Maraqlı

OnePlus 8T smartfonu rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ

22 Oktyabr 2020 20:55
Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəlcədən də elan edildiyi kimi dünən OnePlus şirkəti özünün yeni flaqman smartfonu olan OnePlus 8T-ni təqdim etdi. Lakin əvvəlki illər ilə müqayisədə bu dəfə OnePlus T seriyasına Pro model əlavə olunmadı. Nəticədə şirkət yalnız bir ədəd smartfon təqdim edib. OnePlus 8 ilə müqayisədə OnePlus 8T modeli yenilənmiş dizayn və daha yaxşı texniki özəlliklər əldə edib. Yeni smartfonda şirkət kənarları əyilmiş ekran dizaynından imtina edib. OnePlus 8T modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.55 düym OLED ekran əldə edib. Ekranın özü HDR10+ texnologiyasını dəstəkləyir.

Bununla yanaşı ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 865 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (Sony IMX586) + 16 MP (123 dərəcə bucaq təsvirli sensor) + 5 MP (makroobyektiv) + 2 MP (monoxrom obyektiv) dördlü arxa kamera, 16 MP-lik (Sony IMX471) ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Məlumata əsasən bu cür sürətli şarj texnologiyası vasitəsilə smartfon 15 dəqiqə ərzində 60% enerji yığa bilir. OnePlus 8T modeli OxygenOS 11 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 20 oktyabr tarixində Avropada satışa çıxacaq. 8 GB RAM və 128 GB daxili yaddaşa sahib model 599 avroya, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib model isə 699 avroya satılacaq.

OnePlus 8T ilə birlikdə şirkət həmçinin OnePlus Buds Z adlı naqilsiz qulaqlıqları da təqdim edib. Sözügedən qulaqlıqlar smartfona Bluetooth 5.0 standartı vasitəsilə qoşulurlar. Qulaqlıqlar 10 mm-lik drayverlərə sahibdirlər və Dolby Atmos texnologiyasını dəstəkləyirlər. OnePlus Buds Z ətraf səs-küyün aktiv boğulması sisteminə sahib olmasa da şirkət bildirib ki, o, ətraf səs-küyün aşağı salınmasına və zənglər zamanı səsin gücləndirilməsinə sahibdir. Qulaqlıqlar həmçinin Google Assistant səsli köməkçisini də dəstəkləyirlər. Onların gövdələri isə IP55 standartı üzrə sudan qorunur. Çalışma müddətinə gəldikdə isə qulaqlıqlar şarj keysi ilə birlikdə 20 saat çalışa bilirlər. OnePlus Buds Z 2 noyabr tarixində 46$ qiymətində satışa çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.