Mədəniyyət

Rahat həyatı ətalət sayan aktyor - FOTO

14 Fevral 2020 00:45
3 Şərh     Baxış: 4 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Və ya həmişə özündən narazı olan Əliabbas Qədirov

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Ondan müsahibə almaq üçün bir neçə dəfə zəng etməli olmuşdum. Hər dəfə bir bəhanə ilə müsahibədən yayınmaq istəyirdi. O zaman Milli Dram Teatrının direktoru işləyirdi. Nəhayət, tədbirlərin birində yaxınlaşıb müsahibəyə razılıq ala bildim və öncədən vaxtını da təyin etdik. Rəhbərlik etdiyi teatrın fəaliyyəti, günümüzdə teatra münasibət, insanların teatra marağı, dünya teatrında gedən proseslər və s. mövzularla bağlı xeyli söhbətləşdik. Müsahibə qəzetdə çıxandan sonra Xalq artisti Əliabbas Qədirovun zəng edib təşəkkür etməsi də yaxşı yadımdadır. Ona qədər isə mən onu televiziya tamaşalarından, filmlərdən və "Komediyalar aləminə səyahət" verilişindən xoşlamışdım. Əliabbas Qədirov həmçinin məşhur qiraət ustası kimi  Füzuli, Vaqif, Nəsimi, Sabir... kimi dühaların poetik nümunələrini o qədər gözəl ifa edirdi ki, heyranlıqla qulaq asırdım. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Təsadüfi deyil ki, aktyorun oynadığı tamaşaların bir qismi televiziyanın "Oızıl fond"una daxildir. Süleyman Sani Axundovun, "Laçın yuvası" (Cahangir), Məmməd Muradın "Təkan" (Dilqəm), İlyas Əfəndiyevin "Atayevlər ailəsində" (Cahangir), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Mar Bayciyevin "Duel" (İsgəndər), Dazortsevin "Qəbula gələn sonuncu adam" (Kişi) və s. tamaşaları bu siyahıda yer alıb.
 
Dəmiryolçular klubundan böyük səhnəyə
 
Əliabbas Qədirovun teatr sənətinə həvəsi lap uşaqlıqdan yaranıb. Böyük həvəslə sənədlərini M.Əliyev adına İncəsənət İnstitutuna verərək, kino və dram aktyorluğu fakültəsinə daxil olanda sevincinin həddi-hüdudu yox idi. Hələ tələbə olduğu illərdə oynadığı maraqlı obrazlar müəllimlərinin diqqətindən yayınmırdı. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü kimi fəaliyyəti isə onun aktyor kimi yetişməsində mühüm rol oynayıb. Romantik, monumental tamaşalarda oynamaq vərdişlərini həmin dram dərnəyində öyrənib. Elə aktyor olmağa da bu dərnəkdə qərar verib. Sənət müəllimi Mehdi Məmmədov, səhnə danışığı müəllimi Müxlis Qənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov Akademik Teatrda quruluş verdiyi Hüseyn Cavidin "Xəyyam" faciəsində Yusif roluna onu dəvət edib. Ancaq tamaşanın premyerası uzan müddət baş tutmayıb. Nəhayət, 1970-ci ilin 12 martında tamaşa oynanılıb və böyük uğur qazanıb. Aktyorun böyük səhnədə debütü uğurlu alınıb və taleyi o gündən ömürlük olaraq bu teatra bağlanıb. O zaman bu teatrın səhnəsinə çıxmağı gənc aktyorlar yalnız xəyal edə bilərdi. Bu baxımdan gəncin bəxti gətirmişdi.
 
Ecazkar görünən sənət 
 
Gənc aktyor sənət ehtirası ilə akademik teatrın səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradır. Sənətin daş-kəsəkli yollarında çətinlikləri də olur, çılğın xarakterinə görə bəzən rollarını da itirir. Bəzən irəli getməsinə mane olanlar da tapılır. Ancaq aktyorun zəhmətsevərliyi və yaradıcılıq axtarışları ilə birləşmiş istedadı sayəsində ərsəyə gələn rolları həmişə səhnəni bəzəyir. Bu müddətdə aktyor Əliabbas Qədirovun yaradıcılıq siması da müəyyənləşir. Tamaşaçı sevgisi onun coşqun istedada və bacarığa malik olduğunun göstəricisinə çevrilir. Ən əsası, bu, onun tanınmış və sevimli bir Azərbaycan aktyoru səviyyəsinə yüksəlməsinə kömək edir.

