Mədəniyyət

Dünyanın ilk musiqi aləti - QAVALDAŞ haqda nə bilirik?

13 Yanvar 2019 15:46
0 Şərh     Baxış: 1 225

Ən qədim bəşər övladlarının məkanıdır Azərbaycan. Daşlaşmış abidələri bu ecazkar məmləkətin ilk sivilizasiya məskənlərindən biri olduğunu təsdiq edir. Tariximizin daş kitabəsi - Qobustan bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzini, məişətini, məşğuliyyətini, mədəniyyətini, incəsənətini əks etdirir.

Milli.Az "Azərbaycan" qəzetində nəşr olunan, "birlik simvolu" hesab edilən qavaldaş haqda məqaləni oxucularına çatdırır. 

Tarixin daş izləri

Ulu əcdadlarımızın minillər boyu necə yaşadıqları, həyat tərzi, məişəti, rəqsləri, kulinariyası, ovçuluğu, maldarlığı, eyni zamanda, düşüncələri, arzuları, xəyalları Qobustandakı qədim qayaüstü təsvirlərdə iz saldı. Həmin daş abidələr yalnız Azərbaycan üçün dəyərli deyil. Dünyanın ilk sivilizasiya mərkəzlərindən biri olduğu üçün Qobustan dünya miqyaslı, dünya əhəmiyyətli tarixi abidədir. Qobustanşünas Cəfərqulu Rüstəmov "Qobustan dünyası" əsərində yazır: "Qobustanda apardığımız arxeoloji qazıntı və tədqiqatların nəticələri göstərir ki, burada - Böyükdaş və Kiçikdaş dağları sahəsində qədim insanın yaşaması tarixi üst Paleolit dövrünün sonu, Mezolit (orta daş) dövrünün əvvəllərindən, ümumən 18 min il əvvəlki dövrdən başlayır. Ola bilsin ki, ondan da 3-4 min il əvvəl buraya insan ayağı dəyib və hələlik o dövrün düşərgəsi qayalıqların altında qalıb və ya sadəcə olaraq aşkar olunmayıb". Tanınmış norveçli səyyah Tur Heyerdal isə bildirirdi: "Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, doğru tarixi indiyədək öyrənilməyən mədəniyyət incisidir. Qobustan qədim insanın bacarıq və düşüncəsini rəsmlər vasitəsilə bizə çatdıran məkandır".

Tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq Qobustan qayalıqları 1966-cı il sentyabrın 9-da respublika Nazirlər Sovetinin 509 №-li qərarı ilə 4400 hektardan artıq ərazini əhatə edən Dövlət Tarixi-Bədii Qoruğu kimi qeydiyyata alındı. 2007-ci ildə Qobustan qoruğu "Qobustan qayaüstü rəsmləri mədəni landşaftı" adı ilə UNESCO-nun ümumdünya mədəni irsi abidələri siyahısına daxil edildi.

Qoruq əsasən üç dağın - Böyükdaş, Kiçikdaş və Cingirdağın yerləşdiyi böyük ərazini əhatə edir. Ümumilikdə 100 mindən çox arxeoloji materiallar toplanan bu ecazkar yerlərdə bəzi qaya parçaları da öz xüsusiyyətlərinə görə dünyadakı daşlardan fərqlənir.

Qəbilə daşı

Bu gün Qobustan Dövlət Tarix-Bədii Qoruğu Muzeyinin ən maraqlı abidələri sırasında qavaldaş da var. Bu böyük qaya parçası daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Səthinə zərblə vurulduqda qaval, dəf, nağara, təbil kimi səslənən həmin daşlar həm də musiqinin qədimliyindən xəbər verir.

Tədqiqatçıların fikrincə, dünyada ilk musiqi aləti qavaldaş olub. Qavaldaşın yaranma tarixi, mütəxəssislərin rəyinə görə, 1-1,5 milyon il əvvələ, yəni Daş dövrünə gedib çıxır. Tədqiqatçı Şakir Qabıssanlı qeyd edib ki, dünyada ilk musiqi sədaları 10 min il bundan əvvəl qavaldaş ətrafında yallı ilə başlayıb.

Adının mənasına gəlincə, araşdırmaçıların bir çoxu bu qənaətdədir ki, qavaldaş "qəbilə daşı" deməkdir. Əhəngdaşıdan əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən qavaldaşdan zərb alətlərinin səsi çıxır. Hələ Neolit dövründə bu daşın xüsusiyyətlərini bilən Qobustan ərazisinin sakinlərinin ondan musiqi aləti kimi istifadə etdikləri qayaüstü rəsmlərdə də əksini tapıb.

