Siyasət

İlham Əliyev və Mehriban Əliyeva İrəvanda qızıl medal qazanmış Nuray Güngörü təbrik ediblər

19 Aprel 2023 16:16
Baxış: 1 354

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan türkiyəli idmançı Nuray Güngörə təbrik məktubu göndəriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əziz Nuray,

Ağır atletika üzrə Avropa çempionu adını qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında böyük qələbə əzmi ilə ölkənizi ləyaqətlə təmsil edərək möhtəşəm uğura imza atmağınız, Türkiyənin şanlı bayrağını yüksəklərə qaldırmağınız, Dövlət Himnini səsləndirməyiniz bizi çox sevindirdi və qürurlandırdı. Avropa birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq medallarınızı Azərbaycana həsr etdiyiniz üçün də Sizə xüsusi təşəkkür edirik.

Sevincimizi və kədərimizi birgə paylaşdığımız qardaş Türkiyənin biz olmayan yerdə bizi təmsil etməsi bir millət, iki dövlət olmağımızı bir daha bütün dünyaya bariz şəkildə nümayiş etdirdi.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.