Milli.Az bildirir ki, modern.az saytı "Kadrarxası" layihəsinin növbəti sayını təqdim edir.
Azərbaycanın xalq artisti, təkrarsız səs sahibi Flora Kərimova ilə birgə "Qanun naminə" filminin kadrarxası tarixinə işıq salırıq.
Arayış: Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. 1964-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu və 1977-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (nümunə üçün "Qaynana" filmində "Dilbərin" ariyası, " Sular qızı" romansı) , milli opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada janrlarının ustad sənətkarıdır. Bir müddət siyasi fəaliyyəti ilə gündəmə gəlməsi sənətkarın səhnədən uzaqlaşmasına da səbəb olub. Sevilən müğənninin bir övladı var.
"Qanun naminə" filmi 1968-ci ildə Süleyman Rəhimovun "Mehman" povestinin motivləri əsasında lentə alınıb. Ekran əsərindəki hadisələr 1930-cu illərdə Azərbaycan kəndində cərəyan edir. O vaxt hüquq-mühafizə orqanlarında baş verən özbaşınalıqlar əsərin baş qəhrəmanı Mehmanın timsalında ifşa olunur. O, vəzifəsinin qanuniliyi naminə öz həyatını qurban verir.
Filmin ssenari müəllifi və quruluşçu rejissor Muxtar Dadaşov, quruluşçu operator Əlihüseyn Hüseynov, quruluşçu rəssam Cəbrayıl Əzimovdur.
Rollarda Bimbolat Vatayev, Flora Kərimova, Adil İsgəndərov, Rza Təhmasib, Nəcibə Məlikova, Hacıbaba Bağırov, Əliağa Ağayev, Nəsibə Zeynalova, Muxtar Manıyev, Ceyhun Mirzəyev və başqaları çəkiliblər.
""Balış"a dəvət edib "Züleyxa" roluna təsdiq etdilər"
Flora Kərimova: "O vaxt rejissor Sultan Dadaşov məni "Leyli və Məcnun" operasında Leyli roluna dəvət etmişdi. Həm xarici görünüşüm, həm də yaşım Leylinin yaşına uyğun idi. Sultan müəllim məlumatlıydı ki, mən muğamı yaxşı bilmirəm, çünki mən muğamı təzə öyrənirdim. İlk dəfə Arif Babayev oxuyanda mən şeir dedim. Muxtar Dadaşov şam səhnəsindəki şeir demə qabiliyyətimi bəyənmişdi deyə, məni "Qanun naminə" filminə dəvət etdilər, özü də "Balış" roluna. Mənə belə dedilər. O vaxt yoldaşım Yaponiyada idi deyə, bildirdim ki, məsləhətləşməmiş bir söz deyə bilmərəm. Nə isə yoldaşıma zəng vurub məsələni ona bildirəndə ki, belə bir təklif var, etiraz etmədi. Mən də çəkilişə getdim. Mənə dedilər ki, "Balış kiçik roldur, uzağı bir gün vaxtını alacaq".
Nəsə mən də buna aldandım, etiraz etmədim. Sən demə, bu vaxt mənə "Balış" deyil, "Züleyxa"nın sözlərini veriblər. Beləcə Bimbolat Vatayevlə (Mehman) birlikdə sınaq çəkilişində olduq. Bir müddət sonra məni kinostudiyaya çağırdılar. Həyətdə rəhmətlik Həsən Seyidbəylini gördüm. Mən onun gözünün qabağında böyümüşdüm. Biz Lermontov küçəsində qonşu evlərdə yaşayırdıq. Elə uşaqlıqdan məni "qızım" deyə çağırırdı. Görüşəndə məni Züleyxa roluna təsdiq olunmağım münasibətilə təbrik etdi. Doğrusu, o vaxt gəncliyin gətirdiyi şıltaqlıqdan irəli gələn bir şey olsa da, nə "Balış"ı istəyirdim, nə də "Züleyxa"nı. Mənim üçün fərqi yox idi. Yəni o vaxt bunu dərk etmirdim, əslində bir çoxlarının fərəhlə, qürurla qarşılaya biləcəyi bu xəbərə çox biganə yanaşdım, içimdə sevinc hissi yaranmadı, adi bir şəkildə studiyaya daxil oldum".
