Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah Fransaya qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında iştirak edib.
Milli.Az xəbər verir ki, o, əvvəlcə qarşılaşma barədə danışıb:
"Əlbəttə, bizi sabah önəmli və gərgin oyun gözləyir. Son illərin ən güclü yığmalarından birinə qarşı çıxış edəcəyik. Onların heyətində ulduzlar var, amma biz də hazırlaşmışıq. Bu cür rəqiblərə qarşı oyun bizim üçün önəmlidir. Onların azarkeşləri də komandalarına dəstək olacaq. Rəqib illərdir bir baş məşqçinin - Didye Deşamın rəhbərliyi altında çıxış edir. Bu da üstünlükdür, amma sona qədər mübarizə aparacağıq".
- Matçla bağlı düşüncəniz necədir?
- İlk gündən futbolçuların məşqə yanaşması yaxşı idi. Belə oyunlarda gərginlik olur, futbolçulara təzyiq də olur. Çalışırıq ki, bunu çox da oyuna yansıtmayaq. Çox fikirləşəndə bu da mənfi təsir edir. Futbolçuların əhval-ruhiyyəsini yüksəltmək üçün gəzinti də oldu. İnanıram ki, oyunçular o stresdən çıxıb, oyuna tam hazırlaşacaq.
- Mbappe bildirib ki, sabah Jirunun rekordunu qırmağa çalışacaq. Bu, sizin futbolçuların motivasiyasını artırır?
- Bu futbolçular statistikaları daha yaxşı etmək üçün qol vurmaq, rekordlar qırmaq istəyirlər. Normaldır. Rəqibin son oyunlarını da təhlil etmişik. Mbappenin belə deməsi futbolçularımızda bir az hirsi artıra bilər. Biz daha soyuqqanlı, daha sakit bu oyuna yanaşmalıyıq. Reallıq da var. Bu gün rəqiblə bizi eyni səviyyəyə qoymaq olmaz. Biz də gələcəkdə nələrsə qazanmaq istəyiriksə, bu oyunlarda qazanmalıyıq. Futbolçularımız özlərini göstərməlidilər ki, gələcəkdə özümüzə yaxın rəqiblərə qarşı başabaş ya üstün oynayaq. Fransa ilə son dəfə 20 il öncə qarşılaşmışıq. Güclü komandalarla oynamaq özü də möhkəmlik gətirir.
- Azərbaycan möcüzə üçün nə etməlidir?
- Müasir futbolu təhlil etsək, oyunda şansların kimin tərəfdə olması önəmlidir. Oyuna çox şeylərlə hazırlaşırsan, elə vəziyyətlər olur ki, hər şey alt-üst olur. İnanıram ki, şans bizim tərəfimizdə olacaq. Futbolçulardan istəyim odur ki, nə baş versə də, təslim olmasınlar. Bu, bizim üçün vacibdir.
- Heyəti müəyyənləşdirmisiniz?
- Hazırdır. Son oyuna yaxın heyətdir. İki oyunu düşünüb addım atacağıq. Üç gündən sonra bizi daha çətin matç gözləyir. Ötən oyunlarda 4 günlük pauza var idi, bu dəfə 3 gün. Bəzi oyunçularımız ağır qrafikdən gəliblər. Onlar həm liqada, həm də ÇL-də oynayır. Bütün bunları nəzərə alacağıq. Bütün oyunçularımıza güvənirik. Məşqlərdə də hər kəsin şansı gözlədiyini gördük. Millidə rəqabətin olması vacibdir. Sabah kim oynasa, inanıram ki, öhdəsindən gələcək.
- Özünüzü necə hiss edirsiniz?
- Gözəl hissdir. Mənim üçün də ilkdir. Nələrəsə nail olmaq istəyirsənsə, işlərdən keçirsən. Belə böyük oyun oynamaq biz məşqçilərin gələcəyi üçün şansdır. Avropa və dünya çempionuna qarşı oynamaq, onu təhlil etmək başqa hissdir. Məşqçi heyəti ilə birlikdə futbolçuları oyuna hazırlaşdırmağa çalışdıq.
Milli.Az