Mədəniyyət

Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)

19 Sentyabr 2026 18:20
Baxış: 73
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türk Dünyası Bəstəkarlar İttifaqının ilk rəsmi iclası sentyabrın 19-da Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclas çərçivəsində Türk Dünyası Bəstəkarlar İttifaqının - "Turkic Union of Composers" (TUC) yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb, həmçinin yeni beynəlxalq peşəkar təşkilatın nizamnamə layihəsi müzakirə edilib.

TUC-un yaradılması Bakıda keçirilən Türk dünyası bəstəkarlarının I Qurultayının əsas nəticələrindən biri olub. Yeni təşkilat türk dünyası ölkələrinin bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını, konservatoriyalarını, musiqi akademiyalarını və aparıcı peşəkar təşkilatlarını birləşdirərək beynəlxalq əməkdaşlıq üçün daimi platforma yaratmağı qarşıya məqsəd qoyur.

Bakı Bəyannaməsi türk ölkələrinin musiqi sahəsi nümayəndələrinin gələcək peşəkar əməkdaşlığı üçün əsas yaradıb. İttifaqın fəaliyyətinin prioritet istiqamətləri ümumi musiqi irsinin qorunması və inkişaf etdirilməsi, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsi, yaradıcılıq və akademik mübadilələrin təşviqi, birgə musiqi əsərləri və layihələrin yaradılması, həmçinin türk dünyası musiqisinin beynəlxalq arenada təbliği olacaq.

"Biz zəngin türk xalqları irsinin yeni əsərlərin, peşəkar əməkdaşlığın və beynəlxalq mədəni dialoqun mənbəyinə çevriləcəyi canlı musiqi məkanı yaratmağa çalışırıq. Bakıda keçirilən ilk Qurultay və "Turkic Union of Composers" (TUC) birliyinin yaradılması türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açır", - deyə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bildirib.

Yeni peşəkar təşkilatın dünya musiqi mədəniyyətinə mühüm töhfələr vermiş Azərbaycanda yaradılması xüsusi simvolik əhəmiyyət daşıyır. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər görkəmli azərbaycanlı bəstəkarların adları musiqi sənəti tarixində xüsusi yer tutur.

Türk dünyası bəstəkarlarının I Qurultayı sentyabrın 18-dən 20-dək Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilir.

Qurultayın təşkilatçıları Azərbaycan Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu, tərəfdaşları isə UNESCO-nun İSESKO üzrə Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasıdır.

Qurultay Birinci Türkoloji Qurultayın 100 illiyinə, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə və görkəmli özbək şairi Əlişir Nəvainin 585 illiyinə həsr olunub.

Qurultayda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın musiqi ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Tədbirin əsas məqsədi türk dünyasının vahid musiqi məkanının formalaşdırılması və musiqi sahəsinin nümayəndələri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsidir. Qurultayın proqramına iclaslar, görüşlər, elmi müzakirələr, beynəlxalq dəyirmi masa, tematik sərgilər, həmçinin simfonik, kamera və ənənəvi musiqi konsertləri daxildir.

TUC-un yaradılması türk dünyasının bəstəkarları və musiqi təşkilatları arasında əməkdaşlıq üçün yeni institusional platforma açır, tarixi musiqi irsini müasir peşəkar və yaradıcılıq qarşılıqlı fəaliyyəti ilə birləşdirir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.