Siyasət

Blinken Qarabağla “şəxsən məşğul olacaq” – açması nə?

19 Sentyabr 2022 21:26
Baxış: 1 185

ABŞ-ın Qarabağ trekində süni sülh təşəbbüskarlığı və imitasiyası davam edir. Bunun növbəti təzahürü kimi bir neçə gün qabaq dövlət katibi Entoni Blinkenin Ermənistan baş naziri Nikol Paşinyanla apardığı telefon danışığını göstərmək olar. ABŞ Dövlət Departamentinin məlumatına görə, Blinken Ermənistan və Azərbaycan sərhədində son döyüşlər zamanı insanların həlak olması ilə bağlı Paşinyana başsağlığı verib. "Dövlət katibi ölkəsinin Ermənistan və Azərbaycan arasında problemlərin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib. O, diplomatiyanın irəliyə yeganə doğru yol olduğunu və bu səbəbə məsələ ilə şəxsən məşğul olacağını söyləyib", - deyə məlumatda vurğulanır.

Bəs "şəxsən məşğul olacağam" nə demək? Bunun açması nədir?

Bu məqamda xatırladaq ki, Blinken sentyabrın 18-də Azərbaycan Prezidentinə də zəng edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Bunun ardınca məlumat açıqlandı ki, ABŞ-ın Nyu-York şəhərində Azərbaycan, Ermənistan və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramov, Ararat Mirzoyan və ABŞ dövlət katibi  Entoni Blinken arasında üçtərəfli görüş baş tutacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş ABŞ tərəfinin təşəbbüsü ilə yaxın saatlarda baş tutacaq.

Milli.Az musavat.com-a istinadən bildirir ki, əslində ABŞ sülh prosesinə əngəl olmasın, bu yetər və sülhə yaxşı töhfə olar. Amma rəsmi Vaşinqton nə edir? Ermənistanın revanşist siyasət aparmağa şirnikləndirir. Cəhənnəmlik olmuş ATƏT-in Minsk Qrupunu diriltməyə çalışır, səfirini Şuşaya getməyə qoymur, separatçı-qulduru - saxta "xin" başçısı David Babayanı qandallayıb Azərbaycana təhvil vermək əvəzinə, ona viza verib Konqresə çağırır, bu azmış kimi Nensi Pelosi İrəvana gedir, Bakıya isə ayaq basmır. O zaman ABŞ dövlətini  böyük sülhlə bağlı diplomatik fəallığının səmimiliyinə necə inanaq? Ermənistan ABŞ üçün nədən bu qədər əzizdir görəsən?

AMİP sədri Arzuxan Əlizadə "Yeni Müsavat"a bildirdi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın müddət ərzində işğal altında olduğu dönəmdə ATƏT-in Minsk Qrupunun  həmsədrlərinin və həmsədrlərin təmsil etdiyi ölkələrin işğala məruz qalan Azərbaycana və işğalçı Ermənistana hansı mövqedə olduqlarının şahidi olmuşuq. Amma 44 günlük Vətən müharibəsindən sonra faktiki olaraq Minsk Qrupunun həmsədrliyi institutundan, eyni zamanda Minsk Qrupunun vasitəçiliyindən birmənalı olaraq imtina edilib. Azərbaycan bununla bağlı sərt mövqeyini ortaya qoyub. Xüsusilə də Rusiya Ukrayna müharibəsi fonunda ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ timsalında bir araya gəlməsinin mümkünsüzlüyü də göz önündədir: "Bütün bunlara baxmayaraq Fransa, xüsusilə də ABŞ nədənsə Minsk Qrupunu dirçəltməyə çalışır. Blinkenin məsələ ilə şəxsən məşğul olacağını bəyan etməsi də bununla bağlıdır. ABŞ mümkün olmayan vasitəçilik missiyasını həyata keçirmək istəyir. Görünən bundan ibarətdir ki, 10 nəfər Riker təyin olunsa da bu formatda vasitəçilik missiyasını həyata keçirmək heç bir halda mümkün deyil. Bütövlükdə müharibədən sonrakı dövrdə Rusiyanın vasitəçiliyi ilə paralel olaraq Avropa İttifaqı Şurasının prezidenti Şark Mişelin iştirakı ilə Avropa İttifaqının da vasitəçiliyi qəbul edilib. Bunu həm Azərbaycan, həm də Ermənistan qəbul edib. Belə olan təqdirdə görünən ondan ibarətdir ki, ABŞ kənarda qalması ilə heç cür barışmaq, regionu öz təsir dairəsindən kənarda görmək istəmir. Nikol Paşinyanın hakimiyyətinin qorunub saxlanması üçün ABŞ-ın etdiyi çabalar da bununla əlaqədardır. Son sərhəd hadisələrində Paşinyanın nüfuzuna vurulmuş çox ciddi zərbə, hakimiyyətinin laxlaması Amerikanı növbəti dəfə hərəkətə keçməyə vadar etdi. Blinkenin açıqlaması da bu hərəkətə keçmənin bir həlqəsidir. Vaşinqton öz adamının qurban getməsinin qarşısını almağa çalışır. Çünki düşünürlər ki, Nikol Paşinyanın vasitəsilə ABŞ regionda öz təsirini qoruyub saxlaya bilər. Blinken də daxil rəsmi Vaşinqton Paşinyanın düşdüyü ağır vəziyyətdən istifadə edib Ermənistanı tamamilə Qərbin, ABŞ-ın qucağında oturtmağı hədəfləyib. Son zamanlar Amerikanın Ermənistan "sevgisi"nin daha da artmasında qeyd etdiyimiz bu məqamlar da rol oynayır".

