İran

Xalq Cəlilidən qorxur, Pezeşkian seçilə bilər – Nəimi

4 İyul 2024 09:53
Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güneyli siyasi şərhçi Mehdi Nəiminin İrandakı seçki prosesi ilə bağlı Axar.az-a müsahibəsi:

- Görünən odur ki, güneylilər Pezeşkianı dəstəkləyir. Bunu həm də onun azərbaycanlı olması ilə əlaqələndirirlər. Dövlət bu məqamda azərbaycanlı namizədin prezident seçilməsinə yol verər?

- Milliyyətə qalsa, Cəlilinin də anası azərbaycanlıdır. Ümumiyyətlə isə hazırda həm İranda, həm də Güney Azərbaycanda dəyişik atmosferi yaranıb. Düzü, hakimiyyətin düşüncəsinə Cəlili yaxın sayıla bilər, dövlət də mövcud imkanları ilə onun təbliğatını aparır. İranın güc strukturları Cəliliyə görə bir araya gəlib, qələbəsi üçün arxasında dayanıblar. Belə bir fikir var ki, Pezeşkian İrandakı mövcud vəziyyətə görə seçkilərdə rəqib olaraq önə çıxarılıb. İstəyirlər, sandıq başında fəallıq ötən 2-3 seçkilərdəki kimi olmasın. Bu yolla kameraların gözünü boyayıb, sonda isə oradan öz seçdikləri namizədin - Cəlilinin adını çıxaracaqlar. Bununla paralel olaraq, batmaq üzrə olan İranda xalqı qıcıqlandırmağın daha böyük nəticələrə gətirib çıxaracağı ehtimalına görə səslərin saxtalaşdırılmayacağı ilə bağlı fikirlər də var. Pezeşkianın prezident kürsüsünə gəlməyi ilə hakimiyyət həm də legitimlik qazanar, deyər ki, istəmədiyimiz şəxsi belə millətin seçməsinə göz yumduq. Önümüzdəki aylarda isə İran və dünya miqyasında yaranacaq problemləri, Tehran rejiminə düşən məsuliyyəti Pezeşkian və tərəfdarlarının çiyninə yükləyərlər. Çünki İranın hələ çətin günləri qarşıdadır.

- Bəs seçkilər fonunda Güney məsələsinə münasibət necədir?

- Gündəmdədir. Rejim bu məsələdə ciddi qorxudadır. Məsələn, debatda açıq şəkildə "Pantürkizmə sənin fikrin necədir" sualını Pezeşkiana ünvanlayaraq qorxularını büruzə verdilər. Belə bir sual o səviyyədə ilk dəfədir dilə gətirilir. Demək, rejim Güney Azərbaycan məsələsini dilə gətirəcək qədər diksinir. Təbii ki, Pezeşkian doğru siyasət yürüdərək, sualın cavabına digər etnikləri daxil elədi və bildirdi ki, pantürkizm, panərəbizm, panfarsizm, pankürdizm məfhumları əgər varsa, bu, ədalətsiz münasibətdən qaynaqlanıb.

- Güney azərbaycanlıların seçkilərə münasibəti necədir?

- Güney Azərbaycan ərazisində 20 milyon azərbaycanlı yaşayır, bir o qədər də azərbaycanlı da İranın digər ərazilərindədir. Bunlar hələ bütün potensialları ilə meydana çıxmayıblar. Ancaq istəyirlər. Əgər həyəcanlarını kənara qoyub, meydana çıxsalar, qələbə Pezeşkianındır.

- Pezeşkianı sadəcə azərbaycanlılar dəstəkləyir?

- Əslində, hazırda çoxluq Pezeşkianın yanındadır. 1-ci tura qatılmayanlar belə cümə günü keçiriləcək seçkilərdə iştirak etmək istəyir. Çünki Cəlilinin düşüncəsindən çox qorxurlar. O, hələ hakimiyyətə gəlməyib, ancaq indidən insanları vahimələndirən çıxışlar edir. Cəlilinin adından çıxış edən xanım hicabsız qadınlara yüngül işgəncə verəcəkləri, uzağı həbsxanaya yollayacaqları ilə bağlı fikirlər səsləndirib. Düşünün, bu adam hələ dövləti əlinə almayıb. Yaxud Cəlili deyir ki, niyə bizi müharibə ilə qorxudursunuz, İsrail o boyda gücü ilə Qəzzada heç nə edə bilmədi. Hansı ki, Qəzzada 40 minə yaxın insan ölüb, şəhərlərdə infrastuktur yerlə-bir olub, insanlar didərgin düşüb, ac qalır. Bunları eşidib, seçkilərdən kənarda qalanlar nəticəni dəyişməyə can atırlar. Diqqət çəkən daha bir məqam var. İyunun 28-i keçirilən birinci turdan sonra İranın əyalətləri üzrə xəritələr paylaşmışdılar. Pezeşkiana səs verənlər firuzəyi, Cəliliyə səs verənlər isə qırmızı ilə göstərilmişdi. Bu, çox ilginc bir məqamdır. Xəritənin Güney Azərbaycan bölümü tamamilə firuzəyi rəngdə idi. Həmçinin Bəlucistan, Şimali Xorasan, Gülüstan əyalətlərində Pezeşkian dəstəklənmişdi. Cəliliyə isə daha çox mərkəzi əyalətlərdə - İsfahan, Yəzd, Simnan, Xorasan Rəzəvi, Cənubi Xorasanda yaşayanlar səs verib. Demək, dilemmada qalan kütlə seçkilərə qatılsa, cümə günü daha qələbəlik bir seçki tablosu ilə qarşılaşa bilərik.

Qeyd edək ki, 5 iyulda İranda seçkilərin ikinci turu keçiriləcək. İkinci turda azərbaycanlı Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.