Mədəniyyət

"Mən aktrisayam, bu gün baş rolda çıxaram, sabah..."

11 Dekabr 2019 05:30
0 Şərh     Baxış: 1 466

Günel Məmmədova: Tamaşaçıların sevgisini qazanmaq asandır, ancaq o sevgini layiqli şəkildə qoruyub saxlamaq çətindir

Noyabrın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli ədib Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesi əsasında hazırlanan tamaşanın premyerası baş tutub. Quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan tamaşa böyük maraqla qarşılanıb. Milli.Az bildirir ki, tamaşa sonrası əsərdə baş rolu - Firəngizi canlandıran Günel Məmmədova "Kaspi" yə danışdı. Teatrın sevilən aktrisası bizimlə söhbətində uzun müddətdən sonra qəhrəman obrazı canlandırmağın sevincini bölüşdü. Bir zamanlar teatrın repertuarında Əməkdar artist, teatrın istedadlı aktyoru Elnur Kərimovla birlikdə tərəf müqabili olan aktrisa indi onunla eyni tamaşada rol aldıqlarını deyir. 
 
- Sizə səhnəmizin "Sarı gəlini" deyirdilər. İndi isə bu, Firəngizlə əvəz olundu. Firəngiz obrazının Günelin yaradıcılığındakı yeri və rolu nədən ibarətdir?   
 
- Firəngiz mənim üçün fərqli bir obraz oldu. Mənim Firəngizlə ortaq bir istəyim, sevgim var, o da səhnəyə, sənətə olan sevgimizdir. Firəngiz də daim səhnəyə can atır, həm Oqtayı, həm də sənətini sevir. O dövrdə başqa millətin xanımlarının bizim teatrımızda oynayıb, öz xalqımızın xanımlarının isə oynamamağı Firəngizə pis təsir edirdi. Monoloqunda deyir ki, "xalqın nümayəndəsi mən özüm olmalıyam". Bugünə qədər oynadığım bütün obrazlarım mənim üçün əzizdir. Firəngiz də onlardan biridir. Canlandırdığım obrazlarımın bir çoxu mənim xarakterimə uyğun gəlməsə də, mən o tamaşalarda ürəyimi qoymuşam. Onları necə sevməyə bilərəm?

- Uzun müddətdir ki, sizi teatrın səhnəsində baş qəhrəman kimi görə bilmirdik. Xeyli vaxtdan sonra baş qəhrəmanı canlandırmaq necə bir hisdir? 
 
- Müəyyən səbəblərə görə bir neçə ildir ki, səhnədə yoxam. Bacardığım qədər mənə həvalə olunan obrazlarla səhnəyə çıxmağa çalışıram. Tamaşaçıların yaddaşda qaldığım Günel kimi yaradıclığımı davam etdirirəm. 6 il olar ki, yeni tamaşa oynamıram. Firəngiz obrazı ilə yenidən baş qəhrəman olaraq səhnəyə gəlmişəm. Hesab edirəm ki, belə gəlmək daha böyük məsuliyyətdir. Tamaşaçıların sevgisini qazanmaq asandır, ancaq o sevgini layiqli şəkildə qoruyub saxlamaq çətindir. Uzun müddət fasilədən sonra o sevgini, istəyi qoruyub saxlaya bilmək üçün əlimdən gələni etdim. Bu gün özümü xoşbəxt hiss edirəm ki, tamaşaçılar məni tək qoymadılar. Noyabrın 29-da tamaşanın premyerası günü çox təəccübləndim. Çünki bütün biletlər satılmışdı. Təvazökarlıqdan uzaq da olsa deyim ki, sosial şəbəkədən yazırdılar ki, "sizə görə bilet almışıq, yerlər olmadığından daxil ola bilmədik". Tamaşanın premyerasına belə böyük marağın olması məni çox sevindirdi. O gün məni sevənlər yanımda oldular və mənə çox dəstək oldular. Bunun özü mənim üçün böyük xoşbəxtlik idi. Düzdür, tamaşanın məşq prosesi və ondan sonrakı prosesdə müəyyən çətinliklərlə üzləşdim. Qarşımda nə qədər əngəl, çətinlik olursa-olsun, çevrəmdəki insanların, dostlarımın inamı mənə güc verdi. 
 