AMİP sədri qeyd etdi ki, ABŞ tərəfsiz vasitəçilik missiyasında olacağını nə qədər vəd etsə də ona inanmaq olmaz: "İrəvana və Bakıya ard-arda zənglər o demək deyil ki, ABŞ ədalətli vasitəçidir. ABŞ-ın siyasətində xristian təəssübkeşliyi, türk dünyasının güclənməsindən narahtlıq var. Belə bir siyasi xətti olan dövlətin ədalətli vasitəçi olması mümkün deyil. Azərbaycan qətiyyən ona inanmamalıdır".   

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Azərbaycanla Ermənistan arasındakı problemləri "aradan qaldırmaq" məqsədilə bu məsələlərlə "şəxsən məşğul olacağam"- öhdəliyi götürməsi bizə yaxşı heç nə vəd etmir. Bu o deməkdir ki, ABŞ bundan sonra daha böyük enerji ilə ilk növbədə Qarabağa ən yüksək status vermək istiqamətində fəallığını artıracaq və bu işlə Dövlət katibi şəxsən məşğul olacaq: "ABŞ-ın bu məsələyə münasibəti ötən ilin fevralında Pentaqonun kolleclərinin birində keçirilən müzakirələrdə ortaya qoyulmuşdu və Azərbaycan üçün "Deyton sazişi" hazırlamaq təklif olunmuşdu. Deytondakı hərbi bazada 3 həftə "girov" saxlanıldıqdan sonra münaqişə vəziyyətində olan liderlərin imzaladıqları və Bosniya-Hersoqovinanı şikəst dövlətə çevirən sazişin bizə uyğun variantını hazırlamaq hələ də ABŞ-ın əsas məqsədi olaraq qalır. Bu məqsədlə Minsk qrupunu "dövriyyədə" saxlamağa çalışır, qatı düşməni Rusiya ilə belə işləməyə hazır olduqlarını bildirirlər. Minsk qrupunun ABŞ-dan olan həmsədri Rikerin regiona uzunmüddətli səfəri və Azərbaycan prezidenti ilə apardığı danışıqlar da bu məqsədə xidmət edir. Bu addımlar Ermənistanı Qarabağda separatçılıq planlarından imtina etməməyə, revanşist siyasət aparmağa şirnikləndirir. ABŞ Bakıdakı səfirini israrla Şuşaya getməyə qoymur və bununla separatçılara işarə verir ki, Şuşanı, Hadrutu oyuncaq qurum olan "Dağlıq Qarabağ respublikası"nın tərkibinə qaytarıb ona ən yüksək status vermək xülyası qalmaqdadır və ermənilər ümidlərini itirib ruhdan düşməməlidirlər. Separatçı-qulduru - saxta "XİN" başçısı David Babayana viza verib Konqresə çağırılması, bu azmış kimi Nensi Pelosinin İrəvana gedərək, qızışdırıcı bəyanatlar verməsi də erməniləri şirnikləndirmək, onları qızışdırmaq məqsədi ilə edilib".

Partiya sədri hesab edir ki, bütün bunlardan sonra ABŞ-ın diplomatik fəaliyyətinin səmimiliyinə inanmaq təbii ki, qeyri-mümkündür. ABŞ regionu nəzarətə götürmək üçün guya hamını qane edəcək yollar axtarır, əslində isə ermənipərəst mövqe tutmaqda davam edir: "Bu ölkədə erməni lobbisi çox güclüdür və daim seçkilərdə qələbə barədə düşünən "siyasətçilər" onlara xoş olacaq işlər görməyə çalışırlar. Ermənistanın ABŞ üçün nədən bu qədər əziz olmasının əsas səbəbi budur. Bu baxımdan, ABŞ rəsmilərinin fəallaşmasından, onların vasitəçiliyi ilə aparılan danışıqlardan yaxşı bir nəticə gözləmək mümkünsüzdür".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.