Siyasət

Rusiya da İran kimi Bakıya qarşı OYUNA QATILDI - Qarabağda GƏRGİNLİK ARTIR

25 Yanvar 2023 18:01
Baxış: 5 314

"Ümumiyyətlə qeyd olunmalıdır ki, dünyanın fərqli regionlarında olan ərazi mübahisələrinə və daha dəqiq ifadə edərdim ki, süni şəkildə yaradılmış münaqişələrə baxış hər zaman fərqli olub və bu istiqamətdə keçmiş "Dağlıq Qarabağ münaqişəsi" ilə bağlı Azərbaycan hər zaman ikili standartlarla üzləşib. Məsələn, 30 ilə yaxın zaman çərçivəsində vaxtilə qaçqın və məcburi köçkün adlandırdığımız insanların fundamental hüquqları ilə əlaqədar olaraq hər hansı bir adekvat reaksiyanın şahidi olmadıq. Buna baxmayaraq müharibədən sonra bölgədə qalan azsaylı erməni əhalinin aqibəti haqqında ayrı-ayrı dövlətlər və Qərb təşkilatları ilk gündən Azərbaycana təzyiq edirlər. Bu hələ sadalaya biləcəyimiz ikili standartların sadəcə biridir".

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, bu gedişlə Ermənistan Qərb üçün yeni bir döyüş poliqonuna çevrilə bilər:

"Ermənistanı xristian sivilizasiyasının sanki son beşiyi kimi qələmə verərək bu məsələ üzərindən bizə olunan təzyiqlər yəqin ki, məscidlərimizin nümayişkar formada təhqir olunmasını nəzərə alsaq riyakarlığın pik həddidir. Azərbaycan bütün reallıqları bildiyi üçün müharibə bitər-bitməz Ermənistana sülh təklif etdi, hətta bununla kifayətlənmədi, regional aktorları özündə ehtiva edən əməkdaşlıq platforması ilə çıxış etdi. Rusiyaya olduğu qədər Avropa İttifaqına da vasitəçilikdə imkan yaratdı.

Avropa məkanının özünə baxdığımız zaman belə bir təşəbbüslə, konstruktiv addımlarla müşaiyət olunan siyasətin tarix boyu şahidi olmamışıq. İndinin özündə belə Avropa İttifaqına liderlik baxımından İttifaqda fundamental fikir ayrılıqları, kəskin rəqabət mövcuddur. Aİ-nin bölgədə sülhyaratma ritorikası mövcud davranışları ilə tamamilə ziddiyyət təşkil edir. Brüssel formatında razılaşdırılmış prioritetlər tamamilə sual altına alınır. 

Qərb təşkilatları illər ərzində idarəetməni təkmilləşdirmək və Avropa normalarını ötürmək kimi nağıllarla Azərbaycana təzyiq ediblər. İndiki məqamda istənilən nağılın nəticəsi ilə bölgəyə üç almanın deyil, silahların düşməsinə şahidlik etmək istəyirlər. Ərəb baharı, Ermənistanın simasında Suriyanın aqibətinin Cənubi Qafqaza daşınması yolverilməzdir.

Lakin maraqlı məqamlardan biri ondan ibarətdir ki, Aİ-nin bu pozucu addımlarına Rusiyadan və İrandan kəskin etirazın şahidi deyilik. İran və Rusiya Ermənistanın özlərinin qırmızı xətti olduğunu deyirlər, indi isə bu qırmızı xətt keçilir, hələ də səs-səmir yoxdur. Görünür, İran və Rusiya bir tərəfdən Azərbaycanın artan gücünü tarazlamaq istəyirlər, Türkiyənin daha da güclənməsinin qarşısını almaqda maraqlıdırlar, həm də digər tərəfdən hədəf oxlarını özlərindən uzaqlaşdırırlar.

