Sağlamlıq

COVID-19-a qarşı immuniteti yarananlar da "Britanıya ştammı"na yoluxa bilərlər

10 Fevral 2021 23:55
Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə hələ müsbət nəticə əldə olunmamış, ötən ilin axırlarında Britaniyada aşkar olunan virusun yeni növü tibb aləmini yenidən təşvişə saldı. 75 faiz daha yoluxuculuq qabiliyyəti ilə seçilən "Britaniya ştammı" təkcə Krallıqda deyil, dünyanın bir sıra ölkələrində də sürətlə yayılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Emin Məmmədov virusun yeni növü haqqında deyib: "Britaniya mutagen forması əvvəlki koronavirusdan daha yoluxucudur, yaşı 20-dən aşağı olanlarda daha ağır gedişli pnevmoniyalara səbəb ola bilir və yaşı 45-dən 70-dək olanlarda daha ağır gedişli olur. Aparılan vaksinasiya prosesinin yeni mutagen ştammlardan qoruyacağı hələ də sual altındadır. Lakin buna baxmayaraq, vaksinasiya prosesi kütləvi şəkildə davam etdirilməlidir, çünki pandemiyadan qurtulmağın yeganə yolu vaksinasiyadır".

Maraqlıdır ki, Almaniyada qocalar evinin sakinləri koronavirus infeksiyasına qarşı peyvənd olunsalar da, virusun "Britaniya ştammı"na yoluxublar. Bəlkə də vaksin olunmaları onları yeni ştammın ağır nəticələrindən qoruyur. Həkimlər bildirirlər ki, koronavirusa yoluxub sağalan 20 və daha aşağı yaş qruplarında olanlar, COVID-19-a qarşı immuniteti yarananlar da yeni ştamma yoluxa bilərlər.

Təkcə koronavirusun "Britaniya ştammı"na deyil, bütün viruslara qarşı əsas mübarizə metodu maska taxma, məsafə saxlamaq, dezinfeksiyaedici vasitələrdən istifadə etməkdir. "Koronavirusun mutasiya növlərindən asılı olmayaraq hər kəs daha diqqətli olmalıdır, çünki gələn mutagen forma daha aqressivdir, daha sürətli yoluxur və xəstəliyi daha ağır gedişlə müşahidə olunur. Ona görə maskanın taxılması, kütləvi toplaşmama və s. məsələlərə yenə də ciddi əhəmiyyət vermək lazımdır və qətiyyən arxayınlaşmaq olmaz", - deyə həkim-terapevt bildirib.

Virusun "Britaniya ştammı" ölkəmizdə hələ qeydə alınmasa da, əvvəlki kimi ayıq-sayıq davranmaq, infeksiyaya qarşı mübarizə tədbirlərini zəiflətməmək və "üç qızıl qayda"ya əməl etməyi bir an da olsun unutmamaq tələb olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.