"Yaxın günlərdə İranın düşmən mövqelərinə qarşı hücumlarının daha genişmiqyaslı və intensiv olacağı gözlənilir".
Milli.Az-ın məlumatına görə, bu barədə İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının Mətbuat Xidməti açıqlama verib. Bildirilib ki, ABŞ və İsraillə əlaqəli hədəflərə qarşı hava, dəniz və quru istiqamətlərində əməliyyatların gücləndirilməsi planlaşdırılır.
İran tərəfi İsraildəki Ramat David və Meron hava bazalarının hədəf alına biləcəyini də qeyd edib. Həmçinin Küveytdə yerləşən ABŞ hərbi bazalarına zərbələrin endirildiyi vurğulanıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats ölkəsinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp da Vaşinqtonun bu əməliyyatda iştirak etdiyini bildirmişdi.
Buna cavab olaraq İran İsrail istiqamətində onlarla ballistik raket atıb, ölkədə hava hücumu siqnalları verilib və müdafiə sistemləri aktivləşdirilib. Martın 1-də isə İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü iddia olunub.
Bundan əlavə, İran ABŞ hərbi bazalarının yerləşdiyi bir sıra qonşu ölkələrə də raket zərbələri endirib və həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Milli.Az