- Bir zamanlar Gənc Tamaşaçılar Teatrının tamaşalarının sevilən cütlüyü, tərəf müqabili kimi Elnur Kərimovla eyni tamaşada rol alsanız da, ancaq premyeraya birlikdə çıxmadınız. Bunun xüsusi bir səbəbi varmı?
 
- Mən Elnuru teatrda tanımamışam. Onunla eyni məktəbdə, eyni universitetdə təhsil almışıq, daha sonra uzun müddətdir ki, eyni teatrda çalışırıq. Elnurla çox yaxşı münasibətimiz var. Onunla birlikdə filmlərdə, seriallarda rol almışıq, irili-xırdalı bir çox tamaşada birlikdə rollar canlandırmışıq. Daha çox səhnədə baş rollarda tərəf müqabili olmuşuq. "Oqtay Eloğlu" tamaşasında Oqtay obrazını o da oynayırdı, ancaq bu dəfə Şövqü Hüseynov məni ondan oğurladı (gülürük). Elnur mənim üçün əvəzolunmaz tərəf müqabilidir. Onunla heç bir məşq etməsək belə, səhnəyə çıxıb oynaya bilərik. Bir-birimizə o qədər öyrəşmişik, o qədər yaxınıq ki, onun bir baxışından hər şeyi tuturam və biz bir-birimizi çox yaxşı tanıyırıq.
 
- Bəs Şövqü Hüseynovla necə tərəf müqabilisiniz? Onunla bir-birinizi duya bilirsinizmi?
 
- Əlbəttə ki. Şövqü Hüseynov çox istedadlı insandır, işinin peşəkarıdır. Bu mənim onunla ikinci işimdir. "Məhv olmuş gündəliklər" tamaşasında da onunla tərəf müqabili olmuşam. O insana  böyük hörmətim var və xətrini həqiqətən çox istəyirəm. Onunla tərəf müqabili olduğum üçün özümü şanslı hesab edirəm. Çünki o ustaddır. Ancaq Elnur Kərimov mənim əvəzolunmaz tərəf müqabilim kimi qalır. Baxmayaraq ki, Elnurla premyerada birlikdə oyanmadıq, ancaq məni ilk təbrik edən Elnur oldu. Mən də ayın 14-də, o səhnəyə çıxanda, yanında olacam.
 
- Bu gün teatrlarımızın repertuarında həddən ziyadə klassik əsərlər səhnələşdirilir. Sizcə, klassik əsər bu gün nə qədər aktual ola bilər?
 
- Teatrların repertuarında həm klassik, həm də müasir əsərlər olmalıdır. Mən klassikasız teatrı təsəvvür edə bilmirəm. "Oqtay Eloğlu"nu Vaqif Əsədov tam fərqli bir yozumda səhnələşdirib. İndiki dövr üçün səhnələşdirilib. Oqtayla Firəngizin sevgisini zəncirvari birləşdirmişdi və bu da tamaşaçılar tərəfindən sevildi. Müasir də olmalıdır. XXI əsrdir, dövran dəyişir, heç nə yerində durmur. İndi aktual mövzular, hərəkətli tamaşalar sevilir. Ancaq yenə də klassikləri unutmamalıyıq. Sözün düzü, "Oqtay Eloğlu"nu hazırlayanda, müzakirələr zamanı biri dedi ki, necə varsa, elə də səhnəyə qoyulsun, fərqli yozumda edək, ancaq Vaqif Əsədov elə bir üsul gətirdi ki, tamaşaya baxırsan və tuta bilmirsən ki, o dövrdür, yoxsa bu dövr. Mənə görə hər ikisi olmalıdır. Klassika bir məktəbdir, o bir tarixdir, onsuz olmaz. 
 
- Bu yaxınlarda "Qış nağılı" filmi təqdim olundu, siz də həmin filmdə əsas obrazlardan birini canlandırırsınız. 
 
