ABŞ və Kanadada akademik fəaliyyətlə məşğul olan azərbaycanlıların yaratdığı təşəbbüs qrupu "İran Etirazları 2022: İranda Azərbaycan türklərinin vəziyyətinə dair hesabat" yayımlayıb.
Milli.Az xəbər verir ki, təşəbbüs qrupunun Cənubi Azərbaycandan olan 16 hüquq müdafiəçisindən ibarət insan haqları şəbəkəsi ilə birgə hazırladığı sənəddə İranda 2022-ci il etirazları və bu fonda azərbaycanlıların üzləşdikləri repressiyalar, insan haqları pozuntuları barəsində geniş məlumat verilib. Hesabata əsasən, İranın ən böyük etnik-dil qrupu olan Azərbaycan türkləri, Zəncan, Qəzvin, Həmədan, Əlborz və Tehran vilayətləri ilə yanaşı Türkiyə və Azərbaycan Respublikaları ilə həmsərhəd olan Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycanda yaşayırlar.
Bildirilib ki, İran hökuməti heç vaxt ölkənin etnik və dil qrupları üzrə rəsmi demoqrafik statistikasını açıqlamasa da 2011-ci ilin yanvarında Türkiyədə rəsmi səfərdə olan İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi iranlıların qırx faizinin türkcə danışdığını bəyan edib: "Demək olar ki, eyni dildə danışırıq. İranlıların 40 faizi türkcə danışır. Bu, Türkiyə ilə İran arasında böyük bağdır".
Sənəddə qeyd olunub ki, 1925-ci ildə İranda Pəhləvilər sülaləsi hakimiyyətə gəldikdən sonra hökumət məcburi assimilyasiya siyasətinin həyata keçirilməsinə başlayıb və azərbaycanlıların ölkə hakimiyyətində nüfuzu xeyli azaldılıb.
Əlavə olunub ki, hazırkı rejim monarxiya dövründə olduğu kimi farslarla azərbaycanlılar arasındakı fikir ayrılıqlarını önəmsiz hesab edib və 1981-ci ildə Təbrizdə baş vermiş üsyanı yatırmaq üçün ən ağır silahlardan istifadə etmiş İran rejimi yüzlərlə azərbaycanlı etirazçını qətlə yetirməkdən çəkinməyib.
Hesabata qeyd olunub ki, İranın digər bölgələrində olduğu kimi, azərbaycanlıların yaşadığı vilayətlərdə də insanlar digər etnik və dini hüquqları ilə yanaşı azadlıq tələbi ilə nümayişlər keçirməyə başlayıblar. Lakin hakimiyyət qüvvələri nümayişlər başlayan kimi dərhal azərbaycanlıların etirazlarını dağıtmağa başlayıb. Azərbaycan Hüquqşünaslar Assosiasiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifiyə görə, etirazların ilk iki həftəsi ərzində Təbrizdə polis və SEPAH qüvvələri 1700-dən çox etirazçını həbs edib. Bütün Azərbaycan bölgəsi üçün həbslərin miqyasını hesablamaq çətin olsa da, həbs edilənlərdən 121-nin və güllələnərək öldürülən 13 etirazçının kimliyi müəyyənləşdirilib. Bununla belə hökumət interneti məhdudlaşdıraraq, zərərçəkmiş və öldürülmüş şəxslərin ailələrini hədələyərək ölənlərin və həbs olunanların sayınının dəqiqiləşdirilməsini çətinləşdirir.
Hesabata görə, İranın "əxlaq polisi" tərəfindən Məhsa Aminin həbs edilməsi və qəfil ölümündən sonra başlamış etiraz dalğası Təbrizdən də yan keçməyib. Təbriz Universitetinin tibb təhsili alan tələbələri sistematik gender bərabərsizliyinə və əxlaq polisinin qadınlara qarşı zorakılığına etiraz ediblər. Təbriz Tibb Elmləri Universitetinin tələbələri əllərində Azərbaycan türkcəsində yazılmış "Qadınlara qarşı zorakılıq siyasidir " və "Əllərini bədənimdən çək" yazılı plakatlar tutaraq baş vermiş zorakılıq aktına etirazlarını bildiriblər.
