqqətinin yönəldilməsi, dialoq və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından rolu vurğulanıb.

Azərbaycanın zəngin mədəni və dini irsinin qorunması, işğaldan azad edilmiş ərazilərdə mədəni və dini abidələrin bərpası istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verilib. ICESCO-nun işğaldan azad edilmiş ərazilərə həyata keçirdiyi missiyanın, eləcə də Şuşa şəhərinin 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsinin tarixi əhəmiyyəti xatırladılıb.

C.Bayramov 2027-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Sammitinə və həmin çərçivədə keçiriləcək tədbirlərə hazırlıq barədə də məlumat verib. Ölkəmizin İƏT-ə sədrliyinin prioritetləri diqqətə çatdırılıb.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib və ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələri qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.