Mədəniyyət

"Kurtlar Vadisi": qiyam bombası, yoxsa psixoloji basqı?

2 Aprel 2010 09:59
Baxış: 1 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Kurtlar Vadisi" kimi fenomen yaratmaq qiyam təşkil etməkdən daha çətindir. Hər halda burada professional film ortaya qoymaqdan söhbət gedir.

Azərbaycanda da populyar olan "Kurtlar Vadisi" serialı barədə çoxsaylı iddialardan biri, bu dəfə daha sərt formada üzə çıxıb. Cəmiyyətdə bu filmə olan münasibət də birmənalı deyil. Bir çoxları bu serialı böyük maraqla izləyirlərsə, bu teleserialı eyni zamanda qətiyyən qəbul etməyənlərin də sayı az deyil.

Məsələ burasındadır ki, film ətrafında müşahidələr aparılsa, maraqlı bir tendensiyanın şahidi olarıq. Filmin böyük fanat ordusunun olduğu danılmazdır. Ancaq filmi qəbul etməyən, izləmək marağında olmayanlar da yox deyil. Türkiyənin özündə də "Kurtlar Vadisi" serialına qarşı təpki göstərənlər açıq bəyanatlarla çıxış etməyə çalışırlar. Türkiyənin "Tərəf" qəzetinin yazarı, bu filmin dövlət orqanlarının təlimatıyla çəkildiyini və ölkədə qiyam şəraiti hazırladığını iddia edib.

Bu da bir həqiqətdir ki, film müəyyən fasilələrlə 7 ildir ekranda nümayiş olunur. Televiziyaların ən çox izlənən, ən diqqətçəkən, müzakirə obyekti olan serialların başında "Kurtlar Vadisi"nin durması da sadə əməyin nəticəsi deyil. Çoxseriyalı bir çox seriallar nümayiş olunsa da,  bu serialın izlənmə uğuruna kimsə çata bilməyib. Bu kimi filmlər individual sənət növü sayılmadığı üçün serialın bu qədər uğurlu alınmasında həm yaradıcı, həm də texniki heyətin rolu böyükdür.

Məsələ burasındadır ki, bu filmi əslində ikiyə bölmək lazımdır. Filmin biri "Kurtlar Vadisi" idi. Səhv etmirəmsə, 96 bölümlə bitmişdi. Daha sonra "Kurtlar Vadisi-İraq" ekranlara yol tapdı. Bu filmdə Amerikanın terror siyasəti yürütdüyü göstərilməyə çalışıldı ki, film Amerika tərəfindən də basqıyla qarşılandı. Hətta filmin Amerikada nümayişinə qadağa qoyuldu. Nəhayət, qısa fasilədən sonra  serial "Kurtlar Vadisi Pusu" adıyla yenidən başlandı.

Filmin təməl fəlsəfəsi isə bu idi ki, Türkiyənin qanını soran bir mafiya var. Və dövlət tərəfindən mafiyaya sızdırılmış bir agent.  Bu agentin vəsitəsi tipik mafiyanın kanallarından istifadə edərək mafiyanı məhv etmək və Türkiyəni mafiyadan azad etməkdir.

Hər halda film ətrafında müxtəlif fikirlər bu gün də səslənir.

Filmin yaradıcıları isə filmə təpki göstərənləri cavabsız qoymadılar. "Pana film" şirkəti filmlə bağlı son zamanlar ortaya çıxan iddialara cavab olaraq açıqlama verməyə də ehtiyac duydu: "Kurtlar Vadisi"nin ortaya çıxmasının səbəbi cinayətləri və cinayətkar təşkilatları bədiiləşdirib, ictimaiyyəti onlara qarşı xəbərdar etmək, məlumatlandırmaqdır. "Kurtlar Vadisi" filmi dövlət orqanları tərəfindən manipulyasiya edildiyi barədə iftiralarla həmişə qarşılaşıb. "Kurtlar Vadisi"nin müəllifləri və hazırlayanları bəllidir. Nə "Pana film", nə də ortaqları heç bir qurum, ya da konkret şəxsdən əmr, dəlil, məlumat almayıb. Biz sadəcə, cəmiyyətin problemlərini anlatmaq, bu problemlərin həlli yollarının mümkünlüyünü tamaşaçıya çatdırmaq istəyirik".

Azərbaycan sənətçiləri "Kurtlar vadisi" haqqında nə düşünür?

Bəs görən Azərbaycanda bu filmə maraq baxışı hansı bucaqdan daha çox özünü göstərir? Peşəkar kino işçiləri, rejissorlarımızın "Kurtlar Vadisi" barədə mövqeləri hansı prizmadan özünü göstərir?

Bu suallarla bir çox kino xadimlərimizə üz tutduq. Xalq artisti Rasim Balayev bu filmi seyr etmədiyi və bu səbəbdən film barədə danışmağın düzgün olmadığını xatırlatdı.