Ə.Qədirovun yaratdığı surətlərdə tamaşaçı aktyorun qəlbini duyurdu. Onun ifası tamaşaçının qəlbinə nüfuz edir, onu ovsunlayırdı. Onun adını tutub teatra gələn tamaşaçılar saysız-hesabsız idi. "Uşaqlıqda sənət mənə çox ecazkar görünürdü. O ecazkarlıq mənim qəlbimdə qalıb-qalmayıb və ya ümumiyyətlə, qalıb, ancaq mən görə bilmirəm və ya görürəm, onu deyə bilmərəm. Ancaq bu, o demək də deyil ki, həmin ecazkarlıq məndə sönüb. O ecazkarlıq sönsə, burda işləyə bilmərəm" - deyə aktyor sonralar xatırlayırdı: "Mən yenə Akademik Milli Dram Teatrına, aktyorlara, rejissorlara ecazkar baxıram. Bura elə bir cazibəli, qeyri-adi yerdir ki, insanların hamısını çəkir. Bu, belə də olmalıdır. Belə olmasa, heç onun qiyməti olmaz. 30 ildən çoxdur ki, sənətə gəlmişəm. Əslində isə lap uşaqlıq dövründən - 9-10 yaşından özfəaliyyətdə, dram dərnəyində, xalq teatrında çalışaraq bu sənətlə məşğul olmuşam. Kim hansı sənətdə az da olsa öz yerini tapırsa, bu, anadangəlmə olur. İstər yaxşı müəllim, istər həkim, istər mühəndis və ya istər aktyor olsun - bu peşə sahibləri anadangəlmə olur. Ona görə, məndə də anadangəlmə olub"- deyə aktyor söyləyirdi. 

Ə.Qədirov öz işindən, qazandığı uğurlardan çox danışmağı xoşlamazdı. Sənət yoldaşları da onun bu xüsusiyyətini yaxşı bilirdi. Hətta deyirdilər ki, lap cavan vaxtlarından belə olub. "O qədər iddia eləmirəm ki, çıxıb "mən böyük artist, böyük sənətkaram" deyim. Bu sənətlə tanındığım vaxtdan da danışmaqdan xoşum gəlmir - nə işlər görmüşəm, nə işlər görəcəyəm... Mənim də xasiyyətim budur. İnsanlar hamısı bir deyil ki. Müsahibə verəndə istər-istəməz, gördüyün işlər, planların haqqında danışmalısan. Qoy məni kənardan görüb qiymət versinlər: gördüyüm işlər yaxşıdırmı, pisdirmi? Yaxşı görürlər, yaxşı yazsınlar, pis görürlərsə pis. Və yaxud, iş görmüşəmmi, görməmişəmmi? Bu vaxta qədər nə iş görmüşəmsə, həmişə özümdən narazı qalmışam. Yəqin ki, heç vaxt da özümdən razı olmayacağam. Mən özünütənqidi sevirəm. Kinoda, teatrda, televiziyada nə etmişəmsə, heç onun lentlərini yığmıram. Məndən bəzən arxivim haqqında soruşanlara "yoxdur" deyəndə təəccüblənirlər. Şəkil soruşanda da deyirəm ki, yoxdur. Məxsusi olaraq şəkil çəkdirim və yaxud lentləri yazdırıb evə yığım. Belə şeylərin marağında olmamışam. Demirəm ki, bu yaxşıdır, xarakterim belədir".