Flora Kərimova filmə çəkilməyi bir şərtlə qəbul edir...
Flora Kərimova: "Beləcə çəkilişlərə start verildi. İlk vaxtlar yoldaşım Bakıda olmadığına görə, bir şərtlə razılıq verdim. Mənimlə bağlı bütün səhnələr Bakıda çəkiləcək, rayonlara getməyəcəm. Dedim ki, burada çəkirsinizsə, çəkin. Beləcə razılığa gəldik. Mənim iştirak etdiyim bütün səhnələr Xırdalanda və Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda reallaşdırıldı. Deməli, Xırdalanda bir həyət evi tapdılar, hansı ki, ora Mehmangilin evi olmalıydı. Gələn qonaqların aş qazanları ilə birgə Mehman və anası tərəfindən evdən qovulması da o evdə lentə alınıb. O səhnədəki kəndliləri canlandıranların yarısı Dram Teatrının, yarısı isə Operettanın aktyorları idi. Qazanda doğrudan da yeməklər yox idi. Samovarı oda qoyub, odu qalamışdılar, amma qazanlar boş idi.
Filmin ilk kadrlarında Mehmanla Züleyxanın zarafatı, öz qaynanasına "siz olmasaydınız, biz rahat yaşayardıq" deməsi kinostudiyanın pavilyonunda ekranlaşdırılmışdı.
Təəssüf doğuran məqam ondan ibarət idi ki, o zaman mən kimlərlə çəkildiyimin fərqində deyildim, dərk etmirdim. Rus məktəbini bitimişdim deyə, Tanrının mənə o cür möhtəşəm insanlarla bir səhnəni paylaşmaq şansı verdiyinin fərqində deyildim. Bu mənim taleyimdə bir naxış idi, amma təəssüf ki, bunu sonradan anladım. Mən bu filmə çəkiləndə insanlıq dərsi keçdim. Məhz həmin kollektivdə mərdlik, kişilik, centlmenlik xüsusiyyətlərini gördüm.
Bir gün avtobusla çəkiliş meydanına gedirdik. Filmdə rol alan Mustafa Mərdanovla (müstəntiq Murtuz Murtuzov) Rza Təhmasib (Qaloş) söhbət edirdilər. Söhbətin mövzusu isə yüngül həyat tərzi keçirən, tanış, ciddi olmayan bir qadın idi. Amma inanın, hər iki insan əsl kişi xarakterinə uyğun olaraq o qadın haqqında o qədər hörmətlə danışırdılar ki...".
Rəhmətlik Nəcibə Məlikova, Hacıbaba Bağırov, Əliağa Ağayev, Sədayə Mustafayeva, Muxtar Maniyev və başqaları hərəsi bir aləm idi. Nəsibə xanım isə ustad idi, onun haqqında nəsə demək artıqdır, o illərə öz möhürünü vurub. Orada səhnələrin birində qadın üzümü təmizləməli idi. Özümü öldürürdüm ki, nə badə sap üzümə dəyməsin. Xanım elə ustalıqla oynadı ki, filmə nə qədər baxdımsa, sapın üzümə dəymədiyini özüm də hiss etmədim".
"Rza Təhmasibin baxışları məni qorxutmuşdu"
Müsahibim bildirir ki, Mehmanla Züleyxanın zarafatlaşan zaman otaq şüşəsinin qəfildən sınması və Qaloşun qırıq şüşədən onları izləməsi səhnəsi kinostudiyanın pavilyonunda ekranlaşdırılıb.
"O an məni vahimə basmışdı. İnanın, bir neçə gün o qorxunun təsirindən çıxa bilmirdim. Çəkiliş getdiyini, Qaloşu oynayanın Rza Təhmasib, hər gün salamlaşdığım adam olduğunu bildiyim halda qorxmuşdum. Məndə xof yaranmışdı. Rza Təhmasib orada o qədər real oynayırdı, elə zəhmli baxışı vardı ki, həqiqətən filmə çəkildiyimi unutmuşdum. Bu aktyorun qüdrətindən irəli gələn bir şey idi, sözlə ifadə ediləsi deyil".