Cingirdağın toponimiyası ilə bağlı professor Qafar Kəndli Herisçi yazırdı: "Cingirdağ" sözünün qədim türk dilində ayin mərasimlərində şamanların istifadə etdiyi qaval mənasını verən "cingir" sözündən əmələ gəldiyi ehtimal edilir". Tədqiqatçılar qədim zamanlarda qavalabənzər dınqır adlı alətimizin olduğunu bildiriblər. Musiqişünas Abasqulu Nəcəfov isə yazır: "Lakin cingir sözü dilimizdə başqa bir fikri də ifadə edir. Cingir - qızılquşun növlərindən biri olan alıcı kiçik quşun adıdır. Bəlkə də bu ərazilərdə (Cingirdağda) bir zamanlar cingir quşunun daha çox yayılması səbəbindən həmin yer Cingirdağ adlandırılıb".

1939-cu ildə İshaq Cəfərzadə Qobustanda tədqiqatlara başladı. Ancaq Böyük Vətən müharibəsi illərində işləri davam etdirə bilmədi. Onun tələbəsi Cəfərqulu Rüstəmov qavaldaşın tapılması və çalğı aləti olduğunun müəyyənləşdirilməsi barədə bildirib: "Bu haqda İshaq müəllim belə nəql edirdi ki, 1947-ci ildə axtarışda olarkən bir dəfə, yazın istisində yorulub, Cingirdağ zonasında yaxınlıqdakı çoban dəyələrinə yaxınlaşıb su istəyir. Onu yorulmuş görüb alaçığa dəvət edirlər, kərəməz verirlər, içir, sonra oturub bir qədər dincəlmək istəyir. Düşərgədəkilər onun başına yığışıb işi ilə maraqlanırlar, söhbət edirlər. Bir azdan çobanların briqadiri yolda görünür (o, düşərgədə yox imiş) və yaxınlaşıb sürünün harada olduğunu soruşur. Çobanlardan biri cavab verir ki, "qaval çalan daşın yanındadır". İshaq müəllim bu cümləni tutur və soruşur: "Sürü haradadır dediniz?" Çoban cavab verir ki, "qaval çalan daşın yanındadır". İshaq müəllimi maraq götürür, çobanları o daş haqda sorğu-suala tutur. Deyirlər ki, bəli, Cingirdağın şimal-şərq ətəyində belə bir daş var ki, qaval kimi səslənir. Onu nağara kimi çalıb səsləndirmək olur. İshaq müəllim xahiş edir ki, daşı ona göstərsinlər. Bir nəfər gedib daşı göstərir. İshaq müəllim deyirdi ki, çoban daşı çaldı və daşdan elə bir məlahətli səs qopdu ki, az qalmışdı mən özüm də oynayam. Bir də deyirdi ki, mən maldarların çoxundan, qocasından da, cavanından da soruşanda ki siz nə bildiniz bu daş nağara kimi səs çıxarır və ona "qaval çalan daş" adını kim verib? - hamısı çiyinlərini çəkib deyirdilər: "Nə bilim, ata-babadan, gözümüzü açandan onu "qaval çalan daş" deyə eşidib tanımışıq".

Birlik simvolu

Qobustanda bir neçə qavaldaş var. Lakin bunların arasında böyüklüyünə, səs tembrinə görə ikisi xüsusilə fərqlənir. Onlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir və Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınıb. Həmin daşın orta hissəsində qalınlıq 70 sm-dir. Şərqə doğru isə nazikləşir. Daşın ümumi uzunluğu 270 sm-dir.

Qavaldaşın özünəməxsus cəhətlərindən biri səsin çıxması üçün yerə təmas etməməsidir. Ona görə bu daşı müəyyən qədər torpaqdan yüksəkdə qoyurlar. Alt daşlarla üst daş arasında müəyyən boşluq var, dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir.

Qavaldaş qədim insanlar üçün birlik simvolu idi. Onun ətrafına toplaşaraq dini və bayram mərasimləri keçiriblər. Ayrı-ayrı qəbilələrin üzvləri həm də ova çıxdıqları zaman müxtəlif musiqilər altında rəqs ediblər. Bu gün isə qavaldaş dəyərli abidədir. Cingirdağın ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, qavaldaş da tariximizdən soraq verir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.