Türkiyənin populyar ulduzu Tarkan uzun müddətdir ki, ifaları ilə türk, eləcə də xarici tamaşaçıların sevimlisinə çevrilib. Mahnıları dillər əzbərinə çevrilən Tarkan mətbuata açıqlama verməkdən imtina etdiyini söyləmişdi. Ancaq bu dəfə ifaçı Türkiyənin məşhur "Elle" jurnalı üçün danışıb. O, çıxışında heç də kaprizli biri olmadığını, məşhurluqdan əvvəl necə idisə, indi də elə biri olduğunu deyib. Meqastarın sözlərinə görə, aşiq olanda axan sular belə dayanır. "Eşqin gözü kordur" sözü isə məhz megastar üçün söylənilib.Tarkan: "Hər kəs kimi rahat şəkildə İstanbulun küçələrini gəzmək üçün burnumun ucu göynəyir"
Şöhrətin yalan olduğunu sonradan anladım
- Tarkan bəy, uzun müddətdir ki, səhnədəsiniz. Konsertlərinizə minlərlə insan toplanır. Minlərcə insanın eyni anda adınızı səsləməsi necə bir duyğudur?
- Bu çox mükəmməl bir hissdir. Özümə ən rahat yerin səhnə olduğunu desəm, inanarsınızmı? Elə hesab edirəm ki, həmin an dünyalar mənim olur.
- Zamanı yetişib deyə, bu sualı mütləq verməliyəm. Niyə hər kəs Tarkana hücum edir? Bu yolla nəsə əldə etmək istəyirlər?
- Əslində bununla onlar heç nə də əldə etmirlər, hətta bir qədər də dəyərlərini itirirlər. Çünki mənə hücum etmək məni dinləyənlərə və sevənlərə də hücum etmək deməkdir. Mən onlara cavab vermirəm. Bəlkə də bir az onları sakitləşdirməyim lazımdır. Çünki ilk vaxtlar özümü təkəbbürlü, yuxarıdan aparmışam. Türkiyədə albomum ilk çıxdığı zamanlarda Maykl Cekson kimi mühafizəçilərlə ortaya çıxırdım, daha nələr vardı... Bəlkə də özümü bir az yekəxana aparmışam, həmkarlarımdan bəzilərinə yuxarıdan aşağı baxmış ola bilərəm. Şöhrətin yalan olduğunu sonradan anladım və xoş niyyətli mesajlar verdim onlara. Amma görürsünüz, yenə də alınmır, bəlkə də həqiqətən həzm edə bilmirlər. Mənə qara yaxmaq, daşlamaq, sataşmaq bir az da dəb halını alıb.
- Ulduz olmaq necə bir hissdir? Üstəlik, bir də Tarkan olmaq...
- Ulduzların da daxilində özlərinə məxsus iyerarxiyası var. Mənə görə şöhrət bu həyatdakı ən çətin sınaq və fəth edə biləcəyim uzun bir yol deməkdir. Zirvəyə doğru getdiyim həmin yolda qəlbinizdə milyonların sevgisi və onlara qarşı duyduğunuz məsuliyyət hissi ilə o yola davam etmək heç də uzaqdan göründüyü kimi asan deyil.
- "İstanbul Ağlıyor", "Sen gideli buralardan", "Yolunu gözlemekteyim", "Yastayım sevgilim" kimi mahnılarınızda sanki ayrılıq acısı çəkirsiniz. Sizin kimi bir ulduzun ayrılıq acısı çəkməsi insanlara qəribə gəlir.
- Bəzən insanlar bizim onlardan biri olduğumuzu unudurlar. Mən məşhur olmamışdan öncə kim idimsə, bu gün də eyni insanam. Şöhrət insanın həyatını bir yerə qədər dəyişir. Nə qədər dəyişsə də, məşhur olmamışdan öncə nə düşünür və nələr hiss edirsənsə, ondan sonra da eyni hissləri keçirirsən. Bütün olanlara baxmayaraq, insanın duyğuları eyni, əvvəl olduğu kimi qalır. Duyğular insanları bərabərləşdirir. Hər kəs ağlayır, acı çəkir, gülür, sevinir, həsrət çəkir və sair. Biz də hər kəs kimi o hissləri keçiririk.
- "İstanbul Ağlıyor" mahnısında Tarkan doğrudanmı İstanbul üçün ağlayır, yoxsa orada başqa bir miskinlik, xəyal qırıqlığı var?