- "Qış nağılı" çox möhtəşəm bir film oldu. Bu film iki ilə hazırlandı, çəkilişlərimiz çox ləzzətlə, keyflə baş tutdu. Burada əksər insanlar, aktyorlar, şou-biznes nümayəndələri ilə birlikdə olduq. Filmin baş prodüseri, ideya müəllifi, rejissorumuz  Cəfər Axundzadə həmişə mənə fərqli obrazlar həvalə edir. O, 3 film çəkib, onun hər birində mənə maraqlı obrazlar verib. Hamısı da bir-birindən fərqlidir. Bu filmdə isə mən varlı qadın rolunu canlandırıram. Murad Dadaşovun yoldaşını oynayıram. Belə ki, xanımın yoldaşı bir az lovğadır, pul onu düzgün yerlərə aparmır. Hər şey onun üçün puldur. Yoldaşı isə onun tam əksidir. Filmdə çox nağıl ab-havası var. Məncə, Azərbaycanda belə nağılvarı bir film çəkilməyib. Şəxsən özüm birinci dəfədir ki, tamaşaçı kimi böyük zövq aldım. 
 
- Tamaşaçı kimi hansı filmlərə baxırsınız və zövq alırsınız?
 
- Psixoloji dram və faciə janrında olan filmlərə daha çox üstünlük verirəm. Ən əsası, baxdığım film məni cəlb etməlidir. Hazırda dünya film sektorunda təkrarlanma başlayıb. Çəkilən bütün filmlər bir-birini təkrarlayır. Son illərdə elə bir film olmayıb ki, məni təəccübləndirsin. Bəlkə mövzu tükənib, hər şeyi ediblər, çəkməyə heç nə qalmayıb. Qorxulu filmləri daha çox sevirəm və çəkilmək də istəyərəm.
 
- Qarşıdan Yeni il gəlir. Biz uzun müddətdir ki, sizi Qar qız kimi görə bilmirik. Bəs bu il necə?  
 
- Bu dəfə də siz məni Qar qız kimi görməyəcəksiniz. Bu sualın cavabı məndə deyil. Bu il müəyyən səbəblərdən Yeni il tədbirlərində iştirak etməyəcəm. 
 
- Məşhur olduğunuz üçünmü Qar qızı olmaq istəmirsiniz?
 
- Bunun onunla heç bir əlaqəsi yoxdur. Uşaqlarla oynamağı, onlarla birlikdə zaman keçirməyi çox sevirəm. Aktrisa elədir ki, gərək ona obraz verilsin, o da oynasın. Səbəbini mən də bilmirəm. Bəlkə də teatrda aktyorlarımız çoxdur, ona görə mən bu layihədə yoxam. 

- Teatrda orta və epizodik rol verilsə, oynayarsınızmı? Yoxsa deyərsiniz ki, mən baş rolu oynayan aktrisayam?
 
- Mənə iki dəfə elə rol təklif olunsa da, imtina etmişəm. Mənə o rollar həvalə olunanda öyrəndim ki, həmin obrazlar tamamilə başqa bir obraz imiş. Həmin ərəfələr çəkilişlərim var idi, rejissora deyiblər ki, Günel çəkilişdə olduğu üçün məşqlərə gələ bilməyəcək. Halbuki, Lənkəranda film çəkilişində olduğum ərəfələrdə gəlib tamaşamı oynayıb gedirdim. Təbii ki, bunu biləndən sonra oynamaram. Qərəzsiz bir şey olsa, oynayaram. Mən aktrisayam, bu gün baş rolda çıxaram, sabah kütləvi rolda elə oynayaram ki, baş rolu oynayanı belə kölgədə qoyaram. Ancaq qərəz olarsa, oynamaram. 
 
- Qərəz deyəndə ki, kim sizinlə mübarizə aparır?
 
- Ola bilər ki, kiməsə mane oluram. Teatrda yəqin ki, elə biri var, belə hadisələr baş verir. Heç nə elə-belə baş vermir. Neçə il aktrisa obrazsız qalırsa, deməli nəsə baş verir. 
 
- Sizcə, əsas səbəb nədir?
 
- Əslində, bilirəm. Heç nə demək istəmirəm. Vaxtı gözləyirəm. Səbəbi hər kəs bilir. Firəngiz obrazı mənə həvalə olunanda, dedim ki, bir çox çətinliklərlə qarşılaşdım və hələ qarşılaşmaqda da davam edirəm. İşimə, mənə mane olmaq istəyənləri otuzdururam yerində. Bu yolda mənə inanan, arxamda duran insanlar da var.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.