Ölkə

Paytaxtın “butulka effektli” yolları - Problemdən çıxış yolu nədir?

5 Oktyabr 2025 14:39
Baxış: 392
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Deputat Hikmət Babaoğlu bu məsələdə mövqeyini bildirib, amma problemin dərinliyini tam olaraq qiymətləndirə bilməyib. Əslində baxsaq, Bakı şəhərində yaranan tıxac probleminin kökündə ölkənin sosial problemləri, qayğıları dayanır. Bakının, xüsusən Bakıətrafı kəndlərin həddən artıq yüklənməsi, əhalinin kəndlərdən paytaxta axın etməsi, eyni zamanda şəhər daxilində insanların daha çox nəqliyyat vasitələri ilə fəaliyyət göstərməsi təbii ki, problemin dərinləşməsinə səbəb olur. Nəticə etibarı ilə paytaxtın normadan artıq nəqliyyat vasitələri ilə yüklənməsi bu problemin səbəblərinin ən başlıcasıdır". 

Milli.Az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O bildirib ki, deputatın "butulka effekti" nəticəsində tıxacların yaranması ilə bağlı fikirləri doğrudur:

"Doğrudur, Hikmət Babaoğlu bəzi məqamları düzgün vurğulayıb ki, "butulka effekti" tıxacların yaranmasına səbəb olur. 20 Yanvar dairəsində ümumiyyətlə "butulka effekti" yoxdur və ora olduqca geniş dairədir. Sadəcə olaraq, nəqliyyat vasitələri bu dairədə həddən artıq yüklənib. Çünki Sumqayıtdan və qərb rayonlarından Bakıya daxil olan avtomobillərin 90 faizi 20 Yanvar dairəsindən keçir. "Şamaxinka" deyilən ərazidə "butulka effekti" yaradan bir yeraltı keçid var. Bakı-Sumqayıt yolu çoxsayılı zolaqlarla gəlir və Bakı Beynəlxalq Avtovağzalından Yasamal və dairəvi yol istiqamətində ayrılır. Bu hal isə yolun daralması ilə nəticələnir və paytaxta daxil olan nəqliyyat vasitələri 2 zolaqlı tunelə daxil olur. "Butulka effekti" məhz burada var. Amma "butulka effekti"nin mahiyyəti nədən ibarətdir? Bu ifadə ona şamil olunur ki, nəqliyyat vasitələri 5 zolaqlı yol infrastrukturunda hərəkət edir və birdən-birə hansısa bir məsafədə 2 yaxud 3 zolaqlı yola keçid edir. "Butulka effekti" budur".

İlqar Hüseynli vurğulayıb ki, paytaxtda alternativ nəqliyyat sistemlərinin quraşdırılmasına ciddi ehtiyac var:

"Əgər şəhərin infrastruktur imkanları buna imkan yaradarsa, yol genişləndirmələri mümkün olarsa, problemin qismən aradan qaldırılmasına kömək edə bilər. Məsələn, Babək prospektinin bəzi yerlərində dönüb qayıtma nöqtələri var və bu bəzi hallarda tıxacların yaranmasına şərait yaradır. Babək və Heydər Əliyev prospektləri kifayət qədər sürətli və enli prosepektlərdir. Biz şəhərin bir neçə istiqamətində müxtəlif konstruksiyalı yol ötürücülərinin tikilməsinə nail olmalıyıq. Metro stansiyalarının sayı artırılmalıdır. Eyni zamanda metrobus və tramvayların tətbiqi də Bakı üçün unikal variant olar".

Qeyd edək ki, Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) parlamentin ötən həftə baş tutan plenar iclasındakı çıxışında bildirib ki, Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur: 

"Paytaxtda "butulka effekti" yaradan dar boğazlar problemi var. Belə ünvanlardan biri 20 Yanvar dairəsi, digəri Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsi, üçüncüsü isə Koroğlu körpüsünün ətrafıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.