Filmə Absalamın (Ceyhun Mirzəyev) ağlaya-ağlaya gəlib Balışın (K.Sədiyeva) asıldığını xəbər verməsi səhnəsinin çəkilməsilə start verildi. Mən də həmin epizodda var idim. Ömründə bərbərxanaya gedən, öz nazımla oynayan adam deyildim. Sırf bu səhnə üçün bərbərxanaya getdim, saçımı düzəltdirdim. Yadımdan çıxıb ki, filmdə kənd mühiti təsvir olunur, Züleyxa da kənd qızıdır. Qəşəng bir "priçoska" elətdirib üstündən də kəlağayı örtüb gəldim çəkilişə. Rejissor Muxtar Dadaşov xətrimə dəyməsə də, dedi ki, "qızım, siz kənddəsiz, kəndlə qaynayıb-qarşımalısınız. Dedim, Muxtar müəllim, nə olar, kənddəyik, axı mən şəhərdən gəlmişəm. Yenə də bir söz demədi, elə o "priçoska" ilə məni çəkdilər.
Mən bunun film olduğunu unutduğumdan xüsusilə iki səhnədə çox ağlamışdım. Bir Absalamın ağlamasına, bir də Mehmanın meşədə öldürüldüyü səhnədə çox təsirlənmişdim, elə içdən yanaraq ağlayırdım ki... Mehmanın öldürüldüyü səhnə rayonlardan birindəki meşədə çəkilmişdi".
"Mehman"la "Balış" real həyatda sevgili idilər
Flora xanımın sözlərinə görə, Mehmanla Balış real həyatda sevgili idilər. "Məni Züleyxa roluna təsdiq edəndə Bimbolat Vatayevin istəyi üzərinə Balış roluna həmin xanımı çağırdılar. Mən ümumiyyətlə heç nəyin fərqində deyildim.
Bizim yazıçılardan, həmçinin o əsərdən belə, mənim xəbərim yox idi. Tanıdığım bircə Həsən Seyidbəyli idi. Onu da həm qonşu olduğundan, həm də "Uzaq sahillərdə" filmindən tanımışdım. SSRİ-nin adlı-sanlı tanınmışlarını isə bilmirdim. "Kimdir Züleyxa", "nə cür film çəkilir", "kimlərlə çəkilirəm" mən bütün bunların fərqində belə, deyildim. Mənim yerimə başqası olsaydı, fəxr edərdi ki, Balış roluna görə çağırıblar, Züleyxaya çəkiblər. Əsla yox, o hisslər məndən tamamilə uzaqda olub, elə indi də uzaqdadır. Tənbəl idim, çəkilişə, demək olar ki, həvəssiz gedirdim.
Filmdə nə çəkildisə, hamısı efirə getdi. Kəsilən, çıxarılan kadrlar olduğunu xatırlamıram".
"Muxtar Dadaşov peşman oldu"
Flora Kərimova: "Filmdən sonra Muxtar Dadaşov peşmanlıq hissi keçirdi ki, mənə oxumaq üçün mahnı verməyib. Bununla bağlı dedi ki, "çox heyf, səni filmdə oxumağa qoymadım". Buna qədər heç özüm də maraqlanmamışdım ki, niyə mənə mahnı verilmədi. Elə söhbət açılanda soruşdum. Muxtar müəllim cavab verdi ki, "istədim, sən filmdə aktrisa kimi çəkiləsən, amma indi təəssüflənirəm". Həmin vaxt Azərbaycanda filmə çəkilən birinci müğənni idim. Məndən sonra Ruhəngiz Musəvi də filmə çəkildi və çox da uğurlu alındı. Filmə çəkiləndə müğənnilik yadıma da düşmürdü.
Mənim bütün istedadım şeir deməyimdə idi, çünki əruz vəzni mənim qanımdadır. Buna görə də çəkiliş zamanı hansısa improvizə etmək mənlik deyildi. Rejissor "Leyli və Məcnun"dakı şeir səhnəsinə uyğun olaraq pilləkənlərdə dediyim şeir səhnəsini yaratdı, mənim istedadımı o şeirlə açdı.