Kinorejissor və aktyor Elxan Qasımov da bu filmi izləmədiyini söyləyərək "Mən "Kurtlar Vadisi" deyil, "İnsanların vadisi" ilə maraqlanmağa ehtiyac olduğunu düşünürəm. Türk serialları mənim üçün maraqlı olmayıb".

Xalq artisti Hacı İsmayılovun isə "Kurtlar Vadisi"nə həm professional aktyor, həm də sadə bir tamaşaçı kimi öz baxış bucağı oldu. Hacı İsmayılov film barədə bunları dedi:

""Kurtlar Vadisi" çox maraqlı filmdir. Mütəmadi izləmək imkanım olmasa da, fürsət tapanda seyr edirəm. Bu film türk kinosunun inkişafından xəbər verir. Türk istehsalı olan belə janrda film ilk dəfə idi ki, izləyirdim. Təəssüf ki, filmin əvvəlini izləyə bilmədim, qaçırtdım. Bu səbəbdən də sonrakı axarı tutmaq mənim üçün bir qədər çətin oldu. Filmin izləyiciyə psixoloji təsiri çox güclüdür. Bunu danmaq olmaz. Belə filmlərin çəkilməsi üçün böyük vəsait tələb olunur. Bəzən deyirlər ki, Azərbaycanda niyə belə maraqlı seriallar çəkilmir? Ya da bizdə belə film çəkə bilməzlər. Mən bu fikirlə qətiyyən razılaşmıram. Bizim güclü kino məktəbimiz olub. Nəzərə alsaq ki, eyni zamanda biz rus kino məktəbini də mənimsəmişik, o halda bizdə belə filmlərin çəkilə bilməməsi fikri ilə razılaşmaq olmaz. Bizim istər aktyor potensialımız, istər rejissor professionallığımız bu kimi filmlərin çəkilməsinə tam imkan verir. Sadəcə, bu gün maliyyə problemləri kino sahəsinin inkişafına mane olur. Belə filmlərin çəkilməsi üçün böyük vəsait tələb olunur. Ən azı 5-6 böyük şirkətlər, firmalar filmin çəkilməsinə sponsorluq etməlidirlər ki, seriallar yaransın. Burada telekanalların da rolu danılmazdır. Belə filmlərin çəkilməsində telekanallar maraqlı olmalıdırlar. Türkiyə telekanalları filmlər sifariş verirlər. Maraqlı, ilginc filmlər yaratmaq üçün həm telekanallar, həm ssenaristlər, həm də rejissorlar arasında rəqabət yaranır. Bu da kinonun inkişafına təkan verən amillərdəndir. Bizdə də maraqlı əsərlər var. Eyni zamanda sifariş də verilə bilər ki, tamaşaçının marağına səbəb olan ssenari yazılsın.

Çingiz Abdullayevin kifayət qədər maraqlı əsərləri var ki, onları ssenariləşdirib, filmə çəkəsən. Sadəcə, bunun üçün bir qədər risk və səy lazımdır. Məgər bizim peşəkar aktyorlarımız yoxdur? Var. Hər bir aktyor çəkiliş meydançasında püxtələşir. Seriallar isə aktyorun formalaşmasına təsir göstərir.  "Kurtlar Vadisi"ndə elə aktyorlar var ki, peşəkar aktyor olmasalar da, çəkiliş meydançası onlara potensiallarını üzə çıxarmağa imkan yaradır. Bu filmin psixoloji təsiri də güclüdür.  Bizdə də belə filmlərin çəkilməsi vacibdir. Milli təfəkkürün formalaşması, vətənpərvərlik hissinin aşılanması, milli dəyərin önəmi kimi    amillər filmlər vasitəsilə daha asan olur."

Tamaşaçının psixoloji durumuna təsir

Bu gün ekranlarda nümayiş olunan teleseriallar arasında "Kurtlar Vadisi"nin izləyici auditoriyası daha böyükdür. Bunun obyektiv səbəbləri olduğu kimi, subyektiv tərəfləri də özünü göstərir. Filmin ictimaiyyətə, xüsusilə gənc nəslə təsir qüvvəsinin böyük olması reallıqdır. Məsələ ondadır ki, kriminal hadisələri, mafiya personajları ilə zəngin olan dramaturji ekran əsərləri tamaşaçının psixoloji durumuna təsir göstərə bilir ki, bu da bəzən çözülməsi mümkün olmayan hadisələrin yaranmasına da təsir göstərir. Eyni zamanda bu həm də birmənalı şəkildə o demək deyil ki, bədii ekran əsərlərində bu kimi janrlara müraciət etmək olmaz. Təbii ki, kino aləmində satirik, tragik, melodrama, dramatik və s. janrlar kimi, detektiv janrda olan filmlərin çəkilməsinə də ehtiyac var. Bu səpkidə filmlərin də öz tamaşaçı dairəsi, izləyiciləri var.

