Türkiyədən çox sayda pilotsuz uçuş aparatı alan və onların istehsalı ilə bağlı dəstək alan Ukraynadan gözlənilməz bir addım gəlib. Ölkə gündə 200-dən çox uzaqmənzilli zərbə dronunun seriyalı istehsalına başlayıb.
Milli.Az xəbər verir ki, Ukraynanın "Fire Point" şirkəti gündə 200-dən çox uzaqmənzilli zərbə dronunun seriyalı istehsalını quraraq xaricdən asılılığı əhəmiyyətli dərəcədə azaldıb. Şirkət əsas komponentlərin istehsal dövrünü demək olar ki, tamamilə yerliləşdirib.
Şirkət mühərrik hissələrinin 97%-dən çoxunu yerli imkanlarla istehsal etməyə başlayıb və istehsal həcmini daha da artırmağı planlaşdırır.
Bu barədə məlumatı şirkətin texniki direktoru İrina Terek Fransanın "Air & Cosmos" aerokosmik jurnalının baş redaktoru Ksaver Teitelmana verdiyi müsahibədə açıqlayıb. Terekin sözlərinə görə, mühərriki təşkil edən 82 hissədən 80-i artıq Ukrayna daxilində hazırlanır. Şirkət tökmə və emal mərhələsindən tutmuş yekun montaja qədər bütün istehsal prosesini uğurla idarə edir.
İrina Terek vurğulayıb: "Biz maliyyələşmə, kəşfiyyat və ümumi siyasi dəstək məsələlərində tərəfdaşlarımızın köməyindən çox asılıyıq. Lakin texniki bacarıqlar və avadanlıq baxımından mümkün qədər müstəqil hərəkət etməyə çalışırıq."
Əvvəllər şirkət tamamilə xarici mühərriklərdən asılı idi və bu, istehsalın genişləndirilməsi üçün ciddi maneə yaradırdı. İstehsalın yerliləşdirilməsi qiymətlərə də böyük təsir edib. Məsələn, səsboğucu kimi hissələrin yerli istehsalı vahid xərcləri 400 avrodan 70 avroya qədər endirib.
Hazırda istehsal olunan FP-1 və FP-2 tipli uzaqmənzilli PUA-ların bir ədədinin dəyəri təxminən 58,000 dollar təşkil edir. Bu rəqəm Rusiyanın istifadə etdiyi "Şahid" (Shahed) zərbə dronlarından xeyli ucuzdur. Gələcəkdə gündəlik istehsal həcminin 400 ədədə çatdırılması hədəflənir.
Lalə Qüdrətova
Milli.Az