Şəhərin mərkəzində bir bina vardı, indi sökülüb artıq. Onun da dairəvi pilləkəni vardı. O səhnənin çəkilişində hazırlıq prosesi başa çatana qədər qonşular məni evində qonaq etdi, süfrə açdı, çay verdilər. Hansı ki, həmin səhnədə Züleyxa Mehmana aşiqanə şeir deyirdi.
O qədər belə şeylərdə gözüm yox idi deyə, mənim ruh yüksəkliyim, belə bir filmə çəkilmək kimi şövqüm də yox idi. Baxmayaraq ki, həmin vaxt adlı-sanlı, tanınan bir müğənni idim. Bunları hiss etmirdim deyə, əlavə suallarım da olmurdu. Heç kimin, xüsusilə rejissorun işinə qarışmırdım, təbii, qarışmağa ixtiyarım da yox idi. O dövrdə Adil İsgəndərov kinostudiyanın rəhbəri idi. Mən onun timsalında hər şeydən dərs alan, əsl kişi xasiyyətini özündə birləşdirən bir insanı kəşf etmişdim.
Adətən deyirlər ki, hər hansı film çəkilişində aktyorlar bir-birilə dalaşır, çəkişirlər. Bizim kollektivdə belə şeylər olmayıb. Çox mülayim bir kollektivimiz vardı, bir-birimizə qarşı çox sayğılı idik. Kollektivin ən kiçik üzvüydüm deyə, mənə qarşı çox diqqətli idilər".
"Hamam səhnəsində 2-3 çimərlik paltarı geyindim"
Flora Kərimova: "Hamam səhnəsi İçərişəhərdəki hamamda lentə alınıb. O səhnənin çəkilişində çox utandım. O epizoddakı geyimimə görə çəkinirdim deyə, üstümə atdığım fitənin altından 2-3 dənə çimərlik paltarı geyinmişdim. Çox məzəli olmasına baxmayaraq, düşüncəm bu idi. Hamamda su şır-şır axır, qadınlarla birlikdə həmin səhnəmiz çəkilirdi.
Mənim üçünsə fövqaladə bir şey yox idi. Çünki fövqəladəliyini, mənim üçün nə qədər önəmli olduğunu başa düşmürdüm. İllər keçəndən sonra oturub düşünəndə, ətrafdan eşidəndə ki, filmdə çəkilən birinci müğənniyəm, hansısa anları hətta qızım mənə danışanda anladım ki, bu filmdə rol almaq doğrudan da fövqəladə bir şey olub. Mən bu insanların, nəhənglərin simasında özünütəsdiq dərsi keçdim".
Flora Kərimova deyir ki, film boyu tərəf-müqabili olmasına baxmayaraq, Nəsibə xanım ona nəyisə izah edib başa salmayıb. "Nəinki Nəsibə xanım, ümumiyyətlə, mənə heç kim heç nəyi başa salmırdı. Hətta rejissor da eləcə sözləri verirdi. Mənə sərbəstlik verilmişdi. Demirdilər "bunu belə de", "burada dur", "orada durma".
"Züleyxanın gecə köynəyində qaçdığı səhnəni oynamaqdan imtina etdim"
Flora Kərimova deyir ki, Züleyxanın saat ətrafında qaçdığı səhnədən imtina edib. "Çünki gecə paltarında çəkilməkdən utanırdım. Baxmayaraq ki, anam mənə istədiyim kimi, hətta dekolte geyinməyə də icazə verirdi. Mən kəskin şəkildə "tamaşaçılar nə düşünər" düşüncəsiylə həmin səhnəyə çəkilməkdən imtina etdim. Hətta özüm öz sərtliyimə məəttəl qalmışdım. Amma o vaxt anlamadım ki, onsuz da məni biləcəklər, kimin çəkilməsindən asılı olmayaraq.
