Gürcüstanda 23 yaşlı azərbaycanlı qadın əməliyyatdan sonra ölüb.
Milli.Az aktual.ge-yə istinadən xəbər verir ki, onun vəziyyəti Tbilisidə Urologiya Milli Mərkəzində pisləşib.
Mərhumun yaxınları ölüm hadisəsində əməliyyatı aparan həkimini günahlandırırlar.
"Gülə-gülə, zarafatla, yaxşı əhvali-ruhiyyədə xəstəxanaya gəldi, əməliyyat olundu və ertəsi gün vəfat etdi. Demişdim ki, əgər lazerlə əməliyyat risklidirsə, onda adi əməliyyat edək. Dedilər yox, heç nə olmayacaq, hər şey normal olacaq. Əgər hər şey qaydasında idisə, niyə öldü?!", - deyə mərhumun ailə üzvü bildirib.
Urologiya mərkəzindən də baş verən hadisəyə münasibət bildirilib: "Gənc qadında sidik daşı olduğuna görə, daşın çıxarılması məqsədilə endoskopik əməliyyat aparıldı. Əməliyyatı mərkəzimizin aparıcı mütəxəssisi həyata keçirdi. Belə əməliyyatlar ildə azı 400 dəfə edilir, həmin gün də səhv etmirəmsə, üç əməliyyat aparılmışdı. Əməliyyat günü qanaxma olmayıb, lakin ertəsi gün hemolitik sindrom inkişaf edib. Bu, böyrək və qaraciyərin kəskin çatışmazlığı ilə özünü göstərib. Buna görə də xəstənin başqa klinikaya köçürülməsinə qərar verilib. Bu çox nadir ağırlaşmanın niyə baş verdiyinin dəqiq etioloji səbəbi bizə məlum deyil. Biz məsuliyyətdən yayınmırıq, ekspertiza rəyini gözləyirik".
Milli.Az





