Mədəniyyət

“Başsız qalan ailə kimiyik” - “Qaya” qrupunun üzvləri Rauf Babayevi yad edirlər - FOTO

31 Mart 2020 16:54
0 Şərh     Baxış: 2 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə Azərbaycan incəsənət ağacından bir yarpaq da düşdü. "Qaya" Dövlət Ansamblının bədii rəhbəri, Xalq artisti Rauf Babayev 82 yaşında dünyasını dəyişdi.

Mərhum müğənni 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi. R.Babayev 1978-ci ilin yanvarında Azərbaycan SSR əməkdar artisti, 2006-cı ilin sentyabrında Xalq artisti fəxri adı alıb.

Milli.Az "525-ci qəzet"ə istinadən xəbər verir ki, Rauf Babayev kimi sənətkarı itirmək bütün Azəbaycan xalqı və sənətsevərlər üçün çətin olsa da, "Qaya" qrupunun üzvləri bu itkinin ağırlığını daha çox yaşayırlar. Onlar təkcə bədii rəhbərlərini deyil, müəllimlərini, sənət yolundakı mayakı da itiriblər. Bunu onların özləri deyirlər.
 
Qrupun üzvləriylə bir-bir danışıb Rauf Babayevlə olan xatirələrini, düşüncələrini öyrəndik və qrupun öz fəaliyyətini bundan sonra necə davam etdirəcəyini soruşduq.

"O, mənim musiqidə əvəzsiz və yeganə müəllimimdir"

Əməkdar artist Şölə Səfərəliyeva ömrünün 25 ilini Rauf müəllimlə işləyərək keçirib:

"Rauf Babayev xatirimdə hər zaman məni bu sənətə gətirən, böyük addımlar atmağıma səbəb olan insan kimi qalacaq. Onu unutmaq mümkün deyil. Həyatımın 25 ilini, bugünkü gün üçün yarıdan çoxunu mən onun yanında keçirib boya-başa çatmışam. O, mənim xatirimdə Azərbaycan musiqi sənətində yeni səhifə yaradan insan kimi qalıb. Çünki bu günə kimi Azərbaycan səhnəsində uşaqlardan ibarət çoxsəsli ifa olmayıb. Rauf müəllim ilk dəfə 1995-ci ildə belə bir kollektiv yaratdı. Ondan sonra bir çox belə kollektivlər yaranmağa başladı ki, onlar heç vaxt "Bəri bax" ola bilməzdilər. O, mənim musiqidə əvəzsiz və yeganə müəllimim, ustadımdır.

Mən onunla ilk dəfə tanış olanda 11 yaşım vardı. Nə mən, nə də "Bəri bax"ın digər uşaqları onun haqqında geniş məlumata sahib deyildik. Çünki onda çox balaca idik. Amma bu insanı yaxından tanıdıqca və onun bizə caz musiqisini bu cür sevdirə bildiyini gördükcə təbii ki, köhnə "Qaya" qrupunun yaradıcılığını da izləməyə başladıq. O özü də bizə xatirələrini tez-tez danışardı. Afrika ölkələrində necə dörd aydan çox səfərdə olduqlarını, başlarına gələn məzəli hadisələri, uzaq Şərqdə Müslüm Maqomayevlə birgə səfərlərini, kollektiv daxilində olan konsert və konsertdən kənar işlərini, xoş xatirələrini bizlə bölüşərdi. Onu yaşadan musiqi idi. Hər zaman o dördlüyün ənənələrini yaşatmağa çalışırdı və bunu bacardı.

Son dəfə onunla canlı görüşüm Mərkəzi Klinik Xəstəxanada oldu. İlk dəfə infakt keçirəndən sonra 5 nömrəli xəstəxanada yatanda oraya da getmişdim. Ordakı görüşümüzdə bəzi məzəli hadisələr olmuşdu mənlə bağlı. Son görüşümüzdə də həmin hadisələri yada saldıq, güldük və hər zamankı kimi ona gətirilən paylardan mənə daddırdı. Bu, artıq bir adət halını almışdı. Sonra bir dəfə də cəhd etdim klinikaya getməyə. Onda koronavirusla bağlı ilk tədbirlər alınan zaman idi, karantin elan olunmuşdu. Ona görə də bizi içəriyə buraxmadılar. O məqamda dözmədim, ağlaya-ağlaya Rauf müəllimə video zəng elədim. O da məni o cür görüb pis oldu, sakitləşdirməyə çalışdı. Dedi ki, çıxanda görüşəcəyik. Ondan bir neçə gün sonra öz istəyiylə evinə qayıtdı. Hər gün danışırdıq, bizə dedi ki, mənə bir müddət icazə verin özümə gəlim, toparlanım, görüşəcəyik. Təəssüf ki, bu görüş bizə qismət olmadı. Amma bizim "votsapp" qrupumuz vardı, hər səhər o, hamımızdan öncə "sabahınız xeyir, özünüzü qoruyun, uşaqlar" mesajı yazardı. Rəhmətə getdiyi gün mesaj gəlmədi. Uşaqlar "Rauf müəllim, salam, necəsiniz?" yazdı, buna da cavab gəlmədi və sonra bizə onun ölüm xəbərini verdilər. 

