Dünyada mikroplastiklərin təsiri getdikcə daha çox narahatlıq doğurur. Yeni elmi araşdırma göstərib ki, bu xırda plastik hissəciklər yalnız yediyimiz və içdiyimiz məhsullarda deyil, artıq qan dövranına daxil olaraq sümüklərin dərinliklərində də toplanır. Bu isə uzunmüddətli dövrdə sümük sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Mikroplastiklər (5 mm-dən kiçik plastik hissəciklər) qida, içki və hava vasitəsilə orqanizmə daxil olur. Araşdırmalara əsasən, bu hissəciklər həzm sistemindən keçərək qana qarışır və zamanla sümük toxumalarında yığılır.
Onlar insan orqanizmində təkcə bağırsaq və ağciyərlərdə deyil, həm də plasenta, beyin və reproduktiv orqanlarda da aşkarlanıb.
Osteoporosis International jurnalında dərc edilən tədqiqatda 62 fərqli elmi iş təhlil edilib. Nəticələr göstərir ki, mikroplastik və nanoplastiklər sümüklərin quruluşuna və inkişafına mənfi təsir göstərir.
Braziliyalı tədqiqatçı Rodrigo Bueno de Oliveira bildirib ki:
"Mikroplastiklərin sümük iliyi kimi dərin toxumalara çataraq maddələr mübadiləsini poza biləcəyinə dair güclü elmi dəlillər var."
Heyvanlar üzərində aparılan təcrübələrdə:
Mikroplastiklərin sümük böyüməsini ləngitdiyi,
Sümük bərpası və inkişafında rol oynayan hüceyrələrə (osteoklastlara) zərər verdiyi,
Sümüklərin zəifləməsinə, deformasiyaya və kövrəkləşməsinə səbəb olduğu müşahidə edilib.
Osteoporoz (sümük əriməsi) ilə əlaqəsi ola bilərmi?
Laboratoriya araşdırmaları göstərib ki, mikroplastiklər:
Hüceyrələrin qocalma prosesini sürətləndirir,
Hüceyrə fərqlənməsini pozur,
Bədəndə iltihabi reaksiyaları artırır.
Mütəxəssislər bu təsirlərin insan orqanizmində tam sübut olunmadığını desələr də, dünya üzrə artan sümük əriməsi hallarının mikroplastik təsiri ilə əlaqəli ola biləcəyini vurğulayırlar.
Science Alert-in məlumatına görə, dünyada hər il ən azı 400 milyon ton plastik istehsal olunur. Bu da 1,8 milyard ton istixana qazı emissiyasına səbəb olur. Alimlər bu "gözardı edilən təhlükənin" daha yaxşı başa düşülməsi üçün təcili yeni araşdırmalara ehtiyac olduğunu deyirlər.
Mikroplastiklərdən necə qorunmaq olar?
Mikroplastik təsirini azaltmaq üçün:
İçməli suyu filtrləmək,
Plastik şüşələrdən mümkün qədər uzaq durmaq,
Sintetik parçalardan hazırlanmış geyimləri azaltmaq tövsiyə olunur.
Lalə Qüdrətova
Milli.Az