Sənəddə qeyd olunub ki, nümayişlər bir neçə gün sonra siyasi çalarlar qazanaraq yeni müstəviyə keçib və etirazçıların tələbləri arasında rejimin ləğvi də yer almaqdadır.
20 sentyabr 2022-ci il tarixində nümayişçilər tərəfindən "Azadlıq, Ədalət, Milli Hökümət" kimi siyasi şüarlar səsləndirilib. Qeyd olunub ki, bu, Urmiya, Ərdəbil, Zəncan və digər şəhərlərdə də azərbaycanlı nümayişçilər arasında məşhur şüardır.
Bildirilib ki, etirazlar başladıqdan sonra İran hakimiyyəti Azərbaycanda nümayişləri boğmaq üçün çevik polisi, İnqilab Keşikçilərini, Bəsic hərbiləşdirilmiş qüvvələrini, İran İslam Respublikasının Hüquq-Mühafizə Komandanlığını və mülki geyimli təhlükəsizlik agentlərini səfərbər edib: "Ortaya çıxmış sənədlər İran rəsmilərinin etirazçılara qarşı sərt üsullar tətbiq etməsi ilə bağlı yeni təfərrüatlar təqdim edir. İranın ali hərbi orqanı bütün vilayətlərdəki silahlı qüvvələrin komandirlərinə nümayişçilərlə "ciddi qarşıdurma" aparmağı tapşırıb. Sərəncamdan sonra yaralananların, həbs olunanların və ölənlərin sayı əhəmiyyətli dərəcədə artmışdır".
Hesabatda vurğulanıb ki, beynəlxalq insan haqları məruzəçilərinin Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin regionlarının məlumatlarına adekvat çıxışı yoxdur: "Halbuki son xəbərlərin təhlili göstərdi ki, hökumət ucqar bölgələrdə farslara nisbətdə qeyri-farslara daha sərt şəkildə basqı edir. Azərbaycan, Bəlucistan və Kürdüstanda etirazçılar İran hökuməti tərəfindən vəhşicəsinə qətlə yetirilib. Şahidlərdən, qurbanların ailələrindən əldə edilmiş, dərc olunmuş məlumatlardan və etirazçılardan toplanmış sübutlara əsaslanaraq deyə bilərik ki, təhlükəsizlik və SEPAH qüvvələri etirazları boğmaq üçün qəsdən odlu silahdan istifadə edir. Məsələn, Böyük Britaniyada yerləşən "Bəluc Aktivistləri Kampaniyası" Zahedanda güllələnərək öldürülən 96 nəfərin adını açıqlayıb və 30 sentyabr 2022-ci il tarixində baş vermiş nümayiş zamanı 300-dən çox adamın güllə yarası alaraq yaralandığını açıqlayıb".
Sənəddə göstərilir ki, İran hakimiyyəti məsələ ilə bağlı müstəqil araşdırmanı rədd edib, həmçinin etirazçılara qarşı hər hansı təzyiqin olduğunu inkar edir.
Cənubi Azərbaycanda hazırda da davam edən etirazlardan əldə edilən görüntülər və İrandan dərc olunmuş hesabatlar göstərir ki, Şərqi Azərbaycan, Zəncan, Qəzvin, Ərdəbil, Tehran və Qərbi Azərbaycanda etirazçılar məcburi hicaba, qadın hüquqları məsələlərinə qarşı çıxaraq etnik hüquq və azadlıqları müdafiə edirlər. Qeyd olunub ki, çox sayda etirazçı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, şikəst edilib və öldürülüb, öldürülənlərin əksəriyyəti isə güllə yarası alaraq qətlə yetiriliblər. Öldürülənlərdən 13-nün şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olub.
