Cənubi Qafqazda uzunmüddətli münaqişəyə son qoymaq üçün diplomatik səylər irəlilədiyi bir vaxtda, ABŞ Konqresində köhnə oyun yenidən səhnəyə çıxarılıb. Belə ki, 87 konqresmen Prezident Donald Trampın administrasiyasına məktubla müraciət edərək ermənilərin guya "Dağlıq Qarabağa qayıdışına" dəstək verməyə çağırıb. Məktubu imzalayanlar arasında Demokrat və Respublikaçı partiyaların ermənipərəst mövqeyi ilə tanınan üzvləri - Frank Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadao yer alıb. Onlar illərdir ABŞ Konqresində Ermənistanla "dostluq qrupu"nun həmsədrləri kimi fəaliyyət göstərirlər. Ancaq "insan hüquqlarının müdafiəsi" adı altında təqdim edilən bu təşəbbüs, əslində, Cənubi Qafqazda sülhə qarşı siyasi sabotajdan başqa bir şey deyil.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Bu, amerikalı siyasətçilərin erməni lobbisinin maraqları naminə regiondakı proseslərə müdaxiləsinin ilk nümunəsi deyil. 1992-ci ildə qəbul edilmiş "Azadlığa Dəstək Aktı"nın 907-ci əlavəsi - o dövrün sanksiya qərarı - ABŞ-ın birbaşa Azərbaycanın əleyhinə mövqe tutduğunu göstərdi. Bu qərar Ermənistanın təcavüzkar siyasətini stimullaşdırdı, işğal və qırğınların, bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsinin əsasına çevrildi. İndi oxşar ritorika yenidən gündəmə gətirilir. "Ermənilərin Qarabağa qayıdışı" şüarı humanitar təşəbbüs deyil, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş çağırışdır. Beynəlxalq hüquq çərçivəsində Azərbaycanın tam şəkildə bərpa etdiyi ərazi bütövlüyü şübhə altına alınır. Ermənilərin Azərbaycanda yaşamaq hüququ inkar edilmir, lakin yalnız Azərbaycan vətəndaşları kimi separatizmə pərdələnmiş status istəyi artıq tarixə gömülüb. Ermənipərəst konqresmenlərin Trampa bu məktubu isə revanşizmin son nəfəsidir", - o bildirib.
Onun sözlərinə görə, bu kampaniyanın arxasında yenə də ABŞ-də güclü və yaxşı maliyyələşdirilən erməni diasporası dayanır.
"Bu diaspora təkcə maliyyə dəstəyi ilə kifayətlənmir, o, illərdir ki, Ermənistana siyasi təsir göstərərək onu kompromislərdən uzaqlaşdırır, regionda real dövlət olmaq imkanlarını zəiflədir. Bu gün Ermənistanın yaşadığı böhranlı vəziyyətin əsas səbəblərindən biri də məhz bu diasporun təsiridir. Ermənistan ictimaiyyətində artıq bu asılılıqdan qurtulmaq çağırışları güclənir. Ancaq ABŞ Konqresindəki bəzi siyasətçilər hələ də köhnə sxemlər üzrə hərəkət edir: diaspor pulları, səs bazası və siyasi lobbi mexanizmləri hələ də onlar üçün üstünlük təşkil edir - istər sülh pozulsun, istərsə də regionda sabitlik", - o bildirib.
A.Qarayev qeyd edib ki, konqresmenlərin məktubunun vacib aspektlərindən biri onun ünvanının - Donald Tramp olmasıdır.