Bəziləri üçün melodram maraqlı olmasa da, triller janrına maraq hədsizdir. Bu baxımdan "Kurtlar Vadisi" də detektiv janrda çəkilən, kriminal hadisələrlə zəngin olan trillerdir. O da acı həqiqətdir ki, bu gün bütün dünyada aktual olan bir problem var - mafiya və terror. Kainat illərdir məhz bu problemlə mübarizə aparır. Nə yazıq ki, mafiya, terror qurbanları yetərincədir. Dünyanın ən nəhəng ölkələri ilə yanaşı, inkişaf etməyən ölkələrdə də mafiyalar mövcuddur. Belə filmlərin çəkilməsi, ssenarilərin yazılması rejissor, ssenarist təxəyyülünün məhsulu olsa da, müəyyən mənada bunlar gerçək həyatımızın həqiqi səhifələrindən qaynaqlanır. Sadəcə, bu janrda yaranan istər ədəbi nümunələr, istərsə də ekran əsərləri bir qədər bədiiləşdirilərək, maraqlı personajlar vasitəsilə oxucuya, tamaşaçıya təqdim edilir.

Bəs görən, triller janrında təqdim olunan ekran əsərləri tamaşaçıya psixoloji təsir göstərərkən görünməsi çətin olan hansı xoşagəlməz hadisələrə təsirini göstərə bilər? Kriminal aləmin, mafiya babalarının yaşam tərzi, onların istər dövlətə, istərsə də sadə cəmiyyətə təsir nöqtəsi nə qədər böyük və qorxuncdur? "Kurtlar Vadisi" filminin də məhz kriminal aləmdən bəhs olunduğunu, mafiyanın təkcə bir ölkəyə deyil, bütün dünyaya təsir etmək gücünü əks etdirir. Bu seriallar bir tərəfdən cəmiyyətin gözünü açmağa, problemləri çılpaqlığı ilə görməyə vadar edirsə, digər tərəfdən serialda təqdim olunan müxtəlif hadisələr, mafiyanın güclü olmasının bu və digər şəkildə təbliğinə təsiri də olur. Yəni mafiya ilə bağlı insanların güclü olması ictimai aləmə, xüsusilə gənclərə psixoloji baxımdan mənfi təsir göstərir. Bu, gənclərdə  neqativ meyillər yaradır.

"Hacı Məmmədovla bağlı film çəkilsə, "Kurtlar Vadisi"ndən qat-qat maraqlı olar"

"Kurtlar Vadisi"nə professional kino əsəri kimi baxmaq olar ya, yox? "Kurtlar Vadisi" özfəaliyyət nümunəsidirmi? Bu serial reytinq arxasınca qaçmır ki?

Bütün bu suallarla üz tutduq Əməkdar İncəsənət xadimi, rejissor, folklorşünas Şeyx Əbdül Mahmudbəyova. Bizlər üçün də maraqlıdır ki, Şeyx Əbdül Mahmudbəyov "Kurtlar Vadisi"ni professional ekran əsəri kimi qəbul edir, ya maraqlı özfəaliyyət nümunəsi hesab edir?! Əgər bu film professional rejissor işi deyilsə, nədən tamaşaçı auditoriyası böyükdür? Tamaşaçıları bu filmə fanatca bağlayan nədir?