Hesabatda bildirilib ki, Təbriz nümayişindən bir gün sonra 21 sentyabr 2022-ci ildə Zəncan da bu etirazlara qoşulub. Zəncanda etirazçıların toplanması çərşənbə günü saat 18:00 radələrində başlayıb və tədricən şəhərin digər əsas hissələrinə yayılıb. Etiraz edən vətəndaşların sayının artmasının ardınca polis və təhlükəsizlik qüvvələri dəyənəklərlə vətəndaşlara hücum edib, gözyaşardıcı qaz istifadə edib və ov tüfəngindən etirazçıların üzərinə atəş açıb. Əlavə olunub ki, güllə və dəyənək zərbələri nəticəsində bir neçə vətəndaş yaralanıb. Polis və təhlükəsizlik qüvvələri etirazları dayandırmaq üçün müxtəlif vasitə və üsullardan istifadə edib. Etiraz aksiyaları zamanı Mehrdad Qurbani və Mehdi Musəvi 21 sentyabr 2022-ci il çərşənbə günü rejim qüvvələri tərəfindən güllələnib. Yerli xəbərlər Mehdi Musəvinin 5 güllə yarası, həmçinin başına və bədəninə vurulmuş çoxsaylı dəyənək zərbələri nəticəsində qətlə yetirildiyini təsdiqləyib. Mehdi Musəvinin isə güllələnərkən cəmi 16 yaşında olduğu və cənazəsinin ailəsinə təhvil verilmədiyi bildirilib: "Məmurlar onun dəfnində iştirak etməyə yalnız ailəsinə icazə verdilər. Mehdi Musəvinin cənazəsi xəstəxanadan birbaşa Zəncanın Beheşt Zəhra qəbiristanlığına aparılmış, yaxınları və digər Zəncan vətəndaşlarının iştirakı olmadan və yalnız bir neçə ailə üzvünün iştirakı ilə dəfn edilmişdir. Təhlükəsizlik orqanları Mehdi Musəvinin ailəsinin onun İslam Respublikasının polis əməkdaşları tərəfindən öldürüldüyünü bildirəcəyi təqdirdə digər ailə üzvlərini də həbs edəcəkləri və "aradan qaldıracaqları" ilə hədələyiblər. Eyni zamanda Zəncandan olan bir neçə nəfər bu şəhərdəki etirazlar zamanı 3-5 nəfərin həlak olduğunu bildirir. Lakin, bu faktı dəqiqləşdirmək çox çətindir və biz digər öldürülmüş şəxslərin kimliyini təsdiq edə bilməmişik".
Araşdırma nəticəsində müəyyən edilib ki, sentyabrın 21-də Kərəcdə təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 23 yaşlı Hədis Nəcəfi qarın, boyun, ürək və əlindən altı güllə yarası alaraq yaralanıb və Kərəcdəki Qaim xəstəxanasına aparıldıqdan sonra dünyasını dəyişib: "Video və fotolarda qurbanların başlarından güllələndiyi görünür. Hədis Nəcəfi döyüş güllələrindən açılmış atəş nəticəsində öldürülüb. Anası və bacısı bildiriblər ki, təhlükəsizlik qüvvələri Hədisin nəşini təhvil verəndə onun üzündə güllə yarası görüblər. Onun qadın hüquqları ilə bağlı fəaliyyəti olub-olmadığını təsdiq edə bilmədik, lakin, Hədisin "Instagram" və "TikTok" hesablarında türk pop və Azərbaycan mahnılarına rəqs etməsi, son geniş yayılmış rəqs trendlərinə qoşulması onun məcburi hicab qaydasına qarşı olduğunu deməyə əsas verir. Ən son "Instagram" hekayəsində o, yazmışdı: "Həyəcanla etirazlara gedirəm. Bir neçə ildən sonra geriyə baxıb özümü xoşbəxt hiss etmək istəyirəm ki, etirazlarda iştirak etdim və hər şey dəyişdi".
Hesabatda qeyd olunub ki, Mehrşəhrdən olan 16 yaşlı Sarina İsmailzadə, Kərəcdə 21 sentyabr 2022- ci ildə ümumölkə etirazları zamanı İran İslam Respublikasının repressiv qüvvələri tərəfindən öldürülüb. Yerli xəbərlərə görə, bu yeniyetmənin anası qızının ölümünə dözə bilməyərək intihar edib. Sentyabr 22-də isə Cavad Heydəri isə Millət Qəzvin parkı yaxınlığında güllələnib və o, aldığı xəsarətlərdən, həmçinin tibbi yardım göstərilməməsi səbəbindən bir neçə saat sonra dünyasını dəyişib.