- Həmin mahnıda Tarkan bitən münasibətlər üçün ağlayır desək, məncə, daha doğru olar. Hamımız qarşı tərəflə münaqişə aparır və nəticədə ayrılırıq. Hesab edirəm ki, bu qədər acıların içində insana ən pis təsir göstərəni, daxilən, insanın ruhunu yaralayanı ayrılıqdır. Həmin anları yaşayanda bir müddət səssizcə dənizə baxıram. Əgər mənə sual etsəniz ki, məşhur olmaq sizə sıxıntı gətirirmi, deyərəm ki, İstanbulun küçələrini gəzmək üçün burnumun ucu göynəyir. Hər kəs kimi əllərimi-qollarımı sallayaraq rahat şəkildə İstanbulun küçələrini gəzmək üçün çox darıxmışam.
Həqiqi sevgiyə təslim oluram
- Sizi nə ələ keçirir, nəyə təslim olursunuz?
- Ürəyi sevgi ilə döyünən insanlar mənim qəlbimi tez ələ keçirir. Bir də yüksək zəkalı insanlar mənim qəlbimi çox tez ələ almağı bacarırlar. Bundan başqa, təbiəti çox sevirəm. Gözəl bir musiqi və bir mahnı mənim ruhumu tamamilə yerindən oynadır. Ən önəmlisi isə, mən həqiqi sevgiyə təslim oluram.
- Aşiq olmaqdan qorxursunuzmu?
- Bizdə bir söz var: "Aşiq olanda axan sular belə dayanar". Mən bu sözə çox inanıram və bu doğrudan da belədir. "Eşqin gözü kordur" sözü sanki mənim üçün söylənilib. Aşiq olmaqdan qorxmuram. Tam əksinə, mən bir eşq adamıyam.
- Eşq üçün komik şeylər etmisinizmi?
- Hərdən olur ki, sevdiyim qadın üçün komik hərəkətlər edim. Lazım gələndə sevdiyim insan üçün hər şeyi gözə alaram. Hesab edirəm ki, əgər insanlar eşqlə yaşasa, daha artıq aşiq ola bilsələr, bu dünya daha çox sevimli və həyat dolu olardı. Elə hesab edirəm ki, dünyanı gözəllik deyil, eşq xilas edəcək.
- Meqastar Tarkan necə bir eşq yaşamaq istəyərdi?
- Saf, hesabsız, kitabsız bir eşq yaşamaq istəyirəm. Mənim üçün saflıq və səmimiyyət daha önəmlidir. Bu gün elə bir cəmiyyətdə yaşayırıq ki, eşq deyə oynanılan oyunların adına da eşq deyilər və hesab edirlər ki, həmin insanlar aşiq olublar. Ancaq əslində bu, heç də belə deyil. Məncə, eşq çox təmiz, hesabsız, kitabsız bir hissdir. Onun yeri əvəzolunmazdır.
- Tarkanın özündə bəyənmədiyi xüsusiyyət nədir?
- Mən sevgidə çox safam. Hər kəsə inanıb, güvənib eləcə yaşamağı seçirəm. Ancaq bəzən xəyal qırıqlığına uğrayıram. Hesab edirəm ki, bu da məndə mövcud olan ən pis xüsusiyyətlərdən biridir.
- Kamera qarşısında çox rahat görünürsünüz. İçiniz də kənardan göründüyü qədər rahatdırmı, yoxsa tamaşaçılara elə təsir bağışlamaq üçün özünüzü elə aparırsınız?
- Həm də çox. Daxilən də xaricdən göründüyü kimi çox rahatam. Kameralarla və manşetlərlə yaxşı yola gedirik (gülür). Hələ ki, elə bir problemim yoxdur.
- Gələcəkdə musiqidən kənar hansı layihələrə imza atmağı düşünürsünüz?
- Mən bu ölkənin övladıyam. Ölkəmdə çox aktiv insanam. Özümü bu ölkənin sənətçisi kimi çox önəmli hesab edirəm. Musiqidən kənar isə qız uşaqlarının təhsilinin davam etdirilməsi mövzusunda bir sıra layihələrim var. Belə ki, Müasir Yaşam Dəstəkləmə Qurumuna bəzi layihələr təklif etməyi düşünürəm. Kimsəsiz uşaq evlərində yaşayan uşaqlarımızın şəraitini yaxşılaşdırmağa çalışan MİKADER-in (Minik Kalplere el-ele derneyi) çalışmalarını dəstəkləyirəm.
Kaspi.az