Son görüşümüz ayın 27-si vəfat etdiyi gün evində oldu. Mən onun üzünü açıb, cansız bədənini gördüm və müəllimimlə sağollaşdım.

"Qaya" ansamblını Rauf müəllim olmadan təsəvvür edə bilmirəm. Ona görə bundan sonrakı fəaliyyətimiz necə və nədən ibarət olacaq bilmirəm, bu dəqiqə onun itkisini yaşayan insan kimi xaosdayam. Təbii ki, onun etdiklərini biz heç zaman edə bilməyəcəyik. Amma yenə də əlimizdən gələn qədər çalışacağıq ki, fəaliyyətimiz boyunca onun qoruyub-saxladığı səviyyədə davam edək. Bizim bütün ifalarımızı nöqtə-vergülünə qədər Rauf müəllim özü qururdu, köməkçisi də yox idi. Ondan sonra necə olacaq, bilmirəm. İstədiyim odur ki, fəaliyyətimizi hardasa, bir yerlərdə görərək, hiss edərək ruhu şad olsun. İnanıram ki, biz onun saxladığı adı layiqincə davam etdirə biləcəyik.

O, bu sənətdə adi müəllim olmadı. Onun yetirmələri hətta "Avrovizia" səhnəsinə qədər gedib çıxdılar, Azərbaycanı təmsil etdilər. Bu gün, düzdür, mən yeganə tələbəsiyəm ki, "Əməkdar artist" adına layiq görülmüşəm. İnşallah ümid edirəm, digər tələbələri də bu adı qazanacaqlar. Yəni Əməkdar artistə qədər onun tələbələri var. Deməli, o, 25 illik pedaqoq fəaliyyətini boşuna xərcləmədi. Onun yetişdirdiyi tələbələrin hamısı peşəkarlıq qazandı, pisi yaxşıdan ayırmağı, zövqlü olmağı bacardı".

"O, bir əfsanə idi"

Nigar Cəlilova qrupun ən kiçiyi və ən az zamandır fəaliyyət göstərənidir:

"Üç il olacaqdı ki, "Qaya" ilə birgəyəm. Bilirsiniz ki, Rauf Babayev hər adamı ora götürmürdü. Ora qəbul olmaqdan ötrü musiqiçiyə lazım olan hər şey olmalı idi: musiqi savadı, istedad, səs, musiqi duyumu və qrupda oxumaq bacarığı. İlk gələndə səsimi bəyəndi, sonra suluxu, ritmi yoxladı və məni qəbul elədi. Dedi ki, hər şeyin uyğundur, indi də baxaq görək, sən bu qrupda, çox səslidə oxuya biləcəksənmi. İlk vaxtlarda məndə birdən alınmaz deyə qorxu var idi. Amma çalışdım, öyrəndim və üç ildir ki, oradayam. Hər gün yeni əsərlər keçir, yeni şeylər öyrənirdik. Rauf müəllimi çox gözəl xatırlayıram. O, çox yaxşı insan idi, diqqətli idi, özəl günləri, bayramları unutmazdı. Onun qədər hər şeyi duyan, eşidən əsl musiqiçi çox azdır. O, bir əfsanə idi. Hər birimizlə tək-tək çalışırdı. Yorulmurdu, bezmirdi. Saatlarla bir əsər üzərində işləyirdik. Bilirsiniz ki, mən muğam təhsili almışam, hazırda magistrda vokal təhsili alıram. Amma Rauf müəllimin öyrətdiklərini indiyə kimi heç kim öyrətməyib mənə. Onun yolu tamam başqa idi, ondan daha yüksəyi yoxdur. Rauf Babayev əsl musiqiçi yetişdirirdi. Nə xoş mənə ki, üç ilə yaxın ondan dərs almışam, hər gün onunla təmasda olmaq, ondan öyrənmək şansı qazanmışam. Yoxluğuna inanmaq çox çətindir. Bizimçün o, ölümsüzdür, hər zaman qəlbimizdə qalacaq. Biz çalışacağıq ki, onun həyata keçməyən istəklərini həyata keçirək, onun bizə öyrətdiklərini daha yüksək şəkildə göstərək.

Rauf müəllimin çox gözəl yumor hissi vardı, məşqlərdə fasilə zamanı həmişə məzəli əhvalatlar danışardı. Ailəsini, yoldaşını, oğlunu, nəvəsini, nəticəsini çox sevərdi. Son zamanlar nəticəsiylə yaşayırdı, tez-tez şəkillərini göstərərdi.

Son dəfə onu xəstəxanada görmüşdüm. Kefi çox yaxşı idi, düzəlmişdi. Biz də sevindik ki, artıq sağalır. Sonra xəbər elədilər ki, xəstəxanadan çıxıb, evdədir. "Votsap" qrupumuzda hər səhər, hər axşam bizə xoş sözlər yazırdı. Hətta deyirdi ki, mən bunu sizə deməli deyiləm, siz bunu unutmayın, hər səhər bir-birinizə "sabahın xeyir" deyin, münasibətinizi çox gözəl saxlayın, mən olsam da, olmasam da. Bizə yadigar həmin son yazıları qaldı. Biz onu itirmək istəmirdik. Bütün Azərbaycan sənətinin, musiqisinin başı sağ olsun". 