"Cavad Heydəri hazırda Qəzvində baş verən etirazların yeganə qurbanıdır ki, kimliyi müəyyənləşib. O, yaxın məsafədən sursatla vurulub və ağır qanaxma nəticəsində bir neçə saat sonra dünyasını dəyişib. O, omba nahiyəsindən güllə yarası alıb və güllə bədənini dəlib keçib. Bu o deməkdir ki, güllə ona çox yaxın məsafədən və arxadan dəyib ki, bədəninin o biri tərəfindən çıxıb. Kəşfiyyat qüvvələri Cavad Heydərinin ailəsinə bildiriblər ki, Cavad dərhal dəfn edilməlidir; əks halda (təhlükəsizlik qüvvələri) onu istədikləri yerdə dəfn edəcəklər. Hətta kəşfiyyatçılar vasitəçi ilə xəbər də göndəriblər ki, Cavadın qəza nəticəsində öldüyünü elan etsinlər. Buna baxmayaraq, ailə üzvləri təhdidlərə məhəl qoymayıb: "Birimizi itirmişik, başqalarını da itirmək qorxumuz yoxdur". Cavad Heydəri insan izdihamı müşayiəti ilə dəfn olunmuşdur".
Əlavə olunub ki, Ərdəbil vilayətinin Meşkin şəhərinin Qurd Təpə kəndindən olan 18 yaşlı İsmayıl Heydəri sentyabrın 23-də qətlə yetirilib. O, Mazandaranın Niştarud şəhərindəki Motelqoda tək yaşayıb və kənddəki valideynlərinə pul göndərmək üçün çörək sexində işləyirmiş. Əslən Tarim-Zəncan şəhərindən olan Möhsün Musəvi isə oktyabrın 8-də təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. 30 yaşlı Möhsün Musəvi oktyabrın 8-də Tehran bazarında başına aldığı dəyənək zərbələri nəticəsində qətlə yetirilib. Təhlükəsizlik qüvvələri onun Tehranda dəfn edilməsinə mane olub və uzaq bir şəhərdə dəfn edilməli olduğunu bildiriblər. Musəvinin ailəsi Möhsünün cənazəsini doğulduğu Tarem şəhərinə aparıb və o, orada dəfn ediblər.
Sənəddə qeyd olunub ki, Azərbaycan vilayətindəki yerli mənbənin məlumatına görə, oktyabrın 16-da Nima Şafiqdust Urmiyada təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Onun vəhşicəsinə döyülərək həbs edildiyi bildirilib. Əlavə olunub ki, Polis şöbəsində Nimanın qanaxması olsa da, təhlükəsizlik qüvvələri onu dərhal xəstəxanaya köçürməyiblər və ölməsinə imkan veriblər.
"Xəstəxana Nimanın öldüyü polis şöbəsindən iki dəqiqəlik məsafədədir. Hökumət, Nimanın it dişləməsi səbəbindən öldüyünü açıqlamışdır".
Digər qurban Əsra Pənahi də polis tərəfindən oktyabrın 14-də Ərdəbil vilayətində təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülüb və daxili qanaxma nəticəsində vəfat edib. Qeyd olunub ki, Ərdəbildəki Şəhid liseyinin bəzi digər tələbələri hökumətin təşkil etdiyi yürüşə qatılmaqdan imtina etdikləri üçün həbs ediliblər.
Hesabata görə , polis tərəfindən qətlə yetirilən digər azərbaycanlı Sina Malayeridir. Ərakdan olan 38 yaşlı Sina Malayeri oktyabrın 22-də etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Kəşfiyyat qüvvələrinin açdığı güllə nəticəsində həkim Parisə Bəhməni də öldürülüb. Ümumi cərrah olan Bəhməni oktyabrın 26-da Tehran Tibb Sisteminin binası qarşısında həkimlərin nümayişi zamanı İran təhlükəsizlik qüvvələrinin amansız hücumu nəticəsində güllələnib və öldürülüb.
Şərif Texnologiya Universitetinin yuxarı kurs tələbəsi Reza Esmailzadə isə Şərif Universitetində baş verən qarşıdurma zamanı sifətinə açılan atəşlə öldürülüb. Onun meyiti Çaldıranda ailəsinə təhvil verilib oktyabrın 25-də dəfn edilib.
