Milli.Az bildirir ki, modern.az saytı "Kadrarxası" layihəsini davam etdirir. Bu həftə hər kəsin marağına səbəb olan, böyük sevgi üzərində qurulan bir filmin kadrarxasına nəzər salacağıq.
"Kadrarxası"nda bu dəfə "Təhminə" filminin çəkilişlərindən söz açacağıq. Filmdə Zaurun anası Zivər obrazını canlandırmış Azərbaycanın xalq artsiti Zərnigar Ağakişiyeva o günləri xatırlayacaq.
Arayış: Quba rayonun Rustov kəndində doğulub boya-başa çatan Zərnigar Fəti qızı Ağakişiyeva 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris Teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Özünü bütövlükdə sənətə həsr edən aktrisa ailə həyatı qurmayıb.
"Təhminə" filmi 1993-cü ildə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılıb. Quruluşçu rejissor Rasim Ocaqov, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Rafiz İsmayılov, bəstəkar Emin Sabitoğlu, filmin direktoru Nadir Əliyev olub. Filmdə "Küçələrə su səpmişəm" xalq mahnısından, həmçinin Frederik Şopenin musiqisindən istifadə edilib, Rafiq Babayevin instrumental ansamblının ifası yer alıb. "Əlvida" mahnısını Rafiq Babayev ifa edir. Rollarda Fəxrəddin Manafov, Meral Konrat, Zərnigar Ağakişiyeva, Həsən Məmmədov, Həsənağa Turabov və başqaları çəkiliblər.
Film iki gəncin alovlu məhəbbbətinin uğursuz sonluğundan bəhs edir. Fəxrəddin Manafov və Meral Konrat filmdə o qədər canlı oynayırlar ki, hətta insanlar onların gerçək həyatda da sevgili olduğunu düşünürdü. Lakin sonralar açıqlama verən cütlük bunun sadəcə şayiə olduğunu bildirdilər... Film boyu Rasim Ocaqov emosiyaları çox gözəl duyur və onları ötürə bilirdi. Aktrisa qeyd edir ki, elə anlar olurdu ki, rejissor hər şeyin necə çəkiləcəyini açıq-aydın təsvir edirdi. Hətta Təhminə və Zaurun üzlərinin rakurslarını belə, görə bilirdi.
"Rolumu başqası oynasa idi, qısqanardım..."
Zərnigar Ağakişiyeva: "Təhminə" tamaşa olaraq Azərbaycan Dövlət Dram Teatrının səhnəsində dəfələrlə oynanılmışdı. Orada mənim də payıma ana rolu düşmüşdü. Mən də, tamaşaçı da həmin rolu sevirdik. Hər dəfə səhnəyə çıxanda tamaşaçı rəğbətini hiss edirdim. Tamaşanı çox həvəslə oynayırdım. Filmə çəkilməyimi Rasim Ocaqov təklif etdi. Saçım ağarmışdı. O zaman saç boyası da az tapılırdı. Başıma çalma bağlamışdım. Bir gün Rasim müəllim dedi "səni filmə çəkmək istəyirəm". Başımdakı çalmanı açmağımı istədi. Mən də istəmirdim ki, ağarmış saçlarımı görsünlər. (gülür). Rasim müəllim dedi "mənə elə belə lazımsan". Rasim Ocaqov rolu mənə təklif edəndə böyük məmuniyyətlə razılıq verdim. Əksi ola bilməzdi, çünki rolumu başqası oynasa idi, qısqanardım. Çəkilişlər başladı və biz Rasim müəllimlə çalışmalı olduq".
Aktrisa deyir ki, filmdən fərqli olaraq tamaşada ehtiras, coşqu, gərginlik daha çox əks olunurdu. Film tamaşaya nisbətən daha sakitdir. Deyiləcək sözlər baxışlarda əks olunur, bəzən susqunluq olan səhnə sözün ifadə edə bilmədiyini ekrandan deyir. "Belə ifa daha çox Fəxrəddin Manafovun rolunda özünü göstərirdi. Film boyunca bunu aydın görmək olur. Baş verən hadisələr onun hisslərində yaşayırdı".