"Kurtlar Vadisi"nə Şeyx Əbdül Mahmudbəyovun maraqlı baxış bucağı oldu: "Mən bu filmin yalnız "Kurtlar Vadisi İraq"da olan bölümünü seyr etdim. Ümumiyyətlə, çoxseriyalı filmləri izləməyi sevmirəm. "Kurtlar Vadisi"ni seyr etdikdən sonra gördüm ki, özfəaliyyətdir. Baxmayaraq ki, filmin süjet xətti aktualdır, bu gün bir çox ölkələrdə mafiyanın istər cəmiyyətə, istər dövlətə nə qədər təsir etmək gücünə malik olduğu göz qabağındadır. Əslində "Kurtlar Vadisi" filminə professional baxımdan yanaşsaq, güclü rejissor işi yoxdur. Sadəcə, filmdəki hadisələr bu gün cəmiyyətin maraq dairəsində olduğu üçün bu film izlənilir. Təbii ki, bu filmin psixoloji baxımdan cəmiyyətə təsiri də danılmazdır. Ümumiyyətlə, triller janrında olan filmlərdə kriminal hadisələr, eyni zamanda əxlaqi tərəflər tamaşaçıya təsir edə bilir. Hesab edirəm ki, bu səpkidə filmlər ekranlarda nümayiş olunmazdan öncə filmin mahiyyəti barədə ictimaiyyətə məlumat verilməlidir. Bunun üçün xüsusi mütəxəssislər, psixoloqlar, sosioloqlar dəvət olunmalı, mahiyyəti açıqlandıqdan sonra filmdə biri-birini əvəzləyən psixoloji məqamlarla bağlı izahat verilməlidir. Yəni filmin rezumesi bir də müzakirə olunmalıdır. Bu kimi kriminal aləmlə bol olan mafiyadan bəhs edən, ölüm hadisələri ilə dolu olan filmlər nümayiş olunarkən mütləq psixoloq, sosioloq rəyi nəzərə alınmalıdır. Filmdə elə kadrlar ola bilər ki, birbaşa tamaşaçının psixoloji gərginliyinə gətirib çıxara bilər. Ona görə də film mütləq böyük tamaşaçı auditoriyasına təqdim edilməzdən öncə mütəxəssislərin fikirləri öyrənilməli, onların rəyi nəzərə alınmalıdır. Digər tərəfdən belə filmlərin çəkilməsi müəyyən mənada cəmiyyətin gözünü açmağa da kömək edir. Sadəcə, bu məqamlarda bir qədər həssas davranılmalı və hər bir neqativ təsirin olmamasına çalışmaq lazımdır. Qaldı tez-tez belə fikir səslənir ki, Azərbaycanda bu səpkidə filmlərin çəkilməsi mümkündürmü? Niyə də çəkilməsin? Azərbaycan kinosunun böyük ənənəsi var və bu ənənəyə dayanaraq Azərbaycanda barmaqla sayılası olsa belə peşəkar kino rejissorlarımız, ssenaristlərimiz var. Elə Azərbaycanda Hacı Məmmədovla bağlı film çəkilsə, kifayət qədər orada maraqlı hadisələr özünü göstərə bilər. Hacı Məmmədovun cinayətlərinə hələ ki hüquqi xitam və siyasi qiymət verilməyib. Ona görə də bununla bağlı film çəkməyə ixtiyarımız yoxdur. Ancaq Hacı Məmmədovun cinayətlərini əks etdirən film ssenarisi hazırlansa, "Kurtlar Vadisi"ndən qat-qat maraqlı olar. Çünki belə bir filmin çəkilməsi üçün konkret real faktlar mövcuddur. Filmin dramaturji baxımdan mahiyyəti maraqlı olduğu qədər möhtəşəm olar. Çünki bunlar həyatın gerçəkliyi olub və Hacı Məmmədov olayı ilə bağlı hadisələr uydurma deyil. Bu gün Azərbaycanda belə filmlərin çəkilməməsinin yalnız bir səbəbi var. Maliyyə və texniki avadanlığın yetərincə olmaması. Əgər bu problem aradan qalxsa, Azərbaycanda "Kurtlar Vadisi"ndən daha maraqlı ekran əsərləri yaratmaq iqtidarında olan kino xadimlərimiz var. Yenə də qeyd edirəm ki, bunlar barmaqla sayılacaq qədər az olsalar da, hər halda var. Bir məqama da xüsusi diqqət yetirmək istəyirəm ki, peşəkar rejissorlarımız tərəfindən detektiv janrında olan belə filmlər çəkilsə, tədricən özfəaliyyətlə məşğul olan gənclərimiz də bura cəlb olunar və onlar təcrübə toplayaraq gələcəkdə peşəkar rejissor, aktyor kimi çalışa bilərlər. Yenə də qeyd edirəm ki, Azərbaycan kinosunun ənənəsi var və sadəcə, bu ənənəni bərpa etmək lazımdır. Yenə də qayıdıram "Kurtlar Vadisi"nə ki, burada müəyyən hadisələr lazım olandan daha ifrat dərəcədə təqdim olunurdu. Bu da özfəaliyyətin olmasından xəbər verirdi. Təbii ki, bu filmlər cəmiyyətə psixoloji baxımdan təsir edə bilir. Bu gün elə gənclər var ki, həyatı yalnız bu filmin baxış bucağından görə bilir. Təbii ki, bu faciədir. Bu gün müasir gəncliyimiz də iki istiqamətdə inkişaf edir. Bir qisim gənclik dar təfəkkürə malikdir. Onların intellekti tamamilə aşağı səviyyədədir. Belə gənclər "Kurtlar Vadisi" kimi filmləri seyr edərkən neqativ hallara meyilli olmağa başlayır. Çünki təfəkkürləri boşdur. Azərbaycan gəncinin 30 faizi heç nəyə yaramır. Belə gənclər təsir altına tez düşür. Hətta bu, film olsa belə. Cəmiyyətimizin, gələcəyimizin intellektual səviyyəsinin yüksək olmasını, təfəkkürümüzün inkişaf etməsini istəyiriksə, mütləq maariflənmək lazımdır".

Tahirə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.