Elm

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş videokonfrans təşkil edilib - FOTO

6 Fevral 2021 16:01
Baxış: 1 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diasporla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş videokonfrans keçirilib.

Komitədən Milli.Az-a bildirilib ki, videokonfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Elşad Əliyev, Valeh Hacıyev, Vaqif Seyidbəyov, Azərbaycan, Türkiyə, Yaponiya, Çin, Böyük Britaniya, Rusiya, Almaniya, Fransa, Avstraliya, Niderland və digər ölkələrdə yaşayan azərbaycanlı elm xadimləri, Azərbaycan diaspor təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir AMEA-nın müxbir üzvü, "Lütfi Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, texnika elmləri doktoru Rafiq Əliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, texnika elmlər doktoru Oleq Hüseynovun moderatorluğu ilə keçib.

Tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədr müavinləri Valeh Hacıyev və Elşad Əliyev açaraq qonaqları salamlayıblar. Bildirilib ki, elmə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti ölkəmizdə görkəmli alim Lütfi Zadənin 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lütfi Zadənin ömür yolu və elmi yaradıcılığı ilə həmvətənlərinin fəxr duyduğu, tarixi Vətəninə çox bağlı olduğu, öz vəsiyyətinə görə Bakıdakı Fəxri Xiyabanda dəfn edildiyi nəzərə çatdırılıb.

Sonra Lütfü Zadənin ömür yoluna və elmi yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Moderatorlar R.Əliyev və O.Hüseynov bildiriblər ki, Lütfi Zadə dünya elmini dəyişən şəxsiyyətdir. Onlar alimin elmi yaradıcılığı barədə ətraflı məlumat veriblər. Onun riskli və gözlənilməz addım ataraq fundamental nəzəriyyələri ilə elmdə ciddi dəyişikliklərə yol açdığı vurğulanıb.

Sonra tədbirdə AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov, Türkiyə-Azərbaycan, Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar, Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin professoru, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycanın Əməkdar elm xadimi Əmrullah Məmmədov, SOCAR-ın layihə analitiki Babək Kərimov, Türkiyə İqtisadiyyat və Texnologiya Universiteti Ticarət və Mübadilə Palatasının beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayılov, professor Saleh Sultansoy, professor Ömər Akın, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Zahid Qocayev, Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Şahnaz Şahbazova, Vaterloo Universitetinin professoru İlham Axundov, Azərbaycanın Əməkdar elm xadimi, akademik Akif Əlizadə, Tokio Universitetinin doktoru, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər, Moskva bölgəsindəki azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin sədr müavini, ictimai xadim Həşim Əliyev və başqaları çıxış ediblər.

Lütfi Zadəni bütün zamanların dahisi adlandıran natiqlər bildiriblər ki, görkəmli həmvətənimiz elmdə prinsipiallığı ilə seçilib, Aristotel məntiqini genişləndirərək, ortaya fərqli nəzəriyyə çıxarıb. Lütfi Zadənin nəzəriyyələrinin Yaponiyaya və digər ölkələrə töhfələr bəxş etdiyi, intellektual robotların yaranmasına təkan verdiyi, alimlərin və davamçılarının onun elmi yaradıcılığından bəhrələndikləri yada salınıb.

Tədbir iştirakçıları alimlə birlikdə çalışdıqları illəri və elmi konfranslardakı çıxışları yada salaraq maraqlı xatirələrini bölüşüblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.