İran

İranın çalması qədər qara niyyətinin məkrli səbəbləri

5 Oktyabr 2021 11:07
1 Şərh     Baxış: 1 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müsəlman təəssübkeşliyi, zülmə, iztiraba məruz qalan məzlumların hüquqlarının qorunması hər bir müsəlman dövləti üçün əsas prioritet olmalıdır. Qonşumuz İran neçə ildir ki, beynəlxalq tribunalarda, tədbirlərdə bu fikri daim təkrarlayır, beynəlxalq birliyi də bu prinsiplərə əməl etməyə çağırır. Lakin necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Gəlin baxaq görək İran bu prinsiplərə özü əməl edirmi? 30 ildir ki, əhalisinin 90 faizi şiə olan Azərbaycan bəşəriyyətin üz qarası olan Ermənistan tərəfindən görünməmiş təcüvüzə məruz qalıb.

30 il susan İran

30 ildir ki, milyonlarla insanın hüquqları pozulub. Ev-eşiklərindən didərgin düşüb, məscidləri dağıdılıb. Ancaq onların haqq səsinə səs verməkdənsə təcavüzkara himayəçilik edib. Ermənistan liderlərindən birinin açıq etiraf etdiyi kimi, onlar üçün "nəfəslik" rolunu oynayıb. İşğalçı siyasəti üzündən blokada vəziyyətinə salınan Ermənistana hər cür maddi, mənəvi yardım göstərməkdə davam edib. Bir dəfə də olsun işğalçını öz adı ilə çağırmağa cürət etməyən İran bir dəfə də olsun münaqişənin ədalətli həllinə çağırış etməyib. Bir dəfə bu ölkədə vasitəçiliklə bağlı danışıqlar aparıldı, onda da Şuşa şəhəri erməni işğalına məruz qaldı. İllər uzunu işğal altında olan torpaqlardan quldur kimi sərvətləri daşıyıb aparan və məhz qonşu ölkənin vətəndaşları oldu. Təbii ki, onlar da bunu hakimiyyət orqanlarının arzılığı ilə həyata keçiriblər. 44 günlük Qarabağ müharibəsində tutulan mövqedən isə danışmağa dəyməz. İndi də İranın Ermənistanın bu ölkədəki səfiri işğalçını dost və qardaş ölkə adlandırır.  Bu azmış kimi Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərləri, ikitərəfli əlaqələrin inikişafı istiqamətində görülən işlər, rəsmi şəxslərin bir birinin ünvanına epitetləri, təriflər səngimir.

Sözdə müsəlman birliyi

Müsəlman birliyindən dəm vuran və Azərbaycana qarşı iddialarla çıxan Amili kimi üzdəniraqları yada salaq. Azərbaycanın təkbaşına qələbəsini həzm edə bilməyən bu qüvvələr üçün sanki yer üzündə hüququ pozulan bir xalq var ki, o da Fələstindir. Dindən öz siyasi mataqları üçün istifadə edən bu qüvvələrin məram və məqsədi birdir - Azərbaycan müstəqil dövlət olmamalıdır, kiminsə boyunduruğu altında qalıb, ancaq onların sözü ilə oturub-durmalıdır. Götürək elə son günlər Azərbaycanla sərhəddə İranın keçirdiyi təlimləri. Müsəlman həmrəyliyindən danışan İran Azərbaycan torpaqlarını zəbt edib viran qoyan, məscidləri təhqir edən Ermənistana dəstək kimi əzələ nümayişi etdirir. Sual olunur - niyə 30 il ərzində həmin yerlərdə təlimlər keçirmirdi? Azərbaycan onun ərazisindən Qarabağ ermənilərinə yardım aparılmasına etiraz edəndə də belə oldu. Eləcə də, müharibə dövründə də İrandan Ermənistana silah-sursat, yanacaq və s. hərbi təyinatlı yüklər daşınması barədə çoxsaylı faktlar var.

Maraqlıdır ki, Azərbaycan ərazisi işğal altında olduğu dövrdə əksər müsəlman ölkələr Azərbaycana dəstək verir, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti belə Ermənistanla diplomatik əlaqələr qurmadıqları halda, İran müsəlman həmrəyliyi nümayiş etdirmədi. Müsəlman aləmində yalnız İran qatı ermənipərəst siyasət yürüdür və bunu nümayəşkəranə şəkildə, açıq-açığa öz əməlləri ilə sübut edir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünyada İranın Ermənistandan başqa dostu yoxdur, Qərb, Şərq, İslam ölkələri, xristian ölkələri - İran hamıya düşmən gözü ilə baxır. Azərbaycan isə əvəzində heç vaxt öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib, bununla bağlı ən yüksək səviyyədə mövqe bildirilib. Bununla yanaşı, Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa imkan verməyib və buna cəhd gəstərənlər də layiqli cavablarını alıblar. İran rəsmiləri də öz mənasız və populist bəyanatlarında bu reallıqları nəzərə almalıdırlar.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.