Maraqlı

Ən gözəl nemətlər kimin üçündür?

12 Oktyabr 2021 08:25
2 Şərh     Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?"

De: "Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur". Biz ayələrimizi anlayıb- bilən bir tayfaya belə ətraflı izah edirik." (əl-Əraf, 7/32)

Uca Allah bütün təmiz, yaxşı və gözəl şeyləri öz bəndələri üçün yaratdığını və qullarının bunlardan istifadə etməsini öz iradəsi xaricində haram buyura biləcək başqa bir səlahiyyət sahibinin olmayacağını bildirir. Deməli, haram və halal buyurma səlahiyyəti yalnız Allaha məxsusdur.

Uca Rəbbimiz bu ayədə dünya həyatında öz bəndələrinə gözəlliklər, yaxşı, xoş və təmiz ruziləri nemət olaraq bəxş etdiyini xatırladır. Bu baxımdan, insanın vəzifəsi həqiqi mülk və nemət sahibini bilərək Ona iman etməkdir. Dünya həyatı bəşər övladı üçün bir imtahan olduğuna görə həyatin gözəl nemətlərindən bütün məxluqat istifadə edir. Bu səbəbdən, inanmayan bir şəxsin dünya həyatında mömindən daha böyük bir pay və nemət əldə etməsi mümkündür. Lakin yaxşı və gözəl şeylərin iman əsasında paylanacağı axirət olduğu üçün bütün bu gözəl və təmiz şeylər təkcə möminlərə veriləcəkdir. Digər tərəfdən, Allaha qarşı üsyankar mövqedən çıxış edənlər, yəni inanmayanlar bu dünyada Onun nemətləri ilə yaşamalarına baxmayaraq, axirətdə bu paydan heç bir şey almayacaqlar.

Uca Yaradan bəxş etdiyi saysız nemətlərin müqabilində bizdən şükr etməyimizi istəyir. Nemətlərə şükr etmək həm nemətlərin mütəmadiliyini təmin edir, həm də Uca Rəbbimizin məmnuniyyətini qazanmağımıza vəsilə olur (İbrahim surəsi (14) -7). Dünya həyatında bizə bəxş edilmiş çox sayda gözəl nemətlərin ən gözəli, şübhəsiz ki, Uca Allahı tanımaq və Ona inanmaq nemətidir. Başqa sözlə, möminlik şərəfini qazanmaq nemətlərin ən gözəli və ən üstünüdür. Çünki biz ancaq imanlı olduğumuzda dünya və axirət xoşbəxtliyini əldə edə bilərik. Uca Yaradanın əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək bizə verilən nemətlərin qarşılığında edəcəyimiz ən gözəl şükrdür. Bu səbəbdən Peyğəmbərimiz (s.ə.s.) çox ibadət etməsinə təəccüb edən səhabəyə: "Şükr edən bir bəndə olmayımmı?" - deyə cavab vermişdir. Əslində Allah-Təala (c.c.) peyğəmbər olaraq seçməklə ona bir nemət vermişdir. O da bu nemətin müqabilində çox ibadət edərək şükrünü bildirmişdir.

Bu baxımdan, sahib olduğumuz nemətlərin qarşılığında şükr və ibadətlərimizi mütəmadi olaraq yerinə yetirməliyik. Allahın bizə bəxş etdiyi nemətlərin müqabilində haqq yoldan çıxmamalıyıq. Nemətlərə nankorluqla cavab vermək onların əldən çıxmasına və Uca Allahın qəzəbinə səbəb olar. Ən böyük nankorluq saysız-hesabsız gözəl nemətlərin içində olub, bu nemətlərin sahibini tanımamaq və Ona qulluq etməkdən imtina etməkdir. Bu səbəblə müqəddəs kitabımız Qurani-Kərimdə imansızlıqla nankorluq eyni kəlmələrlə ifadə edilmişdir (İbrahim, 14/28; ən-Nəhl, 16/55).

Bizi yaradan Uca Rəbbimiz, ehtiyaclarımızı məşru (şəriətə uyğun) bir çərçivədə qarşılaya biləcəyimiz halal və təmiz nemətləri də yaratmışdır. Bunlardan istifadə edərkən tarazlığı qorumaq, başqalarının da bu nemətlərdən faydalanma hüququna hörmət göstərmək və ən önəmlisi Uca Yaradanımıza şükr etmək insanlıq borcumuzdur. Bilməliyik ki, nankorluqla qarşılanan nemətlər bir daha geri dönməmək şərtilə əldən çıxar və nəticədə Allahın qəzəbinə məruz qalmağımız qaçılmaz olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.