"Ona  Maestro deyəndə xoşu gəlməzdi"

Qrupun üzvü Cahangir Parişani Rauf Babayevi hər zaman həyatsevər, maksimalist, əfsanə və pedaqoq kimi xatırlayacağını deyir:

"Xatirələr olduqca çox idi. Ona  Maestro deyəndə xoşu gəlməzdi. Deyirdi maestro Qara Qarayev, Niyazidir, mən Rauf müəlliməm. Danışardı ki, biz qastrol səfərində olanda voleybol, futbol komandaları olardı. Musiqidən əlavə idmana çox diqqət edərdi. Sevdiyi klub "Barselona" idi, ələxsus Messi. Çox zarafatcıl idi, lətifə danışmağı sevərdi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına mərkəzi klinik xəstəxanaya yerləşdirilmişdi, təxminən mart ayının əvvəlləri idi. Yanına getdik vəziyyəti pis deyildi. Amma bunun son görüşümüz olacağına inana bilməzdim.

"Qaya" ansamblı bundan sonra həmişəkindən güclü olmayacaq, amma pedaqoqun ruhu xatirinə və özümüzün sevgisi naminə bu işi davam etdirməyi borc bilirik. Böyük layihələrimiz var idi. Onlardan  "Arşın mal alan" operettamız yarıda qalıb, onu tezliklə ərsəyə gətirib tamaşaçılara nümayiş etdirəcəyik.

Onun yoxluğuna alışmağımız çox çətindir. Hazırda sanki beynimiz duman içərisindədir, çaşğın haldayıq ki, nəyin qulpundan yapışaq, hansı əsərlə başlayaq. Deməzdim ki, işlərimiz yarım qaldı. Sadəcə bundan sonra onsuz davam etdirmək çox çətin olacaq. Amma hər halda biz gücümüzü toplayıb davam edəcəyik, çünki bu, bizim borcumuzdur. Moskva şəhərində konsertə hazırlaşırdıq. O da təbii ki, koronavirusa görə təxirə salındı. Hazırda hər şey özümüzdən asılıdır. Başsız qalan ailə kimiyik. Əziyyəti çox olub, Allah rəhmət eləsin!".

Qrupun digər üzvü Günay Əhmədova Rauf Babayevlə yeddi il birgə çalışdığını dedi:

"Bu yeddi il ərzində ondan çox şeylər öyrənmişəm. Mənimçün belə bir müəllimi itirmək çox böyük bir insanı itirmək deməkdir. Deyə bilərəm ki, təkcə biz yox, bütün Azərbaycan əsl insanı, sənətkarı itirdi. O, XX əsrin ən böyük əfsanələrindən biri idi".

"Rauf müəllimin yoxluğu özünü hər işimizdə göstərəcək"

Boris Bayramov isə beş ildir ki, "Qaya" Dövlət Ansamblının solistidir:

"Rauf Babayev xatirimdə yaxşı insan, yaxşı müəllim, yaxşı ağsaqqal kimi qalacaq. Onunla tanış olduğumuz gündən son mənzilə gedənə kimi mənim könlümdə, fikrimdə ancaq yaxşı əməlləri ilə qaldı.

Onun özünün "Qaya" qrupundakı çıxışlarını çox gözəl xatırlayıram. Onda mən uşaq idim. Sonradan özü də bu haqda çox danışırdı. O, bizi öyrədərkən, tövsiyələrini verərkən necə oxumaqdan əlavə qrupda necə insan, necə solist olmaq lazımdır, digər qrup üzvləriylə necə münasibətdə olmaq lazımdır kimi məsələləri öyrətmək üçün öz xatirələrini, qrupdakı təcrübələrini bölüşürdü. 

Son görüşümüz xəstəxanada oldu, ürəyindən narahatlığı vardı. Söhbətimiz isə "votsap" qrupunda olub son vaxtlar, səsini orda eşidirdik. Mənimlə çox zarafatlaşardı, mənə çox söz atardı.

"Qaya" qrupunun bundan sonrakı fəaliyyəti üçün biz əlimizdən gələni edəcəyik. O, bizə elə bir təlim keçdi ki, bizim içimizdəki özgüvənimiz bundan sonra da Dövlət Ansamlı olaraq, dövlətimizə, millətimizə, musiqimizə, "Qaya" sevənlərə xidmət etməyimizə kömək edəcək. Daha gözəl mahnılar oxuyub, daha gözəl işlər görəcəyik. Əlbəttə, Rauf müəllimin yoxluğu özünü hər işimizdə göstərəcək, amma hər halda əlimizdən gələni edəcəyik ki, "Qaya" qrupu hər zaman yaşasın!".

Əziz sənətkarımızı sayğıyla, sevgiylə yad edir, ona Allahdan rəhmət diləyirik!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.