Epizodların birində Züleyxanın boynundakı qızıla görə ər-arvad arasında mübahisə yaranır. Oradakı hər şey təbii idi. Mehman qışqırdığı yerdə hər şey mexaniki baş verdi. Çünki heç nəyi dəqiqliyilə bilmirdim. Mehman qışqıranda mən mexaniki olaraq pəncərəni bağladım ki, qonşular səsi eşitməsinlər. Özü də o anda doğrudan da diksinmişdim. Mən düşünmürdüm ki, film çəkilir. Bir fikirləşdiyim o idi ki, ətrafda hamı bizi eşidir. Deyərlər, evdə qışqırırlar.
Nəsə qəribəliyim vardı mənim. Ailədə məni heç vaxt sıxmayıblar. Bircə dəfə Tibb İnstitutuna daxil olmağım üçün istəyini atam mənə yox, anama bildirmişdi. "Mənim qızım gərək ali savadlı olsun, çünki səhnə bu gün var, sabah yox. Mən qızımın gələcəyindən əmin olmalıyam" demişdi. Mən də yalnız bu istək üzərinə Tibb İnstitutunda oxudum.
Rus məktəbində oxuduğumdan rus klassikasını müəkəmməl bilirdim. Azərbaycandan ancaq Səməd Vurğunu tanıyırdım. Çünki onu tanımamaq mümkün deyildi. Bir də Müşviqi tanıyırdm, onun xanımı Dilbər anamla çox yaxın idi deyə, tez-tez bizə gəlirdi. Dilbər xanımın gözəlliyinə hayıl-mayıl olmuşdum. Müşviqin şeiriyyatından xəbərim vardı, çünki xanımı onun haqqında xatirələrini bizimlə bölüşürdü. Amma onda da heç Müşviqin fövqəladəliyinin fərqinə varmırdım. Sadəcə cavan rəhmətə getdiyinə görə ürəyim yanırdı.
Heç vaxt adımla, səsimlə öyünməmişəm, tutduğum mövqeyimi də hiss etməmişəm. Yalnız mahnıdan-mahnıya oxuyanda öz-özümə deyirdim, aaa, nə qəşəng oxudum. Düşünmürdüm də ki, bunu mən oxumuşam, özümə kənardan ayrı bir insana baxan kimi baxırdım. Öyünüm, özümü reklam edim və.s mənlik deyildi. Onu da deyim ki, bu filmdə mənə 4 min rubl yazdılar, onu da kimsəsizlər evinə köçürdüm, vəssalam".
"Bimbolat Vatayev mənim üçün yox idi"
Flora Kərimova: "Qəribə budur ki, tərəf-müqabilim olmasına baxmayaraq, Bimbolat Vatayevin həyatı ilə nə maraqlandım, nə də başqa bir şey. Onun qamətli olması belə, diqqətimi çəkməmişdi, o mənim üçün yox idi. Nə bir insan kimi, nə də tərəf-müqabili kimi onu görürdüm. Bəzən olurdu ki, çəkiliş vaxtı tərəf-müqabilləri ani də olsa bir-birinə qarşı nəsə hiss edir. Məndə bu olmayıb. Obraz olaraq da bağlılığım yox idi. Mənim onunla ünsiyyətim ancaq çəkilişdən-çəkilişə idi. Onunla nə həmsöhbət olurdum, nə də ki işim düşürdü. Mənim üçün çox mexaniki idi. Ancaq sonra onu bir özbək filmində gördüm. Özbək xanını oynayırdı. Onun da nəhəngliyini həmin filmdə hiss etdim. Əvvəl tanımadım. Çünki kökəlib daha da nəhəngləşmişdi. Gözlərindəki gülüşündən tanış gəldi. Titrləri oxuyanda anladım ki, bu "Bibo"dur.
Yaponiyadan qayıtdıqdan sonra bütün çəkiliş prosesində həyat yoldaşım mənimlə olurdu, mənim nazımla oynayırdı. O qədər ərköyün idim ki, çəkiliş müddətində yoldaşım bir də baxırdın qonaqlıq verirdi, fasilədə kabab gətizdirirdi. Orada məni əsl xanım kimi hiss etdirirdi. Əsl mənada xanım idim. Maşınla aparıb, maşınla gətiridi. Çəkilişlərdə otururdu. O vaxt inistitutda dərs deyirdi deyə, arada qaçıb leksiyasını deyib gəlirdi. O işimin əhəmiyyətini məndən artıq başa düşürdü.