Oktyabrın 31-də isə təhlükəsizlik qüvvələri Urmiya-Qərbi Azərbaycandakı etirazlar zamanı daha bir Azərbaycan türkünü - 22 yaşlı qız Nəsim Sedqini qətlə yetiriblər. Qeyd olunub ki, onun ailəsi ölüm səbəbini bədbəxt hadisə kimi açıqlamaq üçün təhlükəsizlik orqanları tərəfindən təzyiqə məruz qalıblar. Sedqinin cənazəsi noyabrın 2-də ciddi təhlükəsizlik tədbirləri ilə Şahindəc qəbiristanlığında dəfn edilib.
Hesabatda vurğulanıb ki, son məlumatlar Təbrizdə kütləvi həbslərdən xəbər verir. Sentyabrın 20-də həbs olunan bir neçə nəfər bu şəhərin Kəşfiyyat və Təhlükəsizlik Polisinin Saxlama Mərkəzinə köçürülüb. həbs edilənlər arasında tələbələrlə yanaşı, etirazların dağıdılmasında iştirak etməkdən imtina edən əsgərlər də var. Əlavə olunub ki, bəzi həbs qəraarları məhkəmə qərarı olmadan həyata keçirilir.
Həbs olunanlar arasında eyni zamanda Urmiyə gölünün qurumasının fəsadlarından bəhs edən "Muzey" qısametrajlı filmində rol alanların da olduğu bildirilib.
Həbs edilənlərdən bəziləri külli miqdarda girov müqabilində azadlığa buraxılsa da, bəzilərinin hara köçürülməsi və hansı şəraitdə saxlanılması ilə bağlı məlumat yoxdur və hökumət heç bir səbəb göstərmədən azərbaycanlı fəalların həbsini davam etdirir. Bəzi fəallar isə saxlanılarkən polis tərəfindən vəhşicəsinə döyülüblər. Oktyabrın 15-də Təbrizdə vəkillər Sina Yusifi, Qasem Bodi və Əmir Mehdipur həbs ediliblər:
"Sina Yusifi Azərbaycan Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları Komissiyasının sədr müavinidir. Sina Yusifi Azərbaycan Hüquqşünaslar Assosiasiyasının İnsan Haqları Komissiyası tərəfindən Məhbusların Müdafiə Komitəsi adlı komitənin yaradıldığını açıqlayıb. Bu həbs komitə yaradıldıqdan və Təbrizdə məhbusların sayı ilə bağlı statistik məlumatlar verildikdən sonra baş verib. Sina Yusifi "Twitter" hesabında Təbrizdə azı 1700 nəfərin həbs edildiyini açıqlayıb. Həbs olunmuş vəkillər Təbrizin mərkəzi həbsxanasına köçürülüb. Sina Yusifi və Əmir Mehdipur oktyabrın 27-də azadlığa buraxılıblar".
Oktyabrın 31-də aclıq aksiyasına başlamış azərbaycanlı vəkil Qasem Bodi məhbusları müdafiə komitəsi yaratdığı üçün "ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq" və "rejim əleyhinə təbliğat" ittihamları əsasında Təbriz həbsxanasında saxlanılır.
Şərqi Azərbaycan Hüquqşünaslar Dərnəyinin üzvü vəkil Negin Kiyani isə məhbusları müdafiə etməyi qəbul etdiyi üçün həbs edilərək Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Repressiyayaa məruz qalanlar arasında azərbaycanlı idmançılar da var. Məlumata görə İranın Konkisürmə Federasiyasının rəsmi məşqçisi və Aslam (Taleş) sakini Mahsa Yəzdani oktyabrın 26-da keçirilən nümayişdə iştirak etdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Bu günədək onun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.
Hesabatda qeyd olunub ki, həbs edilmiş əksər azərbaycanlı fəalların, ictimai xadimlərin vəziyyəti, saxlanılma şəraiti və hazırkı vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.
Vurğulanıb ki, zərərçəkmiş və öldürülmüş şəxslərinin ailələrinin, hadisə şahidlərinin, İran daxilində insan haqları müdafiəçiləri və Beynəlxalq İnsan Hüquqları Təşkilatlarının nümayişçilərin və digər insanların öldürülməsi ilə bağlı verdikləri çox sayda məlumatlara baxmayaraq, İran ölüm faktlarını geniş miqyasda inkar edir və bu faktlarla bağlı heç bir məsuliyyət götürmür. Bundan başqa təhlillər bir sıra hallarda ölüm hallarının qarşısını almağın mümkün olduğunu göstərir.
