Bu gün günorta saatlarında Xalq artisti, tanınmış aktrisa və qiraətçi Əminə Yusifqızı 89 yaşında vəfat edib.
Milli.Az xalq artisti barədə məlumatları sizə təqdim edir:
Əminə Yusifqardaş qızı Yusifova 1936-cı il sentyabrın 24-də Bakıda, Bakıxanov qəsəbəsində anadan olub. Uşaqlığını Sabunçuda keçirib, daha sonra M.F. Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib.
O, 1958-ci ildən Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Milli Dram Teatrında çalışıb. Teatr səhnəsində Humay ("Komsomol poeması"), Ülkər ("Söz yarası"), Əliman ("Ana tarla") kimi obrazları ilə yadda qalıb. Eyni zamanda "Şərikli çörək", "Musiqi müəllimi", "Bizim küçənin uşaqları" kimi filmlərdə də çəkilib, dublyaj və bədii qiraət ustası kimi tanınıb.
Aktrisanın sənət yoluna ailəsi əvvəlcə qarşı çıxıb. O, sənətini qorumaq üçün həyat yoldaşından ayrılmağa məcbur qalıb:
"Onlar deyirdilər, ya səhnə, ya həyat. Mən incəsənəti seçdim" .
Əminə Yusifqızı İrandan olan molla nənəsi ilə böyüyüb, uşaqkən məscidlərdə mərsiyə deyib. Nənəsi ona gümüş qabda bir "Quran" hədiyyə edib və o, illərlə bu Qurani özü ilə gəzdirib.
O, həmçinin Azərbaycanda avtomobil idarə edən ilk qadın sənətçilərdən biri olub və uzun illər Gənc Tamaşaçılar və Milli Dram Teatrlarında çalışıb.
Əməkdar artist adına 46 yaşında, Xalq artisti adına isə 74 yaşında layiq görülüb.
Fidan
Milli.Az