Əgər sabah hansısa konsertdə iki mahnı oxuyacaqdımsa, yoldaşım məni bir gün əvvəldən qoruyurdu ki, əsəbləşməyim, səsim yata bilər. O sənəti sevən insan idi. Bu baxımdan çox azad idim. Mənə nə fiziki, nə də mənəvi basqı olub. Hətta çəkilişlərdə mənə azadlıq vermişdilər. Mən anlamırdım ki, bu, hər adamın payına düşmür. Səhnələr ən çox iki dubla çəkilirdi. Aktrisa olaraq ən təcrübəsizi mən idim. Sonra anladım ki, Muxtar müəllim təbii olum deyə, məni çərçivəyə salmamışdı. Ağlamaq səhnələrində özüm ağlayırdım. İçimdən kimsə deyirdi ki, ağla. Mətni oxuyurdular, onda yaddaşım yaxşı idi deyə, ikinci oxunuşda yadımda qalırdı.
İndi filmi izləyəndə hər şeyə soyuq maraqla baxıram. Çünki heç vaxt özümə bəyənib-bəyənməmək baxımından yanaşmamışam, kritik yanaşmışam, çatışmayan cəhətlərimi ətrafımdakılarla bölüşüb, danışıb gülmüşəm".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Mədəniyyət
"Qanun naminə" filminin kadrarxası: "Onlar real həyatda sevgili idilər" - FOTO
18 Oktyabr 2014 18:42
1 Şərh
Baxış: 22 278
DİGƏR XƏBƏRLƏR
- Xalq artisti: "Sən, heç "sənətin qapısı" nədir, onu görməmisən" - VİDEO
- COP 29 mədəni tədbirləri çərçivəsində ”Sərhədsiz musiqi” konsert proqramı keçirildi - FOTO
- Məzardan dünya tarixini dəyişə biləcək əşya tapıldı - FOTO
- Filarmoniyada COP29-a həsr olunmuş növbəti konsert keçirilib - FOTO
- CINEMO və TikTok əməkdaşlığı inkişaf edir
- Leyla və Arzu Əliyevalar COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar - FOTO
XƏBƏR LENTİ
- Məşhur müğənninin "parkovşik"ə verdiyi pul təəccübləndirdi - VİDEO
- Bakıda jurnalisti maşın vurdu - FOTO
- Azərbaycanda canavar sürüsü sakinləri qorxuya saldı - VİDEO
- Sürücülərə şad xəbər - bu prospektdə qəzaların sayı azalacaq - FOTO
- Bu yol nişanlarının sökülməsinə başlanıldı
- Bayden nə danışdı, özü də bilmədi - VİDEO
- Bu bürclərlə "kilometrlərlə" məsafə saxlayın
- Nikol Paşinyanın Bakıya yeni “təklif”ləri var
- Azərbaycanda güclü zəlzələ oldu
- İstirahət günü hava necə olacaq?
- Osimheni kölgədə qoyacaq yeni transfer - Ulduz futbolçu "Qalatasaray"ın hədəfində
- Dövlət qurumları plan hazırlamalıdır - Əli Əsədov qərar imzaladı
- Vüsalənin başına oyun gəldi: "O, Nadirlə Manafı da aldadıb"
- Sahibkarlar bunu 6 il məcburi qaydada tətbiq etməlidirlər - Yeni QAYDA
- 31 min nəfərə pensiya təyin edilib
- Annalena Berbok Bakıda görün nə etdi - Almaniya-Azərbaycan arasında növbəti gərginlik
- Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı kimdir? - YENİLƏNİB
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
- Türkiyədə robot müəllim oldu - Şagirdlərə belə dərs keçir - VİDEO
- Rusiyanın xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO
- Bir gecədə qiyməti kəskin düşə biləcək maşınlar
- “Google Chrome”da təhlükəsizlik yoxlamasını necə həyata keçirmək olar? - VİDEO
- Bu deputatlara mənzil verildi - Bəziləri imtina etdi
- "Azərbaycan və Ermənistan yeni delimitasiya sahəsi seçəcək"