"Səksən üç yaşlı ali lider Xamenei etirazçıları "iğtişaşçılar" və "xalq düşmənləri" kimi qələmə verib: "Açıq şəkildə deyirəm ki, bu iğtişaşlar və bu güvənsizlik ABŞ və işğalçı, saxta sionist rejim [İsrail] və onlara pul ödəyənlər tərəfindən hazırlanıb və xaricdəki bəzi satqın iranlılar onlara kömək ediblər", - Xamenei 3 oktyabr 2022-ci il tarixli çıxışında deyib".
2022-ci il sentyabrın 23-də isə İranın daxili işlər naziri Əhməd Vahidi etirazlar zamanı həlak olanlarla bağlı açıqlamasında İranın qərbində və şimal- qərbində "inqilab əleyhdarı fəal qruplar" haqqında danışıb. O, Azərbaycan əyalətlərində hansı əks-inqilabi qrupların fəaliyyət göstərdiyinə aydınlıq gətirməyib:
"Azərbaycan türkləri İranın şimal-qərbində və qərbində yerləşən əyalətlərdə məskunlaşıblar. Nümayişçilərin polis bölməsinə zorla girməyə cəhd göstərdiyinə dair heç bir sübut olmasa da, təhlükəsizlik qüvvələri Azərbaycan əyalətlərində dəfələrlə həqiqi güllələrdən istifadə edərək, nümayişçiləri qətlə yetirmişlər".
Sənəddə qeyd olunub ki, İran konstitusiyası qadınlara və etnik azlıqlara, xüsusilə Əhvaz ərəblərinə, Azərbaycan türklərinə, bəluclara, kürdlərə və türkmənlərə qarşı ayrı-seçkiliyi dəstəkləyir. Əlavə olunub ki, ölkədə qadınlar və azlıq qrupları fundamental insan haqlarından məhrum ediliblər və Qeyri-farsların öz ana dilində təhsil almasına icazə verilmir. Bundan başqa qadınlar dinindən asılı olmayaraq hicab taxmaq məcburiyyətində qaldıqları üçün geyimlərini özləri seçə bilmirlər: "Ayrı-seçkiliyin qadınların evliliyinə, boşanmasına, miras almasına və həyatının digər tərəflərinə təsiri genişdir. Etnik azlıq mənsubu olan qadınlar, gender ayrı-seçkiliyindən əlavə, etnik ayrı-seçkilik də daxil olmaqla bərabərsizliklərin başqa formalarından da əziyyət çəkirlər. Bu, İran cəmiyyətində onların sosial statusunu fars qadınlarının statusundan daha zəif edir. Məsələn, qeyri-fars etnik qruplara qarşı ayrı-seçkilikçi iqtisadi siyasət etnik azlıq mənsubu olan qadınlar üçün təhsil, iqtisadi resurslara çıxış məhrumiyyətlərinə və digər sosial məhrumiyyətlərə səbəb olur".
Hesabatda göstərilib ki, İranda internetə məhdudiyyət tətbiq edilməsinə baxmayaraq etirazçıların öldürülməsi və kütləvi həbs edilməsi ilə bağlı yayılan xəbərlərin sayı artmaqdadır. Qeyd olunub ki, zərər çəkmiş, yaralanmış etirazçılar həbslərdən qorunmaları üçün evlərdə müalicə edilirlər.
"Çünki, xəstəxanalar hakimiyyətin nəzarətindədir və yaralıları təcili yardım maşınlarında həbsxanalara aparırlar. Yaralıların Əl-Qadir xəstəxanasına və orduya göndərildiyi bildirilsə də, əlavə məlumat verilmir. Təbrizdəki həbsxana etiraz edən tələbələrlə doludur. Müvafiq saxlama yerlərinin çatışmazlığı səbəbindən bir neçə məhbus, o cümlədən tələbələr həbsxanadan kənar yerlərə aparılıb".
Sənəddə vurğulanıb ki, 16 sentyabr hadisələrinin ardınca bu günlərdə Şimal-qərbi İranın Azərbaycan türkləri yaşayan üç əsas şəhəri - Təbriz, Urmiya və Ərdəbilin küçələrində "Azadlıq, Ədalət, Milli Hökümət" şüarı əsas şüara çevrilməkdədir.
Milli.Az