Ə.Qədirov Milli Dram Teatrının direktoru işlədiyi illərdə aktyorlarla dost olduğunu, amiranəlik göstərmədiyini deyirdi. Amma məmurluğu bəzən məşq prosesində, bəzən də tamaşalar zamanı aktyorlarla münasibətinə mane olurdu: "Onlar məndən çəkinmək istəyirlər, ancaq elə bir şərait yaradıram və deyirəm ki, çəkinməyin, mən elə sizin yoldaşınızam. Hərdən özləri çaşırlar. Onlar çaşanda bunu hiss edirəm və "çaşmayın, mən həmin adamam, aktyoram, sizin dostunuzam" deyirəm. Onlara amiranəlik mənada müdirlik, bədii rəhbərlik eləmirəm. Heç vaxt da eləmərəm. Yaradıcı adamlar çox kövrək, zərif qəlbli olurlar. Ona görə də, onların qəlbinə toxunmaram. Həm də ki, müdirlik daimi deyil. Onu bilirəm ki, sənət daimidir" - deyə öz təbiətini belə xarakterizə edirdi.

Ə.Qədirov  Mədəniyyət və İncəsənət Universitetində aktyorluqdan dərs verirdi. Tələbələri indi də onun necə səmimi insan və gözəl pedaqoq olduğunu məhəbbətlə xatırlayırlar.

Həm teatr, həm kino

Əliabbas Qədirov teatrla yanaşı, kinoda da uğurlar qazanırdı. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" iki seriyalı bədii filmindəki Nazim roluna görə Dövlət mükafatına layiq görülür. Bundan əlavə "Azərbaycanfilm"də "Xatirələr sahilində" (İmran), "Nəğmə dərsi" (Ata), "Nə yaxşı ki, Səməd Vurğun var" (Vaqif), "Bizim evin kişisi" (Mansur), "Qızıl uçurum" (Cəlil), "Qocalar" (Fəriz), "Babək" (Fəzl), "Dənizdən işarə" (Sultanov) kimi filmlərə çəkilib. Vaxtilə rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmmədi rolunu məharətlə ifa edib. Lakin Moskva "millətçi" ruhuna görə o filmin ekrana çıxmasına icazə verməyib.

Əliabbas Qədirov teatr və kino yaradıcılığındakı uğurlarına görə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.
 
Yalnız bir nəfər olsun ki...

Əliabbas Qədirov sağlığında ad günlərini keçirməyi xoşlamırdı. Onsuz da sürətlə ötüb-keçən illərin qeyd olunmasını mənasız sayırdı. Onun üçün əsas olan, insanın xidməti, gördüyü işlər idi. O, teatrda gənclərə qayğı göstərir, onların problemlərinin həllinə yardım edirdi. Bu kimi xüsusiyyətlərinə görə özünü bəzən qeyri-adi adam adlandırırdı: "Görürsünüzmü, xarakterimdə bu da var. Qeyri-adi adamam. Camaat gözləyir ki, kimsə onu təbrik etsin, ad gününə qabaqcadan hazırlıq görür. Mən isə çalışıram ki, ad günüm hamının yadından çıxsın, məni təbrik etməsinlər. Ancaq milyondan biri seçilib məni təbrik edəndə, yenə də xoşuma gəldiyini bildirmirəm. Yalnız bir nəfər olsun ki, məni axtarıb tapsın və "səni ürəkdən təbrik edirəm" desin. Olursa, bir nəfər beləsi olsun". Əliabbas Qədirov 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) dünyasını dəyişdi. "Mənim ömür qatarım hansı dayanacaqdasa dayanacaq, duracaq" - deyə qəfil ölümü ürəyinə daman aktyor, bu dünyanın ömür adlı qatarını sakitcə tərk elədi... 

"Mənim üçün hər şey rəvan olsa, yaşayışım çətinləşər. Mən sərt, çətin həyatı sevirəm. Bəzi adamlar yaxşı, rahat yaşamaq istəyir. Mən isə yaxşı, rahat yaşayışı ətalət sayıram. Mən xəstə olanda da işləyirəm. İstəyirəm ki, çətin yaşayım. Həyatın mənasını bunda görürəm" - deyən aktyorun səhnəyə həsr olunan ömrünün hər anı mənalı keçdi.

Fevralın 13-ü Xalq artisti Əliabbas Qədirovun doğum günüdür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.