Azərbaycanın qarşısında təsir rıçaqlarının olmadığını və istənilən tərəfin təklif etdiyi şeylərin cəlbediciliyinə inamsız olduğumuzu dərk edərək Azərbaycanın bölgədə nüfuzunun artması həzm oluna bilmir. Çünki Azərbaycan sülhə gedən yolda bütün platformaları sınayır, heç birinə də imkan yaradılmır. Məsələn, Gürcüstan vasitəsilə Ermənistanın cilovlanması olduqca gözəl təşəbbüs idi ki, bu istiqamətdə də maraqların kəskin toqquşmasının şahidi olduq. 

Aİ-nin illər ərzində islahatlara dair nağıllarını siyasi qərarları ilə əlaqələndirməyin vaxtıdır. İki ölkə münasibətlərinin normallaşmasına istər ABŞ, istərsə də digər aktorlar öz maraqları çərcivəsindən baxmamalıdırlar. Bu məsələyə regionda sülh yaratmağa dəstək prizamasından baxmalıdırlar. Bütövlükdə, Cənubi Qafqazda baş verən hadisələrin beynəlxalq münasibətlər sistemində gedən proseslərin bir tərkib hissəsinə daha yaxından çevirilməsinin şahidiyik. Təhlükəlisi odur ki, bu mənfi istiqamətdə irəlilədilir.

Beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərin toxunulmazlığı məsələsi dünyada baş verən mövcud münasibətlər fonunda ABŞ üçün daha da əhəmiyyət qazandığından Azərbaycan bir daha göstərir ki, ölkə olaraq beynəlxalq hüququn aliliyinə hər zaman önəm verən tərəfik. ABŞ, kollektiv Qərb bu amili bizim üçün də əsas tutmalıdır. Məzh əlində bayraq etdiyi bu amil ABŞ üçün maraqlıdırsa Ermənistanı məcbur etməlidir ki, Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunmuş ərazilərində istənilən pozucu addımdan çəkinsin. Ya da sərhədlərin toxunulmazlığı məsələsini əlində bayraq edərək beynəlxalq hüquqdan dəm vuran Emmanuel Makron necə olur ki, Yelisey sarayında erməni terrorçuları qəbul edir? Deməli, beynəlxalq hüquqa yenə selektiv yanaşma var. 

Azərbaycan sülh istiqamətində əməli, konkret addımlar atır, Ermənistana sülh təklif edir. Deməli, fundamental məsələlərdə Azərbaycan qətiyyət ortaya qoyur. Laçın-Xankəndi yolunda baş verən hadisələrin blokada adlandırılmasını bilərəkdən öz maraqları baxımından manipulyasiya edirlər. Ermənistanın ayağına yer verilməli deyil, tam əksinə təzyiq olunmalıdır ki, götürdüyü öhdəlikləri yerinə yetirsin, qanunsuz fəaliyyətə son qoysun. 

Aİ missiyasına gəldikdə vasitəçilik elə səmərəli idisə, ATƏT-in Minsk Qrupu nəyəsə nail olardı. Azərbaycan iştirakçıların sayını minimallaşdırıb, Ermənistan-Azərbaycan səviyyəsinə endirmək istədikcə Ermənistan arealı və iştirakçı sayını genişləndirməkdə maraqlıdır. Ermənistanın tarix boyu yaradılış məqsədi budur. Lakin Ermənistan dərk etməlidir ki, 30 ilə yaxın işğal siyasəti onlara heç nə qazandırmadısa bundan sonra da destruktiv siyasət ilə heç nə əldə etməyəcək.

Ermənistan yeni bir döyüş poliqonuna çevrilir. Cənubi Qafqaza müdaxilə etmək baxımından ondan istifadə olunur. Ermənistan olduqca düşünülmüş addım atmalıdır. Çünki atacağı hər hansı bir yanlış addım bir ölkə kimi ilk növbədə özünü məhv edəcək. Azərbaycan isə atdığı addımlarla bütün regionun stabilliyini qorumağa çalışır".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.