"Çəkiliş vaxtı Meral Konratı görmürdüm"
Dövlət xəttilə çəkilən filmin çəkilişləri təxminən bir ildən çox vaxt aparır. Arada yaranan maliyyə problemləri çəkiliş vaxtının uzanmasına səbəb olur. Hər filmdə olduğu kimi çəkilən, lakin efirə getməyən kadrlar çox olur.
Zərnigar Ağakişiyeva: "Türkiyəli aktrisa Meral Konratla mənim çəkilişlərim eyni gündə olmurdu. Bizim heç təmasımız da yox idi. Onun çəkilişləri əsasən Fəxrəddinlə olurdu. Mənim onunla telefon səhnələrim olub. Film boyu qarşılaşmırdıq da. Yalnız studiyada 2 dəfə qarşılaşmışdıq. Onda da "salam"dan başqa bir söhbətimiz olmayıb. Son dəfə Bakıya gəldiyi zaman Xətai rayonu ərazisində bir tədbir vardı, orada görüşdük. Heç Fəxrəddin Manafovla da əlaqələrim yoxdur. Çox az hallarda görürəm. Hərə öz işindədir. Yalnız çəkiliş müddətində əlaqələrimiz olurdu. Dostluq yaranmamışdı deyə, əlaqələr indi də yoxdur".
Aktrisa qeyd edir ki, çəkildiyi vaxt alınmayan, çətinlik çəkdiyi səhnə olmayıb. "Buna görə də, rejissor hər zaman məndən razılıq edirdi. Rasim müəllim çəkiliş vaxtı əsəbi, gərgin olurdu. Elə mən də. Bir gün daha çox gərginlik hiss olunurdu. Mən çox emosional idim, mənə bildirdi ki, bir az sakit ol, bura teatr deyil, hisslərini cilovla".
"Rasim müəllimə çox yalvardıq..."
Filmdə Zaurun valideynlərinin Təhminənin ünvanına söyüş işlətdikləri epizod var. Ata rolunu oynayan Həsən Turabov bu söyüşü işlətməmək üçün rejissordan çox xahiş edir.. Amma Rasim Ocaqov razı olmur...
Zərnigar Ağakişiyeva: "Biz Həsən Turabovla birgə Rasim müəllimə yalvarırdıq ki, ayıbdır, tamaşaçı bizdən efirdə belə sözlər eşitməyib, çıxardın bu sözləri. Həsən müəllim dedi ki, "mən deməyəcəyəm o sözü... Mənə yaraşmır axı, pis sözləri dilimə alım". Rasim müəllim yek kəlmə dedi ki, "yox! Deməlisiz. Vəssalam!" Biz də məcburən rolumuz gərəyi söyməli olduq. Əslində həmin sözlərin olması təbiidir. İstər-istəməz hər hansı bir insan əsəbi halda yaxşı söz danışmır. Bu təbii hal filmdə də öz əksini tapır. Amma bu o demək deyil ki, Təhminə həmin sözlərə layiqdir. Sadəcə Zivər öz oğlunu qorumaq istəyirdi. Onlar tanınmış ailə idilər, oğlunun bəsit qadınla ailə qurmasını istəmirdi. Azad həyat tərzi keçirən Təhminəyə söz tez yapışırdı. Təhminə boşanmış qadın idi. Əslində oradakı ana özlüyündə haqlıdır".
Təhminənin mübarizədən əl çəkməsinin başlıca səbəbi övladının olmamasıdır. Təhminə hər şeyi adlayıb keçərdi, təkcə Zaurun xoşbəxtliyindən başqa. O başa düşürdü ki, qadın kimi Zaura bəlkə də dünyaları bəxş edə bilər, ancaq heç vaxt ona övlad verə bilməyəcək...
Cavan, gözəl, uğurlu, hamı üçün əlçatmaz və öz dövrünə görə proqressiv olan qadın televiziyada işləyir və dedi-qoduların müzakirə mövzusudur. Amma o, ancaq Zauru sevirdi və bu sevgi ilə də öldü. Bu problem bu gün də var: qadın uğurlu, müstəqil və məşhurdursa, onu sevmirlər və tez-tez onun haqqında yalan söhbətlər danışırlar. Ancaq buna baxmayaraq, Təhminə Zaurla görüşməklə səhv etdi, o, ərdə idi və bu o zaman ona qarşı əsas arqument oldu.
"Bəzən öz etdiklərimə görə xəcalət çəkirəm"
Zərnigar Ağakişiyeva: "Çəkiliş müddətində narazılıq mütləq olur. Hələ cavan vaxtı daha çox olur. Peşəyə, sənətə olan maraq, sevgi bir az da özünü paxıllıqla biruzə verir. Rolları, səhnəni qısqanmaq olur. Öz adıma deyirəm ki, hərdən elə şeylər yadıma düşəndə xəcalət də çəkirəm. Bu sənətdən asılı olmayaraq hər bir gənc insanda baş verən hallardır. Zaman keçdikcə insan böyüyür. İnciklik olmuşdu, oldu, keçdi".
"Pavilyon çəkilişləri daha çox xoşuma gəlirdi"
Zərnigar Ağakişiyeva: "Çəkilişlər əsasən Bakıda pavilyonda aparılıb. Fəxrəddinin nişanlı dövrü, səyahətə getmələri, atasının onun üçün maşın alması Türkiyədə çəkilib. Filmdə Zivərgilin evi pavilyonda qurulmuş ev idi. Yəni ev tikilir, sırf çəkiliş üçün. Bu zaman divarlar tikilir, yuxarıdan işıqlar qoyulurdu. Mənim üçün studiya çəkilişləri daha xoş idi".
Filmdə əvvəlcə Zaur rolunu başqa aktyor oynayır. Həmin aktyor artıq filmin yarısınadək çəkilməsinə baxmayaraq, Meral Konrat tərəf-müqabilindən narazı qalır. Aktyor M.Konratda heç bir emosiya oyatmadığından çox narahat olur. Bir həftə sonu aktrisa İstanbula qayıdır, o zaman rejissor ona zəng edir və bildirir ki, filmi başdan çəkməyə başlayacağıq və Zaur rolunu da Fəxrəddin Manafov oynayacaq. Fəxrəddin Manafovun yaradıcılığına yaxından bələd olan aktrisa çox sevinir.
"Sevgi səhnələrinin çılpaqlıqla əksi Azərbaycan efiri üçün deyildi"
Zərnigar Ağakişiyeva: ""Təhminə"dəki intim səhnəsi o dövr üçün yenilik idi. "Olmaz" dediyimiz şeylərə yer verilirdi. Bu artıq yenilik idi. Şəxsən mən bu yeniliyin əleyhinəyəm. Hər şeyi çılpaqlığı ilə göstərmək doğru deyil deyə, düşünürəm. Bu fikrimə görə məni qınayanlar da ola bilər. Kimsə mənə geridəqalmış da deyə bilər. Düşünürəm ki, ekran onun yeri deyil. O hissləri çılpaqlığı ilə açmaq mənə bir tamaşaçı kimi xoş deyil".
"Çəkiliş yüksək əhval-ruhiyyədə keçirdi"
Zərnigar Ağakişiyeva: "Çəkiliş heyəti tərəfindən Rasim Ocaqova, Anar müəlimə çox böyük hörmət vardı. Hər şey mədəni, konfliktsiz davam ediridi. Filmdə rejissor nə tələb edirdisə, onu oynayırdıq, improvizələr olmadı. Bütün rolları özününküləşdirilmiş şəkildə oynayırdıq. Teatrda tamaşa oynanıldığı müddətdə onsuz da sevilirdi, amma film çəkiləndən sonra həmin sevgi birə beş artdı. Hətta tamaşaçılar küçədə görəndə də filmə olan rəğbətlərindən danışırdılar. "Təhminə"dən əvvəl bir neçə filmdə epizodda oynamışdım. Bu rol filmdəki ilk böyük rolum idi".
Mərhum Rafiq Babayev bu filmə gözəl "Əlvida" mahnısını yazıb: "Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan". Bu ürəkdən gələn sözlərdir və bu sözlərdə Zaurun fikirləri, onun daxili aləmi hiss olunur. Təhminəni qazanmaq ona necə çətin olmuşdu və necə asanlıqla o, Təhminədən ayrıldı. O evləndi və rahat şəkildə yaşamağa davam etdi...
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




