Maraqlı

Quranın yazılması və toplanması

20 Yanvar 2022 21:50
0 Şərh     Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyğəmbərin - sallalləhu aleyhi və səlləm - zamanında yazmağa yox, əzbərləməyə daha çox üstünlük verilirdi. Belə ki, həmin dövrdə insanların hafizəsi olduqca güclü, əzbərləmə qabiliyyətləri isə olduqca sürətli idi. Bu səbəbdən Quran cəm olunmamışdı, çünki hər kəs eşitdiyi ayəni ya əzbərləyir, ya da əlinə keçən xurma ağacının budaqlarına, dərilərin, daşların və ya sümük hissələrinin üzərinə onları yazıb qeyd edirdi. Sayca qarilərin (Quranı hafizəsinə köçürənlərin) sayı da olduqca çox idi. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: "Bir dəfə Peyğəmbər yetmiş nəfər qarini bir yerə göndərmişdi. Yolda Məunə quyusunun yaxınlığında Səlim oğullarından olan Həyyan, Ril və Zəkvan qəbilələrinin üzvləri onları qətlə yetirdilər." (Səhih əl-Buxari, 3064).
Onlardan başqa da səhabələr arasında qarilər çox idi. Misal olaraq dörd xəlifəni, Abdullah ibn Məsudu, Əbu Huzeyfənin mövlası Salimi, Ubey ibn Kəbi, Muaz ibn Cəbəli, Zeyd ibn Sabiti və Əbu Dərdanı göstərmək olar. Allah onlardan razı olsun.
Əbu Bəkrin xilafəti dövründə hicrətin on ikinci ili Yəməmə döyüşündə çox sayda qari, o cümlədən də Əbu Hüzeyfənin mövlası Salim qətlə yetirildi. Bu həmin Salimdir ki, Peyğəmbər Quranı ondan öyrənməyi əmr etmişdi. Bu hadisədən sonra Əbu Bəkr Quran itməsin deyə onun cəm olunmasını əmr etdi. Buxarinin "Səhih" əsərində deyilir ki, Yəməmə döyüşündən sonra Ömər ibn əl-Xəttab Quranın cəm olunması ilə bağlı Əbu Bəkrlə məşvərət etdi. O bir müddət dində yenilik edəcəyindən ehtiyatlanaraq tərəddüd etdi. Ömər o qədər ona bunu məsləhət verdi ki, sonda Allah Əbu Bəkrin qəlbini razı saldı. Sonra Əbu Bəkr Zeyd ibn Sabiti yanına çağırtdırdı. Zeyd gəldikdə Əbu Bəkr Ömərin də hüzurunda ona dedi: "Sən ağıllı bir gəncsən və hər hansı bir böyük günahı etməkdə ittiham olunmamısan. Həmçinin sən Peyğəmbərə gələn vəhyləri də yazırdın. Odur ki, Quranı toplayaraq, onu cəm et." Zeyd dedi: Beləcə mən Quranı xurma budaqları, daşlar və insanların hafizəsindən toplamağa başladım. Topladığım səhifələr Əbu Bəkr vəfat edənədək onun, sonra Ömər sağ olduğu müddətdə onun, sonra da Həfsa bint Ömərin yanında qaldı.
Müsəlmanlar da Əbu Bəkrin bu əməlini təqdirəlayiq hesab edərək, onun nailiyyətlərindən saymışlar. Hətta Əli ibn Əbu Talib belə demişdir: "Quranın cəm olunması məsələsində ən böyük əcr Əbu Bəkrə məxsusdur. Allah Əbu Bəkrə rəhmət eləsin. Allahın kitabını ilk dəfə cəm edən o olmuşdur."
Quranın toplanmasının sonrakı mərhələsi isə möminlərin əmiri Osman ibn Əffanın dönəminə, hicrətin iyirmi beşinci ilinə təsadüf edir. Həmin vaxt səhabələrin əllərindəki səhifələrdə bəzi fərqlər olduğu üçün insanlar Quranı fərqli şəkildə oxuyurdular. Onlar fitnənin baş verməsindən qorxdular və Osman əmr etdi ki, səhifələr toplansın və Quran vahid formada olsun ki, insanlar Allahın kitabı barəsində ixtilafa və təfriqəyə düşməsinlər. Rəvayət olunur ki, Huzeyfə ibn əl-Yəmən Ərməniyyə ilə Azərbaycanın fəthindən sonra geri dönüb Osmanın yanına gəldi. İnsanların qiraətdəki ixtilafı onu qorxutmuşdu. O dedi: "Ey möminlərin əmiri, bu ümmət yəhudi və xaçpərəstlər tək, öz kitabları barəsində ixtilafa düşməmişdən öncə onların dadına çat." Osman Həfsanın yanına adam göndərdi ki, səhifələri bizə göndər, onların surətlərini çıxarıb sənə qaytaraq. Həfsa da onun dediyini yerinə yetirdi. Sonra Osman əmr etdi ki, Zeyd ibn Sabit, Abdullah ibn Zubeyr, Səid ibn əl-As və Abdur-rahmən ibn əl-Haris ibn Hişam səhifələri vahid Qurana köçürsünlər. Onlar Osmanın dediklərini yerinə yetirərək səhifələri vahid Quranın nüsxələrinə köçürdülər. Sonra Osman səhifələri Həfsaya qaytardı. Daha sonra o, köçürülən Quran nüsxələrini müxtəlif yerlərə göndərdi, insanların əlində bu Qurana müxalif olan səhifə və kitabların isə yandırılmasını əmr etdi. Osman bunu səhabələrlə məsləhətləşdikdən sonra etmişdi. Onlar möminlərin əmiri Osman ibn Əffanın etdiyi bu əməli razılıqla qarşılamışlar. Onun bu əməli Əbu Bəkrin gördüyü işi tamamlayırdı.
Əbu Bəkrlə Osmanın Quranı toplamaları arasındakı fərq onda idi ki, Əbu Bəkr səhifələr itməsin deyə onları bir yerə toplayaraq cəm etmiş, insanlara Quranı vahid şəkildə oxumağı əmr etməmişdi. Çünki həmin vaxt insanların fərqli şəkildə Quran oxumaları halları qeydə alınmamışdı. Osmanın zamanında isə artıq bəziləri Quranı fərqli şəkildə oxuduqları üçün və bu olduqca təhlükəli olduğu üçün Osman hamını vahid Quran ətrafında birləşməyi əmr etmişdi. Bu əməl nəticə olaraq bütün müsəlmanların birliyinə, həmrəyliyinə və mehribançılığına səbəb oldu. Eyni zamanda ümmətin parçalanması, müsəlmanların fikir ayrılığına düşmələri, kin-küdurətin və düşmənçiliyin yayılması kimi böyük fəsadların qarşısı alındı.
Beləcə həmin vaxtdan bu günümüzədək Quran müsəlmanların ittifaq etdikləri vahid şəkildə nəsildən-nəsilə keçərək bizlərə gəlib çatmışdır. Bu Qurana yolunu azmış heç bir kəs müdaxilə edərək dəyişiklik edə bilməmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.