"Bu təsadüfi deyil. Onun ilk prezidentliyi dövründə Ağ Ev Ermənistan-Azərbaycan münaqişəsində neytrallığını qoruyub, İkinci Qarabağ müharibəsinin gedişinə müdaxilə etməməyi seçdi. Hətta Tramp administrasiyası faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıdı. Bu yanaşma ABŞ-dakı erməni strukturlarının sərt tənqidinə səbəb oldu. Onlara sülh lazım deyil, çünki onların ideologiyası məğlub olub. Onlara xaos lazımdır ki, yenidən tələblər irəli sürsünlər, beynəlxalq arenada "zərərçəkmiş" rolunu oynasınlar və ABŞ daxilində seçki və maliyyə vasitəsilə nüfuzlarını saxlasınlar. Buna görə də bu günkü təşəbbüs yalnız Azərbaycana zərbə deyil, həm də Trampa hücumdur. Trampın 2024-cü ilin sonunda yenidən prezident seçilməsi onlar üçün təkcə xarici siyasət baxımından deyil, şəxsi səviyyədə də təhdid oldu: korrupsiya əlaqələri, kölgə sxemləri, lobbiçilik sazişləri, bunların hamısı araşdırmaların mövzusu ola bilər. Belə ki, bu konqresmenlərin bəziləri korrupsiya qalmaqallarının mərkəzindədir. Ən bariz nümunə - senator Robert Menendesdir. O, rüşvət alma, çirkli pulların yuyulması və xidməti vəzifədən sui-istifadə maddələri ilə istintaqa cəlb olunub. İttihamlar sırasında onun xarici diasporlardan, o cümlədən erməni strukturlarından gizli şəkildə maliyyə dəstəyi aldığı da yer alır. Adam Şiff də bu kontekstdə diqqət çəkir. Tramp onu açıq şəkildə "oğru və dələduz" adlandırmış, hətta həbs olunmalı olduğunu bildirmişdi. Menendesin həbsindən sonra başqa konqresmenlərə də yönəlik istintaqlar gözlənilir. Bu səbəbdən, Tramp hakimiyyəti onları təşvişə salır, çünki "batmış sistemin" ifşası reallığa çevrilmək üzrədir", - o bildirib.
Politoloq vurğulayıb ki, regionda gedən real sülh prosesi Bakı ilə İrəvan arasında birbaşa danışıqlar, nəqliyyat kommunikasiyalarının açılması, etimad mühitinin formalaşdırılması Vaşinqtondakı ermənipərəst konqresmenlərin əslində artıq funksional olmadığını göstərir.
"Onların "müdafiəçi" obrazı, "Ermənistanın dostu" imici artıq keçmişdə qalıb. Bu gün sülh reallıqdır. Qarabağda münaqişə dövrü bitib. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq ərazilərini azad edib. Sülh istəyənlər masa arxasına əyləşir, revanşistlər isə ABŞ Konqresində "məktub diplomatiyası" ilə regionu yenidən gərginliyə çəkməyə çalışırlar. Bu siyasətçilər üçün Bakı və Yerevan arasındakı sülh prosesi təhdiddir. O, onların mənasız rolunu ifşa edir, onların bəyanatlarını və "dostluq qruplarını" lazımsız edir. Ən əsası isə uzun illər boyu iddia edilən "zülm görən tərəfi" dəstəkləmək adı altında pul, siyasi bonuslar və diasporanın seçki dəstəyini qazandıran sistemi mənasızlaşdırır", - o bildirib.
A.Qarayev qeyd edib ki, sülh onların gündəliyini məhv edir.
"Buna görə də, onlar bu prosesi dayandırmaq üçün əlindən gələni edirlər. "İnsan hüquqları" şüarları altında bölgənin yenidən destabilizasiyasına aparan ideyaları irəli sürür, "demokratiyanın dəstəyi" bəhanəsi ilə digər dövlətlərin daxili işlərinə müdaxilə edirlər. Amma əslində sadə bir faktdan qorxurlar: Azərbaycan və Ermənistan sülh sazişi imzalaya bilərlər və bununla da onların siyasi rolu bitəcək.
Nəticə olaraq, 87 konqresmenin məktubu Amerikanın səsi deyil. Bu, sabitliyi öz maraqlarının fövqünə qoyan kiçik, lakin aqressiv bir qrupun səsidir. Regionda sülhün bərqərar olunmasına yönəlmiş real səylər, məsələn, Əbu-Dabidə keçirilmiş son görüş fonunda separatçı ritorikaya qayıdış təkcə köhnəlmiş deyil, həm də təhlükəli görünür.
ABŞ daim özünü beynəlxalq hüququn tərəfdarı kimi təqdim edib. Lakin məsələ Cənubi Qafqaza gəldikdə, Amerika siyasi elitasının bir hissəsi ikili standartlarla hərəkət edir. Tramp davamlı nizamlanmanı dəstəkləməyə hazır olduğunu nümayiş etdirdiyi bir vaxtda, Konqresdəki rəqibləri qarşıdurma yolunu və "yaxşı ermənilər, pis azərbaycanlılar" oyununun köhnə ssenarisini seçirlər. Bunun sonu, təbii ki, onların məğlub olması ilə yekunlaşacaq", - politoloq əlavə edib.
Milli.Az