Siyasət

Əsgərimizin yaralanması ilə bağlı cinayət işi başlandı

28 İyun 2023 10:45
Baxış: 1 246

Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb.

Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkirov Əli Şükür oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub:

"Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Allahdan hərbçimizə şəfa arzulayırıq".

"Fürsətdən istifadə edib, müqəddəs Qurban bayramı münasibətilə bütün millətimizi təbrik edir, Allahdan kəsdikləri qurbanların qəbul olunmasını diləyirik", - Hərbi Prokurorluğun rəsmisi vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.