Mədəniyyət

Milli.Az-da "Həftəsonu qiraət": Ürəyim dörd kameralı zindan

11 Aprel 2010 17:20
Baxış: 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) yazılarını [email protected] ünvanına göndərməyə dəvət edirik.
Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində yerləşdiriləcək.


İLHAM PƏRİM

Tez-tez məndən soruşurlar:
"İlham Pərin var?"
Necə bilirsən, onlara sənin adını demək olar?
Yaxşı, qorxma,
Qulaqlarını da çəkmə.
Anlamıram, səndə bu nə təşvişdir?
Bir zarafat idi, dedim, bitdi.
Yoxsa ki, Sən və Pəri -
Heç ağlasığan işdir?

BƏYAZ ÖLÜM

Bakıya qar yağır...
Kaş ki, bu qar gün-gündən azalan,
Azaldıqca qaralan
Qanımı da ağartsın.
Daha gözümün önündə də
Qara azalsın, ağ artsın.
Ola bilsin ki, elə bu günlərdə haqqımda "öldü" desinlər.
Necə gözəl olar,
Səbəb soruşanlara "ağ qanı çoxaldı" və bir də
"Gözünə ağ gəldi" desinlər.

ZİNDAN

Dördkameralı ürəyim var - hamıda olduğu tək...
Amma hər kəsdən fərqli olaraq
Orada məskən salmayıb nə arzu, nə ümid, nə dilək.
Ürəyim dörd kameralı zindan,
İçində bir məhbus,
Cinayəti - mənə də pünhan,
Cəzası həbsdir, ömürlük, sonsuz.
Mənə elə gəlirdi, qəddar deyiləm,
Kimi isə azadlıqdan məhrum etsəm də,
Qəlbimdə əbədi qalmağa məhkum etsəm də.
Elə bilirdim məhkumluq ona istirahətdir, tətildir.
Ürəyim də dar qəfəs deyil, dördgözlü rahat, geniş mənzildir.
Acıyanda ürəyimin yağını yeyib,
Susuz olanda qanımı içəcək qədər sərbəstdir.
Nədənsə elə düşünürdüm, bütün bunlar ona bəsdir.
Bu gün bildim, dəyişib, qəlbimdə yaman sınıxıb.
Özü söylədi ki, azadlıq üçün çox darıxıb.
Nə deyim, qoy, getsin,
Düşünməsin, ürəyim sarsılmaz, keçilməz qaladır.
Yazıq ürəyimi elə çapıb-taladı,
Daha onu saxlamağa məndə hal da yoxdur.
Nəyi gözləyir, bilmirəm,
Axı ayağında buxov, əlində qandal da yoxdur.
Yəqin gözləyir, verilsin amnistiya,
Qanun tanıyan olub guya.
Eh, bircə amnistiya tez verilsəydi,
O da azad olardı, elə mən də...
Gərək deyim, ürəyimin qapısını bərk çırpsın çıxıb gedəndə.
Elə çırpsın, divarları bu zərbədən olsun çat-çat.
Ölüm kağızımı yazan həkim baş sındırmasın səbəb axtarışında,
Bircə kəlmə yazsın: "